Yelena Sokolova QIZIL ÜRƏK Uşaqlar və böyüklər üçün nağıllar Nohur Balaca bir nohurda xoşbəxt ördək üzürdü. Budur, örədk üzdü, suya baş vurdu, silkələndi və sahilə çıxıb hündür otların içində gəzməyə getdi. Bu nohurda xoşbəxt bir qurbağa da üzür, sulara dalırdı. Və budur qurbağa üzdü, suya baş vurdu, silkələndi və sahilə hoppanıb hündür otların içində gəzməyə yollandı. Burada ördəklə qurbağa rastlaşdı. Qurbağa dedi: — Salam, ördək! Sən necə də gözəlsən! — Salam, qurbağa! Sən də gözəlsən! Sonra ördək qurbağadan soruşdu: — Sən harada yaşayırsan? Qurbağa cavab verdi: — O! Mənim çox gözəl nohurum var! Onun çox şəffaf suyu var, sahildəki otlarda isə dadlı ağcaqanadlar var! — Əla! Mənim nohurumun də suyu təmizdir, ətraf isə dadlı ağcaqanadlarla doludur! Gəl, mənim qonağım ol! Qurbağa sevindi: — Böyük məmnuniyyətlə! Ördək qurbağanı öz nohuruna apardı. Onlar həmin yerə gəlib çatanda qurbağa çaşıb qaldı: — Sən məni mənim nohurumda özünə qonaq edirsən? Ördək də heyrətləndi: — Sən nə üçün mənim nohurumu özününkü adlandırırsan? Qurbağa və ördək mübahisə etməyə başladılar. Amma nohurun kimə aid olduğunu heç cürə aydınlaşdıra bilmədilər. Nəhayət, mübahisə etməkdən yorulub belə qərara gəldilər ki: — Yarışacağıq! Hansımız qarşıdakı sahilə tez üzsə, onda bu nohur da onundur! Belə də etdilər. Qurbağa və ördək suya atıldılar, var gücləri ilə pəncələrini işlədib bütün nohuru ləpələndirdilər, suyun dibindəki lili suyun üzünə qaldırdılar və… Qarşı tərəfdəki sahilə eyni vaxtda üzüb çatdılar. Həyəcanlandılar, hirsləndilər — amma yenə də aydın olmadı ki, nohur kimindir. Qurbağa təklif etdi: — Belə edək: kim çubuğu daha uzağa tullasa — nohur onundur. Ördək razılaşdı: — Başlayaq! Tullamağa başladılar. Bütün nohuru çubuqlarla, ağac yonqarları ilə, budaqcıqlarla zibillədilər. Amma yenə də heç cürə aydınlaşdıra bilmədilər ki, onlardan hansı daha uzağa tullayır. Bu vaxt nohura Danya adlı oğlan gəldi. Onun əlində özünün düzəltdiyi gəmi vardı. O, nohurun vəziyyətini, gücdən düşmüş qurbağa və ördəyi görəndə, az qaldı ki, ağlasın. Danya öz gəmisini sahildə qoydu, özü isə evlərinə tələsdi. O, geri qayıdanda özü ilə tor gətirmişdi. Danya bu torla bütün zibilləri sudan tutub çıxartdı. Suya batmış qol-budaqlı ağacı elə düzəltdi ki, onun budaqları suya sallansın və qurbağa onun budaqları altında gizlənə bilsin. Sonra qurbağanı ora yerləşdirdi. Danya ördəyi götürüb səliqə ilə suya buraxdı və qarşısına bir tikə bulka qoydu. Bundan sonra Danya öz gəmisini suya üzməyə buraxdı, özü isə sahildə durub onu izlədi. Ördək qurbağaya dedi: — Bilirsən, bu nohur kimindir? Qurbağa cavab verdi: — Bilirəm, Danyanındır. Danyanın nohurunda yaşamaq mənim xoşuma gəlir! Ördək sevinə-sevinə dedi: — Mənim də! Ördək bunu deyib su böcəyinin ardınca suya baş vurdu. Arılar İsti yay günlərindən birində iki arı hərəsi bir vedrə götürərək öz yuvalarından şirə dalınca uçdular: «J-j-j…» Arılar çəmənlikdə gözəl bir çiçək gördülər və onun üzərində baş-başa toqquşdular. Birinci arı vızıldadı: — Bu ki, j-j-j mənim gülümdür! İkinci arı cavab verdi: — Yox, bu, mənim gülümdür! Elə bu vaxt o tərəfdən yanından hər şeylə maraqlanan bir arı uçurdu və onların mübahisə etdiyini görüb vızıldadı: — J-J-J siz burada nə edirsiniz? Tərs arılardan biri cavab verdi: — Bal yığırıq. Hər şeylə maraqlanan arı təəccübləndi: — Nə yaman çox yığmısınız… Yaxınlıqdan uçan bir kəpənək mübahisə edənlərin cavab verməsinə maneçilik törətdi. Bu kəpənək də arılar arasında baş verən mübahisə ilə maraqlandı. O, heyrətlə soruşdu: — Sizə nə olub belə? Hər şeylə maraqlanan arı mübahisə edənlərin yerinə cavab verdi: — Onlar bal yığırlar. Kəpənək dilləndi: — Necə də qəribədir. Rəfiqəsi ilə baş-başa toqquşan arılardan biri dedi: — Heç bir qəribəliyi yoxdur, biz ədalət uğrunda mübarizə aparırıq. Cəsur döyüşçülər kimi! Kəpənək zarafatla dedi: — Elə bilirsiniz ki, buna görə sizə medal verəcəklər? Birinci arı sevindi. — Eşitdin? Bu möhkəmliyimizə görə bizə medal düşür. İkinci arı öz qərarını bildirdi: — Hə, indi mən heç geri çəkilməyəcəm. Ölənəcən duracam! Bir tərəfə çəkilib onları kənardan müşahidə edən hər şeylə maraqlanan arı kövrələrək dilləndi: — Özünüzə gəlin, hamı sizi ümidlə gözləyir ki, siz nə vaxt şirə gətirəcəksiniz. Bir-birinizə güzəşt edin. Bir baxın, ətrafda nə qədər gözəl güllər var! Dirənən arılardan biri təəccübləndi: — Əgər gülü j-j-j güzəşt etsəm… necə şirə yığaram, axı? İkinci arı da onun sözünü təsdiqlədi: — Düzdür. Əgər bir-birimizə güzəştə getsək, şirəsiz qalacağıq. Hər şeylə maraqlanan və bu səhnəni müşahidə edən arı dərindən nəfəs alıb qəmgin halda burnunu salladı. Sonra isə uçaraq çəmənliyi bürüyən çiçəklərdən şirə yığmağa getdi. Öz gözəl qanadları ilə tərs arıların ətrafında dövrə vuran kəpənək bir anlığa duruxaraq incə tərzdə dilləndi: — Mən haradansa eşitmişəm ki, öz mənfəətini deyil, başqasının mənfəətini axtarmaq lazımdır. Tərs arılardan biri ayıldı və öz rəqibinə müraciət etdi: — Eşitdin, sən öz xeyrini yox, mənim xeyrimi axtarmalısan. İndi isə uç buradan. — Bu, mənim gülümdür. Onu mən birinci görmüşəm. İkinci arı isə cavab verdi: — Heç elə şey yoxdur. Sən mənim xeyrimi axtarmalısan. Dedim axı, uç buradan. Get-gedə gün axşama doğru yönəlirdi. Tərs arıların üzərində asılı qaldığı gülün ləçəkləri yavaş-yavaş bağlanmağa başladı. Taqətdən düşmüş arıların evə qayıtmaqdan başqa çıxış yolları qalmadı. Arılar ölümcül yorğun halda yuvalarına qayıdanda, az qalmışdı ki, yaxınlıqdakı çuxura yıxılsınlar. Ancaq xırıltılı vızıltıları ilə öz qohumlarına bir-birilərini günahlandırır və haqlı olduqlarını sübut etməyə çalışırdılar: — O, necə də tərsdir. J-J-J-J! Ancaq özü haqqında fikirləşir! Gülçü Böyük şəhərin çoxmərtəbəli binasının ən axırıncı mərtəbəsində balaca eyvan yerləşirdi. Hər il yayda bu eyvan çoxlu sayda cürbəcür güllərlə dolu olurdu. Eyvanın sahibi qəribə insan kimi tanınmışdı. O, qaraqabaq, adam saymayan biri idi. Eyni zamanda xasiyyətinin tündlüyü deyingənliyində də öz əksini tapmışdı. Gülləri sevən bu adam öz ətrafına dost toplamağı bacarmırdı. O, vaxtının çox hissəsini tənhalıqda keçirərdi. Gülçü ildə bir dəfə uzaq ölkələrə yollanardı. Hər dəfə səyahətdən qayıdanda özü ilə gül toxumu gətirərdi. Bu toxumlar adi gül toxumu olmazdı. O, nadir toxumlar gətirərdi. Budur, gülçü uzaq ölkələrin birində, bazardakı dükanlardan birinin qarşısında tələsmədən var-gəl edirdi. Birdən o, yerində donub qaldı. Onun qarşısında qeyri–adi dərəcədə gözəl güllər var idi. Bu güllərin ləçəkləri, sanki cənnət quşunun lələklərinin parıltısını xatırladırdı. Güllər ona tamaşa edən hər kəsə öz əzəmətli görünüşü ilə sevinc bəxş edirdi. Gülçü satıcıdan soruşdu: — Sənin güllərin necə adlanır? Onların toxumu neçəyədir? — Bu gülün adı «Həqiqət»dir. Onun toxumunun qiyməti isə yoxdur. Bunu sizə necə deyim: «Həqiqət» yeganə gül növüdür ki, mən onu satmıram. Qalan güllərdən ürəyin istəyəni götürə bilərsən. — Heyf! Mən ancaq bu gülü almaq istəyirdim. Başqa heç bir gülü istəmirəm. Bu gülü almaq üçün istədiyiniz hər şeyi sizə verməyə hazıram. — Nə etməli, yadelli, əgər sənin istəyin bu qədər böyükdürsə, mən onu sənə bağışlayaram. Səyyah öz ölkəsinə qayıtdı. «Həqiqət» gülünü eyvanda, ayrı bir dibçəkdə əkdi. Ertəsi gün səhər o, xoşbəxt və məmnun halda özü ilə kolbasa-çörək götürməyi yaddan çıxartmadan işə yollandı. Avtobus dayanacağında bir tüklü sarı pişik yavaş-yavaş gülçüyə yaxınlaşdı. Portfelin kolbasa-çörək olan küncünə üzünü sürtməyə başladı. Gülçü qəzəblə pişiyə elə təpindi ki, pişik quyruğunu qaldırdı, sonra isə güllə kimi otluğa qaçaraq ağaca çıxdı. Elə bu vaxt avtobus gəldi və gülçü pilləkənlə avtobusa mindi. O, heç ağlına belə gətirməzdi ki, elə bu an onun eyvanında, ən əziz dibçəyində torpaqdan uzun və əyri bir tikan çıxır. Bir neçə dayanacaq gedəndən sonra gülçü avtobusdan düşməyə hazırlaşdı. O, heç bir ədəb-ərkan gözləmədən öz portfelini sərnişinlərə toxundura-toxundura qapıya yaxınlaşdı. Birdən kiminsə çantasına toxunmuşdu ki, narazılıq edən qadın səsi eşitdi: — Zəhmət olmasa, bir az yavaş! Çəçəkçi özündən çıxdı: — Heç öz çantalarını buraya qoyduqlarını demirlər! Öz əşyalarınıza diqqət yetirin! Gülçü avtobusdan enib öz ofisinin qapısına yaxınlaşdı. Eyvanda isə yenə bir dənə də tikan çıxdı. Uzun, əyri və caynaqlı. Gülçü işə gecikmişdi. Müdir onu qarşılayıb dedi: — Sizin gecikməyiniz üzündən biz müştəriyə sifarişi vaxtında çatdıra bilmədik! Gülçü yazıq-yazıq gözlərini döydü: — Ay, bilirsiz, mən özümü pis hiss eləyirdim. Dərman tapınca, dərmanın yaxşı təsir etməsindən əmin olmaq istəyincə… Eyvanda gül dibçəyindən əyri və caynaqlı bir tikan baş qaldırdı. Axşamüstü gülçü işdən evə qayıdanda evinin qarşısında köhnə tanışı ilə rastlaşdı. Tanışı soruşdu: — Salam, işlərin necədir? — Yaxşıyam, çox sağ ol! Sən yaxşı görsənirsən. — Çox sağ ol! Elə sən də yaxşı görünürsən. Yenə səyahət edirsən? — Bəli, bu dəfə yeni gül toxumu gətirmişəm. — Afərin, uğurlar sənə. — Minnətdaram. Çox sağ ol! Tanışı getməyə macal tapmamış gülçü donquldadı: — Sən necə də boşboğazlıq edirsən. Eyvanda daha bir tikan böyüməyə başladı. Gülçü öz hündür mərtəbəsinə qalxaraq eyvanına çıxdı, ən əziz dibçəyindəki böyümüş tikanları gördü və qışqırdı: — Budur «Həqiqət»? Bu necə «Həqiqət»dir? Ancaq tikanlardır ki! Ah, yalançı satıcı! Damdan eyvana sarı pişik tullandı. Bu, səhər dayanacaqda buterbrod üçün portfelə xəlvətcə yaxınlaşan həmin pişik idi. Gülçü hiddətlə qışqırdı: — Rədd ol buradan! Pişik büzüşdü. Gül dibçəyində torpaqdan isə tikan çıxdı. Bunu görən gülçü özünü itirdi: — Demək, tikanlar buna görəymiş, ona görə gül belə adlanırmış. Gülçü bunu deyib nəvazişlə pişiyi yanına çağırdı: — Piş-piş-piş… Elə bu an tikan onun gözləri önündə torpağa geriyə qayıtdı. Gülçü öz otağına çəkilib kresloda əyləşdi və gözlərini bağlayıb fikrə daldı. O, birdən bu gün özünün elədiyi hərəkətləri, sanki bir tərəfdən görməyə başladı. Çox kədərləndi. Sonra isə əvvəllər etdiyi əməlləri, ümumiyyətlə, həyatda necə rəftar etməsi ilə bağlı olan vərdişləri yaddaşında canlandı. Gözləri yaşla doldu və ağladı. Ertəsi gün səhər gülçü işə hazırlaşırdı. O, bir şey haqqında fikirləşirdi: işə gecikməsin, artıq söz söyləməsin, heç kimin xətrinə dəyməsin, heç kimi məyus etməsin və heç kimi pis vəziyyətdə qoymasın. Bir müddət keçdi. Bir dəfə gülçü öz eyvanına çıxdı. O, nağılvari gözəlliyi görüb yerindəcə donub qaldı. Uzun müddət idi ki, içində heç bir şey bitməyən dibçəkdə indi güllər çiçək açmışdı. Bu güllərin ləçəkləri cənnət quşunun lələkləri kimi günəşin şüalarında çox gözəl şəkildə rəngdən-rəngə çalırdı. Gülçü gözlərindən yaş axa-axa pıçıldadı: — «Həqiqət»i mənə bəxş edən, sənə minnətdaram! Milad bayramı hədiyyəsi Bir vardı, biri yoxdu, bir yoxsul oğlan vardı. Onun heç nəyi və heç kimi yox idi. Bu oğlanın, hətta atası da, anası da yox idi. Onun Jenya adından başqa heç nəyi yox idi. Jenya böyük bir evin çox balaca otağında yaşayırdı. Bu evin sahibəsi çox varlı bir qadın idi. Bu varlı qadının çoxlu qulluqçuları var idi. Onlar gecə-gündüz işləyirdilər ki, bu qadının evi ən gözəl və ən rahat ev olsun. Heç kimsəsi və heç nəyi olmayan yoxsul Jenya mətbəxdə qulluqçulara kömək edirdi: kartofları təmizləyir, qabları yuyur, zibili atırdı. Böyük evin sahibəsinin oğlu həddindən çox ərköyün və şıltaq idi. Onun hər şeyi vardı: şkaf dolu bəzəkli-düzəkli köynəkləri, kostyumları, tufli, krosovka və çəkmə qutuları ilə dolu anbarı, ən bahalı oyuncaqları, rəngli şəkillərlə bəzədilmiş kitabları, kompyuteri və videomaqnitofonu vardı. Onun yalnız pazl adlı oyuncağı yox idi. Bu oyuncaq onda heç vaxt olmamışdı və ola da bilməzdi. Çünki çox varlı qadının oğlu ucuz və öz əli ilə düzəltməli olan heç nəyi sevmirdi. Hər dəfə yazıq Jenya zibili atanda orada yalnız sınmış oyuncaqlar deyil, həm də təzə oyuncaqlar da tapırdı. Bu hal tez-tez təkrar olunurdu. Bütün əyləncələr evin sahibəsinin oğlunu tez bezdirirdi. O onu bezdirən oyuncaqları isə atırdı. Zibil yeşiyində oyungörən Jenya onları götürməmək üçün özünü saxlaya bilmirdi. O, gizlincə həmin oyuncaqları otağına gətirirdi. Amma hər dəfə bu, onun üçün acınacaqlı sonluqla bitirdi. O özünün yoxsul otağında tapdığı oyuncağı nə qədər ciddi cəhdlə gizlətməyə çalışsa da, ev sahibəsi yenə də onu tapır, qulluqçuları danlayır, oyuncaqları isə onun gözü qabağında ayaqları altında tapdalayıb, tullayırdı. O, çox varlı qadın olsa da, həm də çox xəsis idi. Evdə hamı yaxşı bilirdi ki, saat onda o, bütün otaqların işıqlarını söndürmək üçün evi gəzirdi. Jenya qaranlıqdan çox qorxurdu. Hər gecə saat ondan sonra o, yatağında o tərəf bu tərəfə fırlanır, tavana baxır, ağlayır və uzun müddət yuxuya gedə bilmirdi. Bir dəfə Milad bayramı ərəfəsində heç kimi və heç nəyi olmayan oğlan səs-küylü küçə ilə oyuncaq mağazasının yanından keçdi. O öz-özünə düşündü: «Görəsən, mən bu mağazaya girib, oyuncaqlara baxa bilərəm?» Mağazada piştaxtanın qarşısında satıcı durmuş və zəngin geyimli bir alıcı ilə danışırdı. O, içəri daxil olan Jenyanı görüb soruşdu: — Ay oğlan, sənin pulun var? Əgər sadəcə baxmaq istəyirsənsə, küçədən bax. Bütün oyuncaqlar vitrinə düzülüb. Jenya tez küçəyə çıxdı. Onun arxasınca varlı geyinmiş alıcı da çıxdı. O, oğlanın arxasınca gedərək soruşdu: — Sənin adın nədir? — Jenya. — Bəs sənin valideynlərin hanı? — Mənim heç kimim yoxdur, hətta atam, anam da yoxdur. — Sən kiminlə yaşayırsan? Yeri gəlmişkən, mən hər şeyi bilirəm… Sən çox varlı və çox xəsis bir qadının evində qulluqçu kimi yaşayırsan. Jenya heyrətləndi: — Bəli, bəs siz kimsiniz? — Mən — Mələyəm. Milad bayramından bir gün qabaq istənilən arzunu yerinə yetirirəm. Sənə istədiyin oyuncağı hədiyyə edə bilərəm. — Çox sağ olun, amma onu onsuz da mənim əlimdən alacaqlar. Mələk gülümsündü: — Sən hansı oyuncağı istəyirsən? Jenya arzu edirmiş kimi gözlərini qıydı və dedi: — Oyuncaq yaxşı şeydir. Amma bilirsən, Mələk, mənim bu dünyada ən çox istədiyim şey qaranlıqdan qorxmamaqdır. O, sonra başını aşağı dikdi. Üzr istəyib iti addımlarla çox böyük evə tərəf yollandı ki, göz yaşlarını heç kimə göstərməmək üçün otağında gizlənsin. Mələk səs-küylü küçədə bir az da durub nəsə barədə düşünürdü. Sonra isə oyuncaq mağazasına qayıtdı. Tezliklə mağazaya bir qadın gəldi. Satıcı mehribancasına ondan soruşdu: — Nə istəyirsiz? Alıcı izah etməyə başladı: — Məni çox varlı evlərdən birində Milad bayramını qarşılamağa dəvət ediblər. Hər şeyi olan çox ərköyün və tərs bir oğlan uşağı üçün hədiyyə almalıyam. Bu vaxt haradan peyda olduğu məlum olmayan çox varlı geyimdə olan bir naməlum adam dedi: — Üzr istəyirəm ki, müdaxilə edirəm. Bu balaca oğlanın bir dənə də olsun pazl dəsti yoxdur. Bu, tamamilə belədir. Məsləhət görərdim ki, ona bu dəsti hədiyyə edəsiniz. Naməlum adam solğun şəkilli qutunu göstərdi. Alıcı özünü itirmiş halda bir qutuya, bir də məsləhət verənə baxıb dedi: — Fu, necə də bozarıb, xoşagəlimli şəkil deyil. Siz əminsiz ki, məhz bu lazımdır? — Tamamilə. Satıcı bir daha naməlum məsləhət verən adama baxdı. Zəngin palto və ayaqqabı, xoş sima — onun bütün görkəmi inam aşılayırdı, baxmayaraq ki, saralmış şəkilli pazl dəsti almaq məsləhəti şübhə yaradırdı. Amma o, yenə də bu məsləhətə əməl etdi. İki gündən sonra bayram günü idi. Çox varlı qadının bəzədilmiş evinə qonaqlar gəldi. Onlar şənləndilər, yeyib-içdilər və budur, hədiyyələri açmaq vaxtı gəlib çatdı. Evin sahibəsinin oğlu qutu dalınca qutu açırdı. O, bütün hədiyyələrinə baxmaq üçün çox da az vaxt sərf etməli olmadı. Tezliklə otağın ortasında böyük bir rəngbərəng kağız yığını əmələ gəldi. Bu, indi zibil yığını idi və yazıq Jenya onu yığışdırmalı, sonra isə atmalı idi. Bayram qurtaran vaxt o, vicdanla öz işini görməyə başladı və zibili paketlərə doldurdu. Kağız qırıntılarının arasında Jenya bağlı, açılmamış qutu gördü. Bunlar pazl idi. Bu cür hadisələrin sonda nə ilə bitəcəyi Jenyaya yaxşı məlum idi. Amma buna baxmayaraq, qutunu qolunun altına dürtdü, qalan kisəni isə zibilliyə daşıdı. Zibili atıb gələndən sonra Jenya otağına qaçıb pazlı yorğanının altında gizlətdi. Bayram gününün səhərisi varlı evdə hamı yatmışdı. Qulluqçulardan və təbii ki, Jenyadan başqa hamı. O, həvəslə şəkli dəstələdi və ev sahibi yuxudan durana kimi onu yığıb qurtardı. Milad bayramından bir gün sonra gecə ev sahibəsi işığı söndürmək üçün qulluqçuların otağına gələndə, pazldan yığılmış şəkili gördü. Şəkil ona elə solğun və maraqsız təsir bağışladı ki, o, var gücü ilə onu tullamaq istədi. Evin sahibəsi şəkilə gözucu baxdı və işığı söndürdü, sonra qapını dalınca bərk-bərk bağlayıb getdi. Jenya qaranlıqdan qorxduğu üçün ağlamağa hazırlaşırdı. Amma ki… Qəflətən yığılmış şəkil onun qarşısında elə parıldadı ki, sanki otaqda işıq yandı. Jenya nəfəsini dərib gündüz vaxtı parlaq işıqda solğun kimi görünən, indi isə fosfor kimi işıq saçan şəklə baxdı. Şəkildə başında tikanlı tac olan insanın portreti və bu sözlər var idi: «İsa səni sevir». Jenya fikirli halda naməlum adama minnətdarlıq etdi: — Çox sağ ol, Mələk! Sonra o, yuxuya getdi və bir daha qaranlıqdan qorxmadı. Güldan Biri var idi, biri yox idi, yaraşıqlı bir şahzadə var idi. Günlərin bir günü o, evlənmək qərarına gəlir. Amma şahzadə kiminlə evlənəcəyini bilmir. Çünki onun üçün bütün qızların hamısı eyni cür gözəl idi. Şahzadənin evlənməsi təkcə onun özünü narahat etmirdi. Axı hamıya yaxşı məlum idi ki, şahzadənin evlənəcəyi qız sonra əri ilə birlikdə padşahlığı idarə edəcəkdi. Gəlin kraliça olmaqla hakimiyyəti əlinə alacaqdı. Budur, günlərin bir günü padşahlığın hər tərəfinə qasidlər göndərildi. Onlar hamıya car çəkdilər ki, əlahəzrət padşah və onun varisi — şahzadə oğlu böyük bir şənlik təşkil edir. Bu şənlikdə şahzadə üçün gəlin də seçiləcək. Heç bilirsən, orada nə baş verdi? Bazarlarda və dükanlarda ən gözəl və bahalı parçalar yoxa çıxdı. Padşahlığın bütün çəkməçiləri gecə-gündüz dayanmadan işləməli oldular. Onlar atlaz və zərli parçalardan bəzəkli tufli sifarişlərini yetirməli idilər. Mahir krujeva toxuyanlar başlarını qaldırmadan örpəklər, yaxalıqlar, ətəkliklər və manjetlər hazırlayırdılar. Budur, səbirsizliklə gözlənilən gün gəlib çatdı. Sarayın bayram zalı şənliyə dəvət edilmiş adamlarla dolu idi. Onlar həyəcanla şənliyin başlanmasını gözləyirdilər. Şahzadə qonaqların qarşısına çıxdı. O, kədərlə bildirdi: — Şənlik təxirə salınır. Hamı hər şeyə hazır idi, amma onlar bu vəziyyəti gözləmirdilər. Nə baş verirdi, şənlik niyə təxirə salınırdı, qonaqlar başa düşə bilmədilər. Şahzadə o qədər kədərli idi ki, sözünü davam etdirə bilmədi. Saray əhli isə məsələyə aydınlıq gətirdi. Xoşagəlməz hadisə şənliyin təxirə salınmasına səbəb olmuşdu: şahzadə bilmədən atasının sevimli güldanını sındırmışdı. Güldanı padşaha onların toy günü arvadı hədiyyə etmişdi. Qonaqlar bu xəbərə heç də şahzadədən az kədərlənmədilər. Hətta ondan da çox məyus oldular. Axı onlar sarayda olmaqdan ötrü çox xərc çəkmişdilər. Zalı hay-küy səsləri bürüdü. Elə bu vaxt padşahın özü qonaqların qarşısına çıxdı. O, geyinib-keçinmiş adamlara kədərlə baxıb dedi: — Əziz qonaqlar! Sizi bayramsız qoymaq ədalətsizlik olardı. Əgər kimsə mənim bir şərtimi yerinə yetirsə, şənlik olacaqdır. Əgər sizin aranızdan güldanı birləşdirməyi bacaran bir qız tapılsa, onda şənlik keçiriləcək. Ən əsası isə mənim güldanımı bütöv halda mənə qaytaran həmin qız şahzadəyə gəlin olacaqdır. Qonaqlar bu xəbərə çox sevindilər. Padşah sözünə davam etdi: — Unutmayın, güldan təzə kimi görünməli və onun heç bir artıq qırıntısı qalmamalıdır. O dəqiqə yüz qız güldanı təzə kimi yapışdırmağı boynuna götürdü. Onların hər biri ürəklə çalışırdı. Elə ki, iş sona çatırdı, onlar daha bir neçə qırıntının qaldığını görürdülər. Qızlar artıq qırıntılardan canlarını qurtarmaq üçün daha nələr etmirdilər ki! Onu gillə yapışdırır, bir qırıntını digəri ilə üst-üstə yapışdırır, qırıntıları güldanın altında gizlədir, dibinə tullayır… Şahzadə hər dəfə bu yolla yığılmış güldanı əlinə alanda, yalanı aşkar edirdi. Belə olan halda, o, güldanı yenidən yerə çırpırdı. Beləcə də qızları daha çox kədərləndirirdi. Növbə başqa qıza keçirdi. Bu o vaxta kimi davam etdi ki, nəhayət, qızlardan biri dedi: — Bağışla, yaraşıqlı şahzadə! Mən bu güldanı yığa bilmərəm. Nə qədər cəhd etsəm də, artıq qırıntı yenə də qalacaq. Bilirsən, onlar sənin güldanının naxışlarına heç uyğun gəlmir. Bu qız da özündən əvvəlki qızlar kimi qırıntılara uzun-uzadı diqqətlə baxdı, onları bir-birinə uyğunlaşdırdı və güldana yapışdırdı. Onda da artıq qırıntılar qaldı, amma o, həmin qırıntıları gizlətməyə çalışmadı. Qızın bu hərəkəti padşahı çox sevindirdi! İndi isə padşahın sirrini açmaq olardı: o, qiymətli güldanın qırıntılarına gildən hazırlanmış qırıntılar əlavə etmişdi. Padşah bəyan etdi ki: — Bu qız mənim oğlumun gəlini olacaq. Sonra isə şənlik keçirildi. Qonaqlar padşahın müdrikliyinə və şahzadənin gəlininin gözəlliyinə heyran olaraq ürəkdən şənləndilər. Toydan sonra gəlin bildi ki, güldanın üzərindəki naxışlar heç də naxış deyilmiş, gözəl xətlə yazılmış sözlər imiş: sevgi, sadiqlik, mərhəmət, fədakarlıq, ümid. Gildən düzəldilmiş qırıntılarda isə başqa sözlər yazılmışdı: paxıllıq, yaltaqlıq, qürur, nifrət. Məgər bunları eyni yerə birləşdirmək olar? Həyat məktəbi Biri vardı, biri yoxdu, bir nağıl şəhəri vardı. Bu nağıl şəhərində daş evlər vardı. Bu evlərin damları ucu şiştəpəli idi. Birin evin üzərində rəngarəng işıqlar saçan lövhələr vardı. Bu lövhələrə baxmaqla evin sahibinin hansı düşüncədə yaşadığını o dəqiqə başa düşmək olardı. Bu şəhərdə «Yalnız mən!», «Yalnız mənim üçün!» yazılmış lövhələrə rast gəlmək olardı. Üzərində «Heç nə demə, mən səni eşitmirəm», «Mənə hər şey vacibdir», «Mənə çoxlu ver və ya mənə daha çox ver, çünki mənə həmişə azlıq edir» yazıları olan lövhələr başqalarına nisbətən daha gur işıq saçırdı. Bu şəhərin evlərinin qapıları, adətən, bağlı olurdu. Küçələrdə isə çox vaxt boşluq olurdu. Necə düşünürsüz, nə üçün belə idi? Günlərin bir günü bu şəhərə əlində əsa, çiynində çanta olan bir səyyah gəlir. O, hər bir qapını döyür, cavab almayanda öz çantasından zərf çıxarıb qapının kandarına qoyurdu. Səyyah Sergey Sokolovun da qapısını döydü. Bu evin lövhəsi belə səslənirdi: «Özüm üçün, özümə, özüm haqqında». İçəridə baş verənləri səyyah heç təsəvvürünə də gətirə bilməzdi. Amma evin içi səliqəsiz idi, belə səliqəsizliyə nadir hallarda rast gəlmək olardı. Evin sahibi də evə uyğun görünürdü: saçları daranmamış, üzü, əlləri çirkli, geyimi əzik-üzük idi. Saçları pırtlaşıq Sergey qapının döyüldüyünü eşidib qərara gəldi ki, küçəyə baxsın. Qapının kandarında bağlı zərf görən Sergey tez onu götürdü, qapını örtdü və otağa keçib divanda oturdu. Divan yarım il idi ki, döşənmirdi. Sergey zərfi açdı — içində «Xoş Xəbər» adlı bir kitab və buklet var idi. Sergey bukleti oxumağa başladı: «Əziz dost! Səni həyat məktəbinə dəvət edirəm. Məktəbin əsas dərsləri bunlardır: səxavət, mərhəmət, yaxşılıq, sadəlik, hörmət, cəsurluq, səbir, qonaqpərvərlik, nəfsə hakim olmaq. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra sən əsl insan diplomu alacaqsan və Mən sənə qonaq gələcəm. Həyat məktəbinin direktoru və yaradıcısı İsa Məsih». Sergey məktəbə maraq göstərdi, əvvəllər onun haqqında heç nə eşitməmişdi. Qəribə adlı «Xoş Xəbər» dərs vəsaitini diqqətlə oxumağa başladı. Həm də nədənsə özünü məktəbin direktoru adlandıran İsa Məsihi evində qonaq görmək istədi. Bu azmış kimi, hətta bu direktorla dost da olmaq istədi. Budur, günbəgün, həftəbəhəftə, aybaay Sergey Sokolov səbirlə Xoş Xəbər adlanan dərs vəsaitinə diqqət yetirdi. Onunla nəsə qəribə bir hal baş verirdi. O, nədənsə qərara gəldi ki, onun evinin otaqları silinmiş olmalı, yataq yığışdırılmalı, qab-qaşıq təmiz olmalı, dəsmallar təzə olmalı, pəncərələr isə təmizlikdən parıldamalıdır. Hətta Sergey özü də hiss etmədi ki, onun evi get-gedə işıqlı və sevincli olmağa başlayıb, köhnə lövhə harasa yoxa çıxıb, onun əvəzində isə bütünlüklə yeni işıqlar yanır: «Başqaları üçün, başqalarına, başqalarından ötrü, başqaları haqqında». Qeyd etmək lazımdır ki, həmin gün nağıl şəhərinə əlində əsa səyyah gələndə, kandara qoyulmuş zərflə maraqlanan təkcə Sergey Sokolov olmamışdı. Başqa küçələrdə də bu sirli məktəbdə oxumaq arzusunda olanlar tapılmışdı. Maraqlı olan odur ki, bu şəhərin evlərinin üzərində olan lövhələr get-gedə dəyişilməyə başladı. Əvəzində əvvəllər heç kəsin eşitmədiyi bu yazılar meydana çıxırdı: «Günahkarları bağışlayıram», «Tənhalara baş çəkirəm», «Pisliyi xatırlamıram». Həyat məktəbinə getməyənləri isə bu cür elanlar qorxudur və təəccübləndirirdi. Onlar deyirdilər: — Belə düşüncə ilə necə yaşamaq olar? Əgər təkcə özünün qayğına qalmasan, onda nə baş verər? İstər-istəməz hamı — məktubu qəbul edənlər də, onu rədd edənlər də evlərinin qapısını açdılar və bir-birilərinin üzünə baxdılar. Heç kəs bu fakta biganə qala bilməz ki, şəhərin adət halını almış lövhələri dəyişilməyə davam edirdi. Hamı səbirsizliklə təzə lövhələrin necə olacağını gözləyirdi. Evlərdə isə orada-burada bu sözlər parlaq işıqla şəfəq saçırdı: «Dost qazanmaq istəyirəm», «Mənə özün haqqında danış, mənə maraqlıdır», «Mənim hər şeyim var, bölüşmək istəyirəm», «Mənimlə nahar edin», «Mənim evimin qapıları dostların üzünə həmişə açıqdır». Nağıllar aləminin küçələrində səs-küy, canlanma əmələ gəlmişdi. Bu vəziyyət öz evlərində bağlı qapılar arxasında oturub köhnə — «Yalnız mən», «Yalnız mə», «Heç vaxt mənə qonaq gəlmə», «Məndən nəsə istəməyi ağlına belə gətirmə», «Heç nə vermərəm», «Heç kəsi dinləmirəm», «Mən ağılsız və inadkaram», «Mən qəddar və xəsisəm», «Mənim hər şeyim var, yenə də istəyirəm» yazılmış lövhələrini ehtiyatla qoruyub saxlayan sakinlərin qəzəbinə səbəb olurdu. Ola bilsin ki, siz də bu şəhərdə ola, onun küçələri ilə gəzə, oradakı lövhələri oxuya bildiniz. Əgər siz ora sadəcə baş çəkmək üçün deyil, müəyyən müddətə yaşamağa getmiş olsaydınız, onda necə olardı? Sizin evinizin qapısında hansı lövhə işıq saçardı? Öyrənəcəm Petya səliqəsiz yonulmuş karandaşla şəkil rəngləyirdi. Karandaş vərəqi cızdı və əyri-üyrü xətlər iz saldı. Petyanın yanında öz oyuncaqları ilə oynayan qardaşı vardı. O, rənglənmiş şəklə baxıb dedi: — Karandaşı yonmaq lazımdır. Petya küsdü, şəkli əzdi və burnunun altında donquldandı: — Sənin heç karandaşın da yoxdur. Sonra Petya qardaşı ilə uşaq bağçasına getdi. Onun ayaqqabısının bağı açılmış və yerlə sürünürdü. Qardaşı dedi: — Gəl dayanaq. Sən ayaqqabının bağını bağlamalısan. Petya hirsləndi: — Sən bir özünə bax! Onlar uşaq bağçasının qapısına yaxınlaşdılar. Qardaşı burada da Petyaya məsləhət verdi: — Tərbiyəçi ilə salamlaşmağı unutma. Yoxsa sənə yenə irad tutarlar. Petya acıqlandı: — Sənə nə?! Sənə ki, irad tutmurlar… Petya bütün günü deyindi: gəzməyə gedəndə də, nahar vaxtı masada əyləşəndə də, yatağa uzananda da, hətta bağçadan evə gələndə də. Beləcə o deyinir, deyinirdi və budur, o böyüdü və məktəbə getdi. Bir dəfə müəlliməsi Petyaya dedi: — Sən ev tapşırığını çox zəif yerinə yetirmisən. Onu düzəltməlisən. Xahiş edirəm, çalış. — Məgər mən çalışmamışdım?! Hamı beşlə oxuya bilməz ki! Petya səkkizinci sinifdə oxuyanda əmək dərsindən tapşırıq yerinə yetirirdi: məktəb qarderobu üçün metal nömrə yonub düzəldirdi. Əmək müəllimi ona dedi: — İndi göstər görüm, sənə rahat olması üçün suvandı necə düzgün tutmaq lazımdır? Petya incidi: — Mən yaxşı olardı ki, özüm üçün nəyin rahat, nəyin narahat olduğunu bilim. Müəllim çiyinlərini çəkdi: — Mən elə bildim ki, sən öyrənmək istəyirsən… Peter böyüyüb boya-başa çatdı və tez-tez kobud, inadcıl, tərs adam olması ilə bağlı öz ünvanına məzəmmətlər eşidirdi. Petya isə bütün bunlara laqeyd yanaşırdı. Bir dəfə məbəddə ona irad tutdular: — Petya, adamlarla belə kobud danışmaq olmaz. O da adət etdiyi kimi cavab verdi: — Sən özündən danış! Başqa bir vaxt ondan xahiş etdilər: — Qocaya kömək et! O, sənin evində yaşayır, özü məbədə gedib-gələ bilmir. Sən axı maşınlasan, onu aparıb gətir. Peter özündən çıxdı: — Nə var, niyə hamınız mənə baxırsınız? Özünüz qocalara kömək edin, mənlik burada nə var ki? Siz nə üçün mənə hər şeydə göstəriş verirsiniz? — Biz elə düşünürük ki, sən özün öyrənmək istəyərsən… Bu dəfə Peter heç bir cavab vermədi. Uzun illər bundan əvvəl ona eyni sözləri deyən müəllimini xatırladı. Peter evə gəlib dörd ədəd vərəq götürdü və hər birinə eyni bir sual yazdı: «İnsanlar nə üçün mənə irad tuturlar?» Birinci vərəqə o, belə cavab verdi: «Çünki hamı məni sevmir». İkincisinə «Çünki məni sevirlər». Üçüncüsünə «Hamı mənim pisliyimi istəyir». Dördüncüsünə «Hamı mənim yaxşılığımı istəyir» yazdı. Sonra o, vərəqlərin yerini dəyişməklə, birini çəkib o birini yaxınlaşdırmaqla uzun müddət özündə saxladı. Peter iki vərəqi əzib zibil vedrəsinə atdı. O ona yalan təlqin edən vərəqləri atdı. Nəticədə onda iki fərziyyə qalırdı: «Çünki məni sevirlər. Çünki mənə yaxşılıq arzulayırlar». Peter dərindən nəfəs alıb öz-özünə dedi: «Küsməyəcəm. Öyrənəcəm». Hirsli həkim Balaca Mişa yanağını tutub atasının yanına getdi və göz yaşları içində dedi: — Mənim dişim ağrıyır. Atası təşvişə düşdü: — Diş həkiminə getmək lazımdır. Atası oğlu ilə tələsik hazırlaşıb stomatoloji poliklinikaya getdi. Diş həkimi Mişanı gülər üzlə qarşıladı, onu kresloda əyləşdirib ağzını açmasını xahiş etdi. Mişa itaətlə həkimin xahişini yerinə yetirdi. Həkim isə Mişanın ağzına baxıb mehribancasına dedi: — Sənin necə də düz dişlərin var! Onlar neçə dənədir? Bir, iki, üç… Hamısı birlikdə otuz iki! Afərin! Sən necə də tərbiyəli, yaxşı oğlansan! Nəzakətlə danışırsan… Yaxşı, ayağa dur, evə get. Sən ağıllısan! Mişa diş həkiminin hər bir sözündən tamamilə xoşbəxt halda kreslodan ayağa qalxıb sevinə-sevinə otaqdan çıxdı. Atası həyəcanla ondan soruşdu: — Hə, necə oldu, oğlum? Mişa cavab verdi: — Belə diş həkimi yaxşıdır! Elə mehribandır ki! Mənə ancaq xoş sözlər söylədi. Atası soruşdu: — Bəs dişin necədir? — Oy, ağrıyır… Atası Mişanın əlindən tutdu və başqa diş həkiminin yanına apardı. Mişa otağa keçib kresloda oturdu və ağzını açdı. Həkim qaşqabaqlı halda dedi: — O, necə də dəhşətli kariyesdir! Mişa incidi: — Mənim otuz iki dişimin hamısı ağ və hamardır! Həkim, sanki xəstəsini eşitmirmiş kimi dedi: — Kariyesin səbəbi köhnəlmə və baxımsızlıqdır. Müalicə etmək və plomb qoymaq lazımdır. Mişa qorxa-qorxa soruşdu: — Deşəcəksiz? Həkim əminliklə təsdiqlədi: — Bütün çürükləri təmizləmək üçün deşəcəm. Sonra isə plomb qoyacam. Mişa ağlamağa başladı: — Xahiş edirəm, xahiş edirəm… Mən bundan sonra şirin şeylər yeməyəcəm, mən acı dərman içərəm, mən atamın-anamın sözünə baxaram, ancaq mənim dişimi deşməyin. Həkim acıqlı halda alnını qırışdırdı: — Sən şirin şeylər yesən, sənin acı dərman içməyinə ehtiyac qalmayacaq. Atanın, ananın sözünə isə mütləq qulaq asmalısan, ancaq mən sənin dişlərini müalicə edəndən sonra. Bütün bu vaxtı atası Mişanı dəhlizdə gözləyirdi. O, bor maşının, metal alətlərin səsini, Mişanın hıçqırtısını və vayıldamağını eşidirdi. Nəhayət, səslər kəsildi və Mişa diş həkiminin kabinetindən çıxdı. Atası təlaşla soruşdu: — Hə, necə oldu, oğlum? Mişa cibindən konfet çıxardıb onu açdı, kağızını atasına verdi, konfeti isə ağzına basıb dedi: — Heç vaxt bu hirsli həkimin yanına gəlməyəcəm. Mənim otuz iki hamar və qəşəng dişim var, o isə bir dənə kariyes görüb ancaq onun haqqında danışdı! Atası sualını bir daha təkrar etdi: — Bəs dişin necədir? — Dişim ağrımır. Amma bu həkimin yanına bir daha heç vaxt gəlməyəcəm! Dişlərimi fırçalayacam, süd içəcəm, kəsmik yeyəcəm, yeməkdən sonra ağzımı yaxalayacam… Amma bu həkimin yanına bir də heç vaxt gəlməyəcəm! Günün nizamı Biri vardı, biri yoxdu, çox məşğul olan bir adam vardı. O, çox çalışqan, dəqiq insan idi, hər şeydə nizam-intizamı sevirdi. Bu adamın hər bir günü dəqiqəsinə kimi qeyd olunmuşdu: 7:00 — yerindən qalxmaq. 7:30 — avtomobildən ötrü qarajda olmaq. 7:45 — Oğlunu məktəbə qoymaq üçün yolda olmaq. 9:00 — iş gününün başlanması: sənədləri, zəngləri, görüşləri yoxlamaq, obyektlərə baş çəkmək. 18:00 — iş gününün başa çatması. 18:30 — evə gəlmək, yüngül şam yeməyi. 19:00 — oğlunun ev tapşırıqlarını yerinə yetirdiyini yoxlamaq. 20:00 — arvadı və oğlu ilə hovuza getmək. 22:00 — evə qayıtmaq. Elektron poçtunu yoxlamaq. 23:30 — yuxuya getmək. Bir dəfə bu intizamlı adam Allahın varlığı, hər şey üzərində hakim olması və Ona hər gün dua etmək lazım olduğu barədə eşitdi. Məşğul adam çox ciddi halda özünün gündəlik cədvəlinə baxdı. Əfsus ki, orada dua etmək üçün boş bir dəqiqə belə yox idi. Ona isə o qaldı ki, yuxudan qalxmağın yerini dəyişsin, yarım saat tez yatıb günü Rəbb Allaha dua etməklə başlasın. Beləliklə, cədvəldə düzəliş yarandı: 6.30 — yuxudan qalxmaq, dua. İlk vaxtlar yeniliyə alışmaq çətin oldu. Dua etmək onun hər zaman nəticəsini gördüyü və hiss etdiyi digər praktik işlərindən fərqlənirdi. Buna baxmayaraq, intizamlı və dəqiq adam gününü dua ilə başlayırdı. Axı bu, onun cədvəlində qeyd olunmuşdu. Vaxt keçdikcə məşğul adam hiss etdi ki, o, Allahdan kömək və dəstək istədiyi vaxt ona səhər duası kifayət etmir. Adamda Allaha öz imkanları haqqında danışmaq və uğursuzluqlarından şikayətlənmək istəyi yarandı. Məşğul adam öz cədvəlinə nəzər saldı və ikinci duaya vaxt ayırdı. O, yuxuya getmək vaxtını geriyə çəkdi. İndi o, əvvəlkindən yarım saat gec yatırdı. İllər keçdi. Bu adamın oğlu böyüdü. Artıq onun ev tapşırıqlarını yoxlamağa ehtiyac yox idi. Daha bir neçə il ötdü, məşğul adamın sağlamlığının vəziyyəti onun hovuza getməsinə imkan vermirdi. Bir qədər vaxtdan sonra isə onun firmasının işləri ilə böyümüş oğlu məşğul olurdu. Onun oğlu görüşlər təyin edir, danışıqlar aparır, obyektlərə baş çəkirdi. Məşğul adam qocalmışdı və artıq onun işi dostları ilə görüşmək, arvadı ilə birlikdə nəvələrinə baş çəkmək, təbiətdə gəzməkdən ibarət idi. Lakin hər günün ən sevincli vaxtları səhər və axşam — dua etdiyi vaxtlar olurdu. Cədvəldə olan bütün dəyişikliklərə baxmayaraq, bu vaxtlar əvvəlki kimi qalırdı. Günlərin bir günü atasından təkcə firmanı deyil, həm də dəqiqliyi, məsuliyyəti və nizam-intizamı varis alan oğul, vaxtının çatışmazlığından gileylənməyə başladı. Bu vaxt atası ona dedi: — Oğlum, mənə cədvəlini göstər. Nə demək olar ki, cədvəl tamamilə məşğul idi. Atası gülümsəyib mehribancasına dedi: — Daha bir bənd əlavə et, oğlum. Dua üçün vaxt. Sarmaşıq Taxılın qızıl sünbülü yetişmiş, şirələnmişdi. Onlar dənin ağırlığından başlarını aşağı əyib biçin vaxtını gözləyirdilər. Adamlar fərəhlə tarlaya baxıb deyirdilər: — Sünbülə bax, sünbülə! Lakin heç kəs görmədi ki, torpaqda taxılın düz kökünə sarmaşıq sarılıb. O, sahəyə haradan gəlib çıxmışdı? Sarmaşıq sürünə-sürünə sünbüllərdən birinə yaxınlaşıb pıçıldadı: — Sizə baxanda mənim yazığım gəlir. Sünbül soruşdu: — Nə üçün? — Siz burada — yağışda da, istidə də tamamilə müdafiəsiz qalırsız. Amma özünüzdə elə ağır yük saxlayırsınız ki! Baxın, necə başınızı əymisiniz… Sizə yazığım gəlir, xüsusilə sənə daha çox. Sən hamı kimi deyilsən. Danışmağı və dinləməyi bacarırsan. Sənin qayğına qalmaq üçün mənim ürəyim yanır. Sünbül daha diqqətlə qulaq asmağa başladı və başını böyrünə daha çox əydi. Sarmaşıq inamla pıçıldadı: — Mənə inan. Sən tamamilə mənə etibar edə bilərsən. Mən sənin dayağın olaram. Bunu deyib sarmaşıq gövdəciyə doğru süründü. O, sünbülün təpəsinə çatana qədər onu bürüməyə başladı. Sarmaşıq soruşdu: — Sən heç hiss edirsən, indi sənə necə rahatdır və başını hündürdə saxlaya bilirsən? Sünbül doğrudan da dik qalxdı və indi hamıya yuxarıdan aşağıya baxa bilirdi. O, qürurla dedi: — Düzdür, mən indi beli bükülmüş halda deyiləm, əksinə, boylu-buxunlu və talada hamıdan gözələm. Üff, ətrafda necə də yazıq mənzərə var! Hamı başlarını aşağı əymiş vəziyyətdədir… Axı onlar görmədikləri meşə, heç vaxt gözlərini qaldırıb baxa bilmədikləri səma, mövcudluğundan belə xəbəri olmadıqları çay haqqında nə bilsinlər… Bunu deyəndən sonra sünbül sarmaşığa baxdı və fərəhlə dedi: — Sən — əsl dostsan! Sən olmasaydın, mən ətraf aləmi dərk etməzdim. Sarmaşıq cavab vermədi. O danışmaq istəmirdi, yalnız yatmaq istəyirdi. Sərgərdan gəzdikdən sonra, nəhayət ki, o özünə rahat bir yer tapmışdı və indi acgözlüklə sünbülün kökündəki suyu canına çəkərək get-gedə daha da güclənir və möhkəmlənirdi. Sarmaşıq böyüyür və getdikcə yeri daralırdı. Belə olan halda, o, heç kəsə heç nə demədən qonşuluqdakı sünbüllərə yayıldı. Budur, günlərin bir günü sünbül hiss etdi ki, onun gövdəsi son dərəcə quruyub və kövrəkləşib. O, uzun müddətdən sonra ilk dəfə olaraq aşağıya baxdı və qorxa-qorxa pıçıldadı: — Bu, nədir? O, dəhşətli mənzərə gördü — sarmaşıq artıq ona dayaq durmur, əksinə, ondan yapışıb qalmışdı. Elə bu vaxt yaxınlıqdan keçən adamlardan biri təəccüblə dedi: — Bir ora baxın, bütün tarladakı sünbüllər başını aşağı əyib, yalnız sünbüllərdən biri yüksəlir. Onun yoldaşı dedi: — Mən eşitmişəm ki, tarlada sarmaşıq bitib. Adamlar kədərləndilər: — O, haradan gəlib çıxıb? Yüksələn sünbülü birinci görən adam yaxınlaşıb sarmaşığı kökündən qoparıb çıxartdı. Sünbüllər bir-birinə toxunaraq sevinclə xışıldadılar, onlar məhsul gözləyirdilər. Bacarıqsız Qızmar günəş və aydın səma. Şənbə günü yaxşı dincəlmək üçün bundan başqa adama nə lazımdır ki? İki nəfər küçə qapısından çıxdı. Onlardan biri soruşdu: — Hara gedirsən? Cavab belə oldu: — Məbədə, uşaq xidmətinə. — Belə bir havada? Sən necə də bacarıqsızsan! Mən futbola gedirəm — cəsur və cəld olacam! Yağış yağır. Su damcıları damdan çılpaq ağacların budaqları üzərinə, oradan da yerə düşürdü. Həmin iki nəfər küçə qapısından çölə çıxdı. Onlardan biri soruşdu: — Hara gedirsən? Cavab belə oldu: — Məbədin xor dərnəyinin məşqinə. — Belə bir havada? Sən necə də bacarıqsızsan! Mən diskotekaya gedirəm — müasir və dəbli olacam. Şaxtalı qış günü. Yenə də iki nəfər küçə qapısından çıxdı. Onlardan biri soruşdu: — Sən hara gedirsən? — Məbədə, bu gün bazar günüdür. — Belə bir şaxtada. Sən necə də bacarıqsızsan! Mən qarda motosiklet sürməyə gedirəm — möhkəm və sağlam olacam! Uzun illər keçdi. Mülayim günlərin birində küçə qapısından iki qoca çıxıb güc-bəla ilə skamyaya gəlib çatdı və yanaşı oturdular. Onlardan biri kəkələyə-kəkələyə dedi: — Eh, qocaldım, artıq heç kimə lazım deyiləm… Həyat nə tez ötüb keçir. Amma yadımdadır, futbolda oynadığım vaxt ən yaxşı oyunçu idim, diskotekada ən yaxşı rəqs edən mən idim, qarda motosiklet sürəndə hamıdan öndə gedirdim… başa düşürsən məni, heç kimə lazım olmasam da, amma xoş xatirələrim var. Bəs sənin nəyin var? Sən ki, bacarıqsızsan! O birisi cavab verdi: — Nəyə görə? Mənim də xoş xatirələrim var. Yaxşı yadımdadır, məbəddə uşaq xidmətinə gedəndə, mənə deyirdilər ki, Allah məni sevir. Yadımdadır, məbəd xorunda oxuyurdum. Bir-birindən gözəl təbliğləri xatırlayıram və onların birində deyilirdi ki, Allah heç vaxt məni tərk etməyəcək. Bundan başqa, insanın zahiri köhnəlsə də daxili yenilənir və göylərdə mənim üçün çürüməyən mülk və məskən hazırlanıb. Bütün bunların hamısını xatırlamağa vaxt çatmaz. Onlar beləcə söhbət etdikləri vaxt skamyaya bir avtomobil yanaşdı: Onlardan biri kədərlə ah çəkdi: — Bir bax gör, maşın kimdən ötrü gəlib. O birisi gülümsəyib dedi: — Mənim üçün gəlib. Bu gün bazar günüdür, məbədə getmək vaxtıdır. Heç mənsiz ibadət olar? Xəbərçi Uşaq bağçasında Lera şəkil rəngləyirdi. Stepan ona yaxınlaşdı, karandaşını aldı və dedi: — Şam ağacının altındakı göbələyi daha parlaq rəngləmək lazımdır! Lera incimiş kimi qışqırdı: — Bu mənim rəngləməmdir. Lera bunu deyib tərbiyəçini çağırdı: — Mariya Nikolayevna, Styopa mənə mane olur! Stepan Alyoşa adlı oğlanın yanına gəlib dedi: — Lera acıqlı qızdır, düzdür? Alyoşa onunla razılaşdı: — Həm də xəsisdir, bundan başqa, xəbərçilik edir. Styopa ilə Alyoşa birlikdə Vityanın yanına gəlib dedilər: — Bilirsən, Lera necə xəsis, acıqlı qızdır, hələ üstəlik xəbərçilik də edir. Vitya təəccübləndi: — Doğrudan? Mən heç bilmirdim. O məni öz ad gününə dəvət edib. Bəs mən nə edim? — Necə yəni, nə edim?! Onun ad gününə getmə! Lera şəkli rəngləyib qurtardı. Onun rəfiqəsi, Kristina rənglənmiş şəkilə baxıb dedi: — Oy, sənin rəngləmən necə də gözəl alınıb. Lera sevincək halda dilləndi: — İstəyirsən, sənə hədiyyə edim? — Çox istəyirəm. Lera öz rəngləməsini Kristinaya verdi. Kristina ona bildirdi: — Mən isə rəqs etməyi öyrənirəm. İndi məşğələlərdə vals rəqs etməyi öyrənirəm. Lera dedi: — Nə yaxşı! Mən də rəqs etməyi öyrənmək istəyirəm. Elə bu vaxt Styopa, Alyoşa və Vitya otağın digər bir küncündə durub şübhə ilə qızlara baxırdılar. Vitya qərar gəldi ki: — Lera yenə də bizim haqqımızda Kristinaya pis sözlər danışır. Styopa gileyləndi: — Əlbəttə, axı onlar xəbərçidirlər. Bütün bunları Mariya Nikolayevna eşitdi və gördü. O, oğlanların yanına gəlib ciddi şəkildə onlara dedi: — Yaxşı insanlar həmişə söhbət üçün layiqli mövzular tapacaqlar, amma pis adamlar yalnız başqaları haqqında danışmağı bacarırlar. Sizin söhbətinizi eşidib düşündüm ki, sizi yaxşı adlandırmaq olmaz. — Bəs nə üçün Leroçka belə acıqlı halda mənim üstümə qışqırmağa başladı? Mən ona kömək etmək istədim ki, göbələk gözəl alınsın! Vitya da əlavə etdi: — Nə üçün Lera xəbərçilik edir? Alyoşa da etirazını bildirdi: — Nə üçün Lerka belə xəsisdir? Həm də Kristinaya bizdən xəbərçilik edir. Bu vaxt Lera və Kristina tərbiyəçi ilə oğlanların yanına yaxınlaşdı. Lera dedi: — Mariya Nikolayevna, Kristina rəqs etməyi öyrənir. O mənə indi elə bu barədə danışırdı. Alyoşa dodaqaltı mızıldandı: — Lovğa! Vitya birdən başını aşağı saldı, dostlarının yanından uzaqlaşıb Leradan soruşdu: — Sənin ad gününə nə vaxt gəlmək lazımdır? Macəra Günlərin bir günü Kirill Dimaya qonaq gəldi və onu kitabın içinə girmiş vəziyyətdə gördü. Kirill soruşdu: — Nə oxuyursan? Dima başını qaldırıb Kirillə baxdı: — Detektiv. Sonra isə öz təəssüratlarını bölüşdü: — Orada elə döngələr, elə macəralar, elə qəhrəmanlar var ki! Belə adamlar haqqında yazırlar! Onlar zəiflərə kömək edirlər, öz dostlarını ələ vermirlər, həqiqəti danışmaqdan qorxmurlar! Bir sözlə, əladır! Kirill kitab şkafının yanına gəldi, kitablar düzülmüş rəflərə baxıb dedi: — Sənin kitabxanan böyükdür. — Elədir, demək olar ki, hamısını oxumuşam. Bəs sən kitab çox oxuyursan? Kirill cavab verdi: — Çalışıram ki, hər gün oxuyum. Dima maraqla soruşdu: — Nə oxuyursan? — Müqəddəs Kitab. Dima güldü: — Belə de! Mən maraqlı kitablar oxuyuram. Bu kitablarda elə hadisələr var ki! Onları ən qabaqcıl müəlliflər yazıb. Sən ancaq Müqəddəs Kitab oxumusan? Kirill cavab verdi: — Təkcə bu deyil. Mən Müqəddəs Kitabdan başqa, sənin kimi digər kitabları da oxumuşam. Amma hər dəfə də qayıdıb məhz Müqəddəs Kitabı oxumaq istəyirəm. Bu kitabda bütün hadisələr həqiqidir. Uydurma deyil. — Bəs macəra var? — Macəra da var. Lakin bu macəra mənalıdır, maraq üçün deyil. — Necə mənalı? — Müqəddəs Kitabda olan bütün macəralar adamları əyləndirmək üçün deyil, onları xilas etmək üçündür. Orada haqqında yazılan hər şey — sevgi və bədbəxtlik, sevinc və göz yaşları adamların xilası üçündür. Axı Müqəddəs Kitabın müəllifi Allah Özüdür. Hər şeyi yaradan Odur, insana əslində nəyin lazım olduğunu da yalnız O bilir. Dima öz şübhəsini bildirdi: — Amma Müqəddəs Kitab — qədim kitabdır. Əgər təkcə onu oxusan, inkişafdan geri qalarsan! Elə bu andaca Kirill güldü: — Əlbəttə, Müqəddəs Kitab qədim kitabdır! Bu kitabda insan üçün qədim zamanlardan bu günədək vacib olan hər şey qorunub saxlanılıb. Bax elə buna görə də Müqəddəs Kitab əsl çox oxunan kitabdır! Bu sözlərdən sonra Dima susdu və fikirli halda dedi: — Əgər bilsələr ki, mən Müqəddəs Kitab oxumağa başlamışam, onda hamı mənə güləcək. — «Hamı»dan qorxmağı sən haradan öyrənmisən? Bəs bilirsən insanı qorxudan nə azad edir? Allah qorxusu! Allahın qorxusuna malik olanda sən adamların sənə nə deməsindən yox, Allahı kədərləndirməkdən qorxursan. Allahın qorxusuna malik olan adam satqın olmur, zəifi müdafiə edir və həqiqəti söyləyir. Onun super qəhrəmandan nəyi əskikdir ki? — Bəs nə üçün kitablarda yazılır ki, Аllah yoxdur? — Ağılsız kitablarda bundan daha betər şeylər yazırlar. Lakin onları nə üçün oxumalıyıq ki? Dima soruşdu: — Sən xilas haqqında danışdın. Biz nədən xilas olmalıyıq? — Bizi hörümçək toru kimi dartıb çəkən müvəqqəti, gəlib-keçən və Allahla ünsiyyət qurmağa mane olan hər şeydən. Gözlərini heç cür çəkə bilmədiyin detektivlərin kimi. — Etiraf edirəm ki, mən Müqəddəs Kitabı oxumağa cəhd etmişdim, amma orada cəlbedici heç nə görmədim, həm də çox şeyi başa düşmədim. Orada elə macəralar vardı ki… Getməyə hazırlaşan Kirill dedi: — Sən bizə gəl, birlikdə oxuyaq. Dima gülə-gülə dedi: — Mütləq gələcəm. İşə bir bax, mən də macəraya düşə bilərəm. Kirill təəccübləndi: — Hansı macəraya? — Əsl. Sən mənim yanıma gəldin və mən də bu kitablarda yazılanlar haqqında deyil, öz həyatım haqqında düşünməyə başladım. Körpü Biri vardı, biri yoxdu, şanlı-şöhrətli bir padşah vardı. O, səxavətli, müdrik və mərd adam idi. Onun padşahlığının ucu-bucağı yox idi. Bu məşhur padşahın xalqı bolluq içərisində firavan və rahat yaşayırdı. Onlar paltarlar tikir, toxuyur, tarlalardan, bağlardan bol məhsul toplayır, padşah isə onlara padşahlığın otlaqlarında otlayan qoyunların yunundan hazırlanmış isti geyimlər verirdi. Bu qoyunların yunu yumşaq və səma kimi ağ rəngdə olurdu. Nə qədər ki, padşah xoşbəxt və sakit idi, onun qoyunlarının yunu da bir o qədər yumşaq olurdu. Bu qoyunlar özləri öz yunlarını darayırdı. Bəli, bəli, bu quruluş — «daraq» adlanırdı. Bu padşahlığın sakinləri öz padşahlarını çox sevirdilər və onun yanına yalnız geyimlərini təzələmək lazım olanda gəlmirdilər. Eyni zamanda ona onların padşahı olduğuna görə, belə xeyirxah, hamını yaxşı başa düşdüyünə görə minnətdarlıq etmək üçün də gəlirdilər. Padşahlıqdakı bu xoşbəxt həyat sonsuzadək davam edəcəkdi. Lakin günlərin bir günü uzaq qaranlıq padşahlıqdan qəddar bir əjdaha uçub gəldi. Bu əjdaha həmişə padşaha paxıllıq edirdi. Əjdaha padşaha ona görə paxıllıq edirdi ki, onu hamı çox istəyir və onun belə kök, yumşaq yunlu qoyunları vardı. Əjdaha israr etdi ki, qoyunlar padşahlığın sakinlərinə verilsin. Qoy onlar qoyunları yesinlər, onda yun geyimlər onların daxilində, həmişə orada olacaq. Belə olan halda, onları yeniləmək lazım gəlməyəcək. Beləliklə də, adamlar öz gediş-gəlişləri ilə padşahı narahat etməyəcəkdilər. Əjdaha əmin idi ki, padşah bilə-bilə öz qoyunlarını xalqına verməyəcək. Çünki padşah istəyir ki, hamı onun yanına gəlsin və ona səcdə etsinlər. Bu qəddar və paxıl əjdaha belə fikirləşirdi. Bax elə buna görə də o, əjdaha adlanırdı. Əjdahadan fərqli olaraq, padşahlığın kədərlənmiş sakinləri qoyunların onlara paylanmasını istəmirdilər. Onlar padşahla ünsiyyətdən sevinc duyurdular, onlara verilmiş qoyun yununu isə padşahın öz xalqına sevgisinin nümunəsi kimi qəbul edirdilər. Belə olan halda, qəddar əjdaha qaranlıq padşahlığından uçub gəldi və alov püskürdü. Nəhəng bir uçurum padşahlığı iki hissəyə ayırdı. Bir hissədə padşahın xalqı, digərində isə padşah və sürüsü yaşamağa başladı. Bu uçurum lap dərinliklərdən çıxan bulanıq su ilə doldu. Beləliklə, adamlar bir daha padşahın yanına gedə bilmədilər, padşah isə adamlarla görüşə bilmədi. Əjdaha ikiyə bölünmüş padşahlığın üstündən uçaraq qəhqəhə çəkib xalqın üstünə qışqırdı: — Padşahsız yaşamağı öyrənin! Özünüzə başqa sevinc mənbəyi axtarın! Padşahın keçmiş xalqı rahat və xoşbəxt yaşadığı keçmiş dövrlərdən onlara yadigar qalan geyimlərin hesabına yaşaya bilirdilər. Qoyunlar daha ağ-səma yunlarını daramağı dayandırmışdılar, bu da padşahı çox kədərləndirirdi. Lakin o, bu vəziyyətlə barışmadı, öz xalqı ilə dağılmış münasibətini bərpa edəcək bir plan düşündü. Plan ondan ibarət idi ki, körpü tikiləcəkdi. Budur, poçt göyərçini bir yolla adamlara ətraflı xilas planını və körpünün layihəsini çatdırdı. İşə başladılar. Bu möhtəşəm layihədə yalnız hazırlıqlı, güclü və sadiq adamlar iştirak edə bilərdilər. Körpünün tikintisində iştirak etməyə yararlı olmayan adamlar isə öz ağ-buludlu geyimlərini işləyənlərə verdilər. İş, çirkli iş idi: trosları bərkidir, mıxları yerə vurur, quyu qazırdılar. İşçilər hər iş növbəsindən sonra uzun müddət yuyunmalı və təmizlənməli olurdular. Bu dəstədən uzaqda qorxaq olmayan adamların içindən ən cəsarətlilərini seçdilər. Onlar qayıqlarda digər sahilə keçdilər ki, orada da tikinti işlərini görsünlər. Onlardan çoxu öldü, geri qayıdanları isə padşahın şəxsən özündən eşitdikləri şad xəbərlər gətirmişdilər. İllər keçdi, xalq körpü tikintisini davam etdirirdi. Budur, elə bir vaxt gəlib çatdı ki, mıxı uçurumun ən dərin yerinə vurmaq lazım gəldi. Bu təhlükəli əməliyyatı yerinə yetirməyi padşah öz boynuna götürdü. O, uçurumu dolduraraq cəsarətlə üfunətli suyun qarşısını aldı, sonra suyun dərinliyinə enib orada qəddar əjdahanın qulları ilə vuruşdu. Onlar padşaha hücum edir, ona həqarət edir və gülürdülər. Lakin heç nə padşaha mane ola bilmədi. O, uçuruma nədən ötrü enmişdisə, onu da yerinə yetirdi: mıxları bərkitdi və qaranlıq girdab onu uda bilmədi. Körpünü tikənlər qorxu içində padşahın uçurumun dibindən qayıdışını gözləyirdilər. Onu sağ-salamat görəndə xoşbəxtlikdən öz yoxsulluqlarını unutdular. Onların güclərinin üstünə güc gəldi. Onlar daha böyük səylə işə davam etdilər. Nəhayət, körpü hazır oldu. Onun açılışı padşahlığın tarixində ən məşhur gün oldu. İndi adamlar ağ-buludu yundan hazırlanmış təzə paltarlardan ötrü padşahın yanına gələ, onları şəxsən padşahın əlindən ala bilirdilər. Bilirsinizmi, yeni körpü ilə gələn ilk adam kim oldu? Paltarı həddindən artıq köhnəlmiş və çirklənmiş, çirkdən qaralmış adam. O, görünüşü ilə də, əməli ilə də əsl quldura oxşayırdı, qəddar və amansız olmuşdu. Körpü ilə hərəkət edənlərin ardı-arası kəsilmirdi. Yalnız cır-cındır içində olan bir dilənçi dəstə-dəstə adamların hədiyyələrlə padşahın görüşünə getməsini izləyərək qərarsız vəziyyətdə qalmışdı. Körpüdən keçən adamlardan biri üzünü dilənçiyə tutub soruşdu: — Səni tutub saxlayan nədir? Dilənçi cavab vermədi, yalnız xahiş etdi: — Padşaha mənim haqqımda danış. Bir neçə gündən sonra yolçu geri qayıtdı və həmin dilənçini körpünün yaxınlığında görüb dedi: — Bilirsən, sənə şad xəbərim var: padşah məni göndərdi ki, sənə deyim — onun sənin yoxsulluğundan və müsibətindən xəbəri var və o səni gözləyir. Dilənçi sevindi və dərin hörmətlə körpüyə qalxdı. Körpünün ortasına çatmamış arxasından acıqlı səslər eşitdi. İrəliyə doğru cəsarətlə addımlayan bir cavan gəlib ona çatdı və donquldana-donquldana dedi: — Sən demə, padşahın yanına belə bərbad görünüşdə və əliboş da getmək olarmış. Elə bu vaxt cavan oğlan ona gəlib çatmışdı. Oğlan onu ötüb keçmək istəyirdi ki, hər ikisinin yolunu padşahın iki keşikçisi kəsdi. Keşikçilərdən birinin səsi guruldadı: — Sən padşahın hüzuruna bayram paltarı olmadan çıxmağa necə cəsarət etmisən? Cır-cındır içərisində olan dilənçi kədərləndi və çevrildi ki, körpü ilə geriyə doğru qaçsın. Lakin arxasından bir səs eşitdi: — Yazıq, kədərli adam, dayan! Padşah səni gözləyir. O sənin ağrından və yoxsulluğundan xəbərdardır. Amma bu özündənrazını isə biz geriyə qaytarırıq. Budur, cavan oğlan geri qaytarıldı, dilənçi isə körpüdən keçib hündür ağ nərdivanla padşahın taxtına qalxdı və padşaha təzim edib dedi: — Mən sənin yanına uzaqlardan gəlirəm. Fırtınalardan, doludan, qızmar günəşdən keçib gəlirəm. Bağışla ki, mənim paltarım cırılmış və çirk içindədir, lakin mənim olanım budur. Padşah dedi: — Mən səni gözləyirdim. Budur, sənin yeni paltarın. Padşah sözünü qurtaran kimi yorulub əldən düşmüş yolçuya yumşaq tüklü ağ-buludlu paltar verdi. Şaxta baba Yeni il gecəsi balaca bir şəhərin uşaqları yatmamışdılar. Onlar Şaxta babanı gözləyirdilər. Hər bir uşaq Şaxta babanın hədiyyə gətirib onu yolkanın altına qoyacağını görmək istəyirdi. Əlbəttə ki, Şaxta baba bunu yaxşı bilirdi. O, balaca bir biclik işlətdi: bir neçə sehrli söz söylədi və bir müddətə balacalaşdı. Şaxta baba üç ata qoşulmuş arabası ilə çapa-çapa şəhərə gəldi. Nə qədər ki, heç kəs onu görməmişdi, sehrli sözləri söylədi və balacalaşdı. Onun atları, arabası və hədiyyə dolu torbası da balacalaşdı. Onun özü elə balacalaşdı ki, hətta alçaqboylu uşaqlar belə onu çətinliklə seçə bilirdilər. Buna görə də o, cəsarətlə bir evin açıq pəncərəsindən uçub içəri girdi. Atlarını pəncərə altında saxlayıb arabasından düşdü. O, balaca, lakin həcmli torbada bir az qurdalandıqdan sonra lazım olan hədiyyəni tapdı və onu yolkanın altına qoymağa hazır idi ki, elə oradaca… Şaxta babanın heç ağlına gələrdi ki, yolkanın altından onun üstünə it atıla bilər? Təbii ki, o, çox möhkəm qorxdu, hədiyyəsini əlindən salıb geriyə, öz arabasına doğru qaçmağa başladı. Səs-küyə oğlan yuxudan durdu, çarpayısından dik yerə atılıb işığı yandırdı. Otaqda heç kim yox idi. Oğlan hirslə ayaqlarını yerə vurdu və dedi: — İşə bir bax, iti özüm qəsdən yolkanın altına qoydum ki, o, Şaxta babanı görüb hürsün və onun gəlişini mənə bildirsin. Şaxta babanı elə görmək istəyirdim ki… Qorxmuş Şaxta baba isə güc-bəla ilə hədiyyələri ünvanlarına payladı və evinə getməyə hazırlaşdı. Sehrli sözləri əksinə söylədi ki, güman etdiyi kimi, özünün əvvəlki boyuna qayıtsın, amma yenə də balaca qaldı. Sən demə, it onu elə qorxuzmuşdu ki, o, kəkələdiyindən sehrli sözlər korlanmış və gücünü itirmişdi. Şaxta baba əsəbiləşməyə başladı. Bəs indi necə olacaq? Uşaqlar yuxudan duracaq və yolkanın altında hədiyyə görməyəcək. Axı hədiyyələrin də iri olması üçün Şaxta babanın əvvəlki boyuna qayıtması vacib idi. Səhər açıldı və uşaqlar yuxudan durmağa başladılar. Oğlan yolkanın yanına gəlib onun altında hədiyyə görməyəndə ağladı: — Şaxta baba mənə hədiyyə gətirməyib! Bu ona görədir ki, mən idman dərsindən iki almışam. Başqa bir oğlan yuxudan durdu, yolkaya yaxınlaşdı və hirsləndi: — Mənim hədiyyəm hanı? Şaxta baba haradadır? O öz məsuliyyətini məgər bilmir? Başqa bir oğlan da yuxudan durub yolkaya baxdı və özündən razı halda dedi: — Heç lazım da deyil, mən özüm istədiyim hədiyyəni alaram! Qız yuxudan durub yolkanın yanına qaçdı. Hədiyyəsini görməyəndə isə qorxmuş halda dilləndi: — Yazıq Şaxta baba! Onun başına nəsə bir bədbəxtçilik gəlib… Yeni il gələndən sonra bu şəhərciyin uşaqları günorta meydana — ən böyük yolkanın qurulduğu yerə yollanırdılar. Onlar burada şənlənir, oxuyur, oynayırdılar, Şaxta babadan aldıqları hədiyyələrlə öyünürdülər. Təsəvvür edirsinizmi ki, onlar bu dəfə nə barədə danışırdılar? Onların təəccübü, hiddəti və narazılığı necə olmuşdu? Yazıq Şaxta baba isə bu vaxt meydanın ən böyük yolkasının altında sakitcə oturmuşdu. O, elə çox oturdu ki, onun atları bir yerdə dayanmaqdan yoruldu, bir ayağını götürüb o birini qoydular və bu vaxt qoşquda olan heyvanların zınqırovları səs salmağa başladı. Bu zəngi eşidən uşaqlar yolkanın altına baxdılar. Oğlanlardan biri oyuncaq atlara qoşulmuş oyuncaq arabanı əlinə götürüb dedi: — Bir buna baxın, arabada balaca Şaxta baba! Maraqlıdır, görəsən, onun torbasında hədiyyə var? Oğlan bunu deyib barmaqlarını Şaxta babanın torbasına soxdu. Başqa bir oğlan Şaxta babanın saqqalına toxunub dedi: — Hə, o, əsl Şaxta baba deyil! Onun saqqalı da əsl saqqal deyil. Başqa bir oğlan isə dedi: — Gəlin onu yerinə — yolkanın altına qoyaq. O, hədiyyəsiz kimə lazımdır axı? Ancaq yanlarında olan bir qızın oyuncaq Şaxta babaya yazığı gəldi: — Əgər o sizə lazım deyilsə, olar onu mən götürüm? Şaxta babanın torbasını yoxlayan oğlan razılaşdı: — Götür, onsuz da torba boşdur, mən özüm yoxlamışam. Bütün uşaqlar evlərinə getdilər. Çünki nahar etmək vaxtı idi. Qız qorxudan tir-tir əsən Şaxta babanı ehtiyatla əlində saxlamış və onu sakitləşdirmək haqqında fikirləşirdi: — Qorxma, mən səni evimizə aparacam. Mənim anam səni və atlarını yedizdirər. Sən istədiyin qədər bizim evdə qala bilərsən. Bu sözlərdən sonra Şaxta baba sakitləşdi və kəkələməyi dayandı. O, sehrli sözləri yenidən deyə bildi və əvvəlki kimi böyük oldu. Atlar da, hədiyyə torbası da iriləşdi. Bu dəqiqədəcə uşaqların yolkaları altında əsl böyük hədiyyələr göründü. Uşaqlar hədiyyələri tapdılar və çox sevindilər. Amma Şaxta baba kədərləndi. O fikirləşdi: «Məgər uşaqlara onun yalnız hədiyyəsi lazımdır?» Gələn Yeni ildə Şaxta baba yenə də uşaqların hamısına hədiyyə gətirəcək: sözəbaxana da, sözəbaxmayana da, məktəbdə yaxşı oxuyana da, oxumayana da. Hər şey əvvəlki kimi olacaq. Amma bütün bunlara baxmayaraq, bu şəhərcikdə qeyri-adi bir hadisə olacaq. Yayda gözlənilmədən qar yağacaq. Hamı atmosferdə olan qeyri-adi anomal vəziyyətdən danışacaq. Yalnız bir xeyirxah qıza bu qeyri-adi hadisənin əsl səbəbi məlum olacaq. Yayda onun ad gününə üç ata qoşulmuş arabası ilə Şaxta baba çaparaq gələcək. Qısa müddətə, yalnız hədiyyəni təhvil verməyə… Yeddi rəqəmi Biri var idi, biri yox idi, şanlı-şöhrətli bir padşah vardı. O, neçə illər idi ki, öz ad gününü qeyd etmirdi. Çoxlu sayda adamlar ona qulluq etmiş və buna görə də mükafat almışdılar. Onlar vicdanla xidmət etmiş və böyük mükafata layiq görülmüşdülər. Lakin padşah illər ötdükcə daha da kədərli olurdu. O istəyirdi ki, onu mükafata görə sevməsinlər, adi adamların bir-birini sevdiyi kimi sevsinlər. Bundan başqa, padşah bilmək istəyirdi ki, onun əsl dostu var, ya yox. Budur, günlərin bir günü padşah elan etdi: — Mən istəyirəm rəiyyətim bilsin ki, yeddi rəqəmi mənim üçün xüsusidir. Kim bu rəqəmin sirrini açsa və onun mənim üçün hansı məna daşıdığını desə, məndən mükafat alacaq. Bu mükafat bu günə kimi hələ heç kəsə verilməyib — bu, mənim ürəyim olacaq. Arzu edən hər kəs öz fikrini bildirə bilər. Padşahın rəiyyəti ciddi narahatlıq keçirdilər və budur, ehtimallar irəli sürüldü. Onlardan biri karton vərəqinə yeddi rəqəmi yazıb diqqətlə ona baxdı, digəri saqqalını tutub fikirli halda dilləndi: — Mən düşünürəm ki, yeddi rəqəminin dərin elmi araşdırmasını aparmaq lazımdır. Kartonun ətrafına müdriklər dəstəsi yığışdı. Onlar öz fikirlərini bildirməyə başladılar: — Bu rəqəmin qəribə quruluşu var, hansısa bir şəkildə çarmıxa oxşayır. — Bəli, bu quruluş uğurdan xəbər verir… — Mən, deyəsən, bu rəqəmin xüsusiliyinin nədən ibarət olduğunu tapdım. Onu üç, dörd hissəyə bölmək olar və rəqəmlərin magiyası qanununa əsasən bu qeyri-adi gücü tapmaq olar. — Əla! Amma dostlar, mən xüsusi — başqa bir şey görürəm! Bir baxın: əgər bu rəqəmi çevirsək, ingilis əlifbasının L hərfi alınacaq. — Çox gözəl! Amma mən düşünürəm ki… Bu vaxt padşah mübahisə edənləri dayandırıb dedi: — Sizə elə gəlmirmi ki, sizin müzakirəniz uzanır. İndi isə hamıdan xahiş edirəm ki, dağılışsın. Rəiyyətin ən fağır adamı padşahın taxtının qarşısında baş əyib dedi: — Mərhəmətli padşah, bir kəlmə söz deməyimə icazə verərsinizmi? Saray müdriklərinin yürütdüyü fikirlərdən açıq-aydın ovqatı təlx olmuş padşah dedi: — Nə deyirəm, danış, amma çox uzun olmasın. — Mənə elə gəlir və demək olar ki, mən buna tam əminəm — bizim əlahəzrət padşahımızın yeddinci rəqəmdə doğum günüdür. Mən bu gündə bayram təşkil etmək üçün nəsə kömək etməyi sizdən xahiş edə bilərəmmi? Padşah danışana baxıb gülümsədi: — Bax, mənim tapmacamın cavabı elə budur. Yeddi rəqəmi mənim üçün doğrudan da böyük əhəmiyyətə malikdir. Yeddi rəqəmində mən doğulmuşam, yeddi rəqəmində mənim anam ana olub, atam isə ata olduğuna görə özünü xoşbəxt hiss edib. Yeddi rəqəmində mənim valideynlərimin valideynləri xoşbəxt nənələr və babalar olub. Hər ilin yeddi rəqəmində bayram olurdu. Çünki həmin gün ətrafıma mənə əziz olan adamlar yığışırdı. Təəssüf, onlar olmadıqca bayramlar da olmadı. Lakin bu il bayram olacaq və bayram masası da olacaq. Bu masada mənim ən yaxın dostum mənimlə birlikdə oturacaq. Padşah əlini ən utancaq rəiyyətinə uzadıb dedi: — Bu dost sənsən. Oğul Pavlik anasından soruşdu: — Anacan, olar gəzməyə gedim? Anası cavab verdi: — Olar, amma saat altı tamamda, zəhmət olmasa, bacını bağçadan götürərsən. Pavlik küçədə yoldaşları ilə futbol oynadı. Saat altıda o, dostlarına dedi: — Bacımı bağçadan gətirməyə getməliyəm. Yoldaşları hay-küy saldılar: — Gəl, bir saat da oynayaq. Bacını bir az gec götürsən, heç nə olmaz! Yarım saatdan sonra Pavlikin anası darvazaya yaxınlaşıb oğlunu çağırdı: — Bu nədir, Paşa, sən hələ də bacını bağçadan gətirməmisən. İndi mən özüm onun arxasınca gedəcəm. Sən isə saat səkkizdə evdə ol. Dərslərini oxumağı çatdırmalısan. Paşa evə gec gəldi. Təbii ki, dərslərini etməyə vaxt çatdırmadı. Ertəsi gün yoldaşları Paşaya məktəbdən sonra kinoya getməyi təklif etdilər. Paşa anasından icazə aldı və anası da icazə verib dedi: — Get, oğlum, ancaq cizgi filminə. Mən eşitmişəm ki, yeni gələn kino böyüklər üçündür, uşaqlar ona baxa bilməz. Paşa öz dostları ilə kinoteatrın yanında görüşdü. Əvvəlcədən bilet almağı söz verən oğlan dedi: — Cizgi filminə bilet olmadı. Gəlin, yeni gələn kinoya gedək. Deyirlər ki, o, gülməli kinodur. Paşanın kefi pozuldu: Mənim anam bu filmə baxmağı mənə qadağan edib. Yoldaşları gülüşdülər: — O, heç nə bilməyəcək. Əgər bilsə də, o, uşağını başa düşər. Paşa gülüşən dostlarına baxdı və anasını xatırladı. Anası ona həmişə yaxşı paltarlar geyindirməyə, dadlı yeməklər yedizdirməyə çalışıb. O, xəstələndiyi vaxt gecələr yüksək qızdırma ilə yatanda anası çox narahat olub. Anasının ona kitablar oxuduğunu xatırladı. Bəs anasından çox bu yoldaşlarının sözünə baxmaq üçün onlar ondan ötrü nə edib? Ona soyuq olanda, ya da yeməyə bir şey tapmayanda yoldaşları ondan ötrü narahat olacaqlarmı? Paşa yoldaşlarına baxıb qısaca dedi: — Xeyr. Anam tapşırıb ki, bu filmə baxmayım. Avtobusda Qoca bir qarı avtobus dayanacağında durmuşdu. Avtobus gəldi və qapısı qarı ilə üzbəüz açılmadı. Qoca qarı qapıya çatmaq üçün bir neçə addım atmalı oldu. Qarı donquldana-donquldana avtobusa mindi: — Sən bir yaramaza bax! Görmür ki, adam harada dayanıb. Sərnişinin rahat minməsi üçün avtobusu saxlamaq çox çətindir? Avtobus demək olar ki, tamamilə boş idi, boş yerlər də kifayət qədər idi. Ön oturacaqlarda iki oğlan oturub qızğın söhbət edirdilər. Onların diqqətini avtobusu ötüb keçən xarici avtomobillər cəlb etmişdi. Qarı onlara yaxınlaşıb dedi: — Çəkilin buradan. Görürsünüz, yazılıb ki, yaşlılar və əlillər üçündür. Odur ki, yerinizi qoca qadına verin. Bu cavanlarda yaşlılara heç bir hörmət qalmayıb. Onları kim öyrədir! Ədəbsizlər, dələduzlar… Oğlanlar səslərini kəsib dinməz-söyləməz başqa bir yerdə oturdular. Birdən avtobus sürücüsü gözlənilməyən maneəyə qarşısında qəflətən əyləci basdı. Qarı qabağa itələnib tutacağa dəydi. O, elə qışqırdı ki, sərnişinlər qorxdu: — Odun daşıyırsan, nədir? Belələrinə kim sürücülük hüququ verir? Quldur, cinayətkar! Mənə xəsarət yetirmisən, mən səni məhkəməyə verəcəm! Sərnişinlər çıxış qapısına yaxınlaşdılar, əslində bu dayanacaqda hamı düşməməli idi, deyingən qarı ilə bir avtobusda getmək az adamın xoşuna gələrdi. Xarici markalı avtomobillərin pərəstişkarı olan iki oğlan da növbəti dayanacaqda düşməyə hazırlaşdılar. Lakin davakar qadın çıxışda çox qalmamaq üçün onları pilləkəndəcə qovmağa, itələməyə və qışqırmağa başladı. Oğlanlar qarını irəli buraxdılar. Hamı avtobusdan düşdü. Qarı dayanacaqda da deyinməyə davam edirdi. İnsafsız adamları bəhanə edib düşündüklərini dedi və hündürmərtəbəli binaya tərəf döndü. Oğlanlar sakitcə durub başqa avtobusu gözlədilər. Nəhayət, uzaqdan avtobus göründü. Elə bu vaxt dayanacağa başqa bir qoca qarı yaxınlaşdı. Avtobusun qapıları onun qarşısında açılmadı. O, giriş qapısına doğru tələsdi. Qapının qarşısında qarı oğlanları qabağa ötürüb dedi: — Siz, gənclər, keçin, mənim keçməyim hələ bir az uzun çəkəcək. Sizi gözlətmək istəmirəm. Oğlanlar bir-biri ilə baxışdılar və bir ağızdan dedilər: — Biz sizə kömək edərik! Qarı sevinclə dedi: — Çox sağ olun, siz necə də mehribansınız. Avtobus yerindən tərpəndi və qəflətən əyləci basdı. Qarı tutacaqdan bərk-bərk yapışdı: — Oy, görünür, nəsə baş verdi. Sonra isə sürücüyə tərəf dönüb soruşdu: — Necəsən, əzizim? Əsas odur ki, narahat olmayasan, əsəbiləşməyəsən. Şəhərdə nə qədər avtomaşın əzilib. İndi sürücü işləmək çox çətindir. Oğlanlar çıxışa tərəf tələsdilər, qarı da çıxışa tələsdi. Qapı qarşısında onlar rastlaşdılar Qarı onları irəli buraxıb dedi: — Siz, uşaqlar, qaçın, mənim düşməyim uzun çəkəcək. Oğlanlar bir-birinə baxdılar və bir ağızdan dedilər: — Biz sizə kömək edərik! Üçü də avtobusdan düşdü və qarı dedi: — Siz necə də yaxşı oğlanlarsınız! Allah sizə kömək olsun! Bu oğlanlar məbəddəki xorun məşqlərinə gedirdilər. Xorun rəhbəri ilə görüşəndə isə ona nəqliyyatda qarşılaşdıqları iki qoca qarı haqqında danışdılar. Xorun rəhbəri dedi: — Yəhyanın Müjdəsində yazılıb ki, indi Ona, yəni İsa Məsihə böyümək, mənə isə kiçilmək gərəkdir. Birinci rastlaşdığınız qarı görünür ki, ömrü boyu özü ilə məşğul olub, yəni özü böyüyüb, ikinci qarı isə İsa Məsihə daha geniş yer ayırıb, yəni kiçilib. Siz hansı adamlarla birlikdə olmaq istərdiniz? Oğlanlar əminliklə cavab verdilər: — İsa Məsihlə böyüyən adamlarla! Xorun rəhbəri dedi: — Əslində biz yalnız özü haqqında düşünən, Məsihdə özünə yer tapa bilməyən adamları xoşlamırıq. Tort Böyük bayrama hazırlıq gedirdi. Ana əvvəlcədən bayram süfrəsinin menyusunu hazırlamış və ən yaxşı ərzaqları almışdı. Qonaqlar üçün sürpriz isə tort olmalı idi. Onun hazırlanması üçün kərə yağı, qaymaq, şəkər tozu, vanil, ərik, ananas və hətta içki üçün olan likör da alınmışdı. Gecə yatmazdan əvvəl ana qızına dedi: — Sabah mənim üçün çətin gün olacaq. Bircə bütün işlərimi çatdıra bilsəydim. Ertəsi gün qız səhər tezdən yuxudan durdu. Evdə hamı hələ yatırdı. O, anasını sevindirmək qərarına gəldi. Sərbəst şəkildə qayğanaq, fəsəli, meyvə salatı, likör və vanillə çalınmış qaymaq hazırladı. Ana yuxudan durdu, yataqdan qalxıb yuyundu və mətbəxə keçdi. Qızı anasını hay-küylə qarşılayıb əlini hazırladığı süfrəyə uzatdı: — Sürpriz! Anası stula əyləşdi, başını yellədi və ağır-ağır nəfəs aldı. O gülümsəyə də bilmədi, belə bir sürpriz onu heç sevindirmədi. Ana qızına dedi: — Nə etmək olar, indi sən mənimlə mağazaya gedəcəksən. Hazırlaş. Ana və qızı yaxınlıqdakı mağazaya getdilər, çoxlu növbələrə durdular və evə ərzaqlarla dolu ağır çantalarla gəldilər. Evə çatanda anası dedi: — Planlaşdırdığım pulun iki dəfə artığını xərcləməli oldum. Buna görə də gələn həftə mən sənə məktəb üçün səhər yeməyi verə bilməyəcəm. — Anacan, bəs bayram olacaq? — Bayram da olacaq, tort da yeyəcəksən, elə buna görə yenidən ərzaqlar almışıq. Şadyana keçən bayramdan sonra gecəyarısı qız yatmazdan əvvəl Müqəddəs Kitab oxuyurdu. Anası sakitcə onun yanında divanın bir kənarında oturmuşdu. Qızı soruşdu: — Yer üzünə pislik haradan gəlib? Axı bütün adamlar yaxşılıq istəyir və öz yollarında yaxşı olmağa çalışırlar. Anası yorğun-yorğun gülümsədi və soruşdu: — Sən Eden bağı haqqında oxumusan? — Bəli. Xeyir və şər ağacı. Allah nə üçün bəla gətirən ağacı cənnətin ortasında yerləşdirdi? — Onda pislik yox idi. — Bu, necə ola bilər? — Bu, xeyir və şəri bildirən ağac idi, yaxşı və pis ağac deyildi. Adəm bilməli idi ki, xeyir və şər var. Bu, Adəmin dövründən gəlib çıxır: çox vaxt pis görünən şey yaxşı olur və ya əksinə, xeyir bildiyimiz əsl şər olur. — Ay, anacan, Adəm Allaha qulaq asmayanda, O gör necə kədərlənib. — Ağıllı qızım, yaxşı ki, sən bunu başa düşürsən. — Amma mən heç cürə başa düşmürəm ki, insan niyə belə etmişdi? — Öz sərbəstliyini göstərmək istədiyi üçün. Bu sözləri deyib anası gülümsədi və gözucu qızına baxdı. Qızı ah çəkdi: — Bu gün səhər mən sənin tort üçün aldığın ərzaqları istifadə etdiyim kimi? — Ağıllı qızım, yaxşı ki, sən bunu başa düşürsən. Fyodor və dovşanlar Günəş çıxdı. Fyodor ruh yüksəkliyi ilə yerindən qalxdı, yuyundu, geyindi və səhər yeməyini doyunca yeyib evdən bayıra çıxdı. Fyodor artırmada durub qonşu evə baxdı və dedi: — Hələ yatırlar. Mən isə işləməyə gedirəm. Fyodor dırmığını götürüb bostana yollandı. Sahələr arasında ağaca bərkidilmiş lövhə qoyulmuşdu: «Mənim bostanım. Bura girmək olmaz!» Bostançı Fyodor hər bir kələm ləkinin dibini torpaqla doldurmaqla məşğul oldu. Lək böyük idi, orada çoxlu kələmlər əmələ gəlmişdi. Fyodor vicdanla işlədi. Birdən o öz bostanına bir dovşanın gizlicə yaxınlaşdığını gördü. Dovşan kələmin yanında yetişən çuğundur tağında gizlənib ehtiyatla kələm başlarından birinə yaxınlaşdı. Fyodor hirsindən hətta kəkələdi də: — S-ə-n kim-s-ə-n? S-ə-n nə edirsən? Nə cürətlə? Burada lövhə qoyulub axı… Dovşan arxa pəncələri üstə düz lövhənin yanında durdu və Fyodora tərəf çevrildi: — Bəli, mən özüm qəsdən bura gəldim ki, sənə deyim — sənə afərin, bostanda ideal səliqə-sahman yaratmısan. Fyodor dovşana baxıb ürəkdən gülümsədi. Dovşan isə əlini belinə vurub davam elədi: — Heç kimin tərəvəzləri sənin tərəvəzlərin kimi yetişmir. Bunu deyib dovşan pəncəsini qonşu bostana tərəf yellədi: — Budur, heç olmasa Stepanın bostanına baxaq. Deyirəm ki, Stepanda cəngəllik yetişir, Vasiliy isə ümumiyyətlə, heç torpaq da belləyə bilmir. O, ancaq öz dəmirçixanasında çəkic taqqıldada bilir. Fyodor dovşanın söhbətinə qulaq asa-asa başqalarının bostanına baxıb başını yelləyirdi. Elə bu vaxt dovşan bir baş kələmi qoparıb məharətlə kürəyi arxasında gizlətdi və dalı-dalı meşəyə tərəf çəkilib dedi: — Səni işindən ayırmayım.. İşinə bax. Dovşan getdi, Fyodor isə yenidən yeri qazmağa başladı. Budur, qəflətən gördü ki, ləkdə bir kötük var, amma bir baş kələm yoxdur. Fyodor həyəcanlandı: — Ax, yalançı! Axı o necə cəsarət etdi? Oğruçu! Fyodorun işləmək həvəsi yoxa çıxdı. O, evə getdi ki, yeməyini yesin. Kədərli halda yeməyini yedi, bir qədər istirahət etdikdən sonra «Ya Rəbb! Məni bu dovşandan qoru! Sən özün bilirsən ki, o, necə kələkbazdır!» deyə dua edib yenidən bostana yollandı. Bostana qayıdan Fyodor yenidən yeri qazmağa başladı. Yoruldu. Belini düzəltmək üçün dik qalxdı və gördü ki, meşədən bir dovşan onun bostanına tərəf üzüaşağı gəlir. Fyodor onun üstünə qışqırdı: — Rədd ol! Dovşan isə sanki qışqırtını eşitmirmiş kimi Fyodorun qabağına hoppandı, arxa pəncəsini qaldırıb soyuqqanlıqla dedi: — Narahat olma, mən toxam. Sənin yanına isə dostyana məsləhətlə gəlmişəm. Fyodor əlindəki alətini bir kənara qoyub ehtiyatla dedi: — Necə? Dovşan dedi: — Sən ancaq kələm əkirsən, kök də əkmək lazımdır. Birdən kələm məhsul vermədi? Fyodor təklifi fikirləşə-fikirləşə yerə oturdu, dovşan isə bir-iki baş kələm xırçıldatdı, çətinliklə onları pəncələrində tutub kürəyi arxasında gizlətdi və dalı-dalı meşəyə çəkildi. Boz dovşan vidalaşmağı unutmadı: — Hələlik, zəhmətkeş! Fyodor iki baş kələmin yoxa çıxdığını görüb əvvəlkindən də pis məyus oldu: — Bu nədir axı belə? Bu nə oğrudur mənim bostanıma dadanıb? Fyodor ağlaya-ağlaya dua elədi: «Ya Rəbb! Məni bu zərərdən qurtar! Bu dovşandan müdafiə et!» O, doyunca ağladı və yenidən ləkləri səliqəyə salmağa başladı. Elə bu vaxt bostanın ortasında olan lövhənin yanında artıq bir deyil, iki dovşan durmuşdu. Hər birinin belində bir baş kələm vardı. Dovşanları görən kimi Fyodor elə qışqırdı ki: — Siz, çıxın gedin buradan! Ədəbsiz oğrular! Qonaqlardan biri dedi: — Sən, dostum, nə üçün belə qışqırırsan? Mən öz yoldaşıma sənin haqqında o qədər danışmışam ki… Sənin xeyirxah, həssas olmağından danışmışam. O, yalvar-yaxar edib ki, onu səninlə tanış edim. Düşünürəm ki, mən ona yaxşı insan göstərəcəm. Fyodor yavaşca ah çəkdi və dedi: — Əlbəttə, çalışıram ki, xeyirxah işlər görüm. Dovşan davam etdi: — Ayaq üstə qalma, otur söhbət edək. Yaxşılıq və mərhəmət haqqında danışaq. Bostançı dovşanla qarşı-qarşıya oturub xoş sözlər eşitməyə hazırlaşdı. Bu vaxt isə onların kürəyi arxasından digər dovşan tələsmədən iri həcmli baş kələmləri çantanın içinə yığırdı. Natiq sözünə davam edirdi: — Yaxşı adamlar az qalıb. Elə sənin qonşun İvanı götürək. Əslində o da işgüzardır, amma nə üçün bostanını tikanlı məftillə əhatə edib? Bəs Stepan? Elə çəpər hörüb ki, sanki onunku bostan deyil, padşah qəsridir. Vasiliy haqqında isə danışmağa dəyməz, o, bostanı tamam başlı-başına buraxıb, orada yalnız alaq otlarıdır… Hə, bizim getmək vaxtımız gəlib çatdı. Maraqlı söhbətə görə çox sağ ol… Hələlik, tezliklə görüşərik. Dovşan bu sözləri deyib qurtaranda onun yoldaşı artıq demək olar ki, meşədə idi. Fyodor eşitdikləri barədə düşünüb hələ bir az da oturdu. Sonra isə dırmığı əlinə aldı. Təbii olaraq, o anda da gördü ki, ləkdə ən azı beş kələm çatışmır. Fyodor acı-acı elə ağladı ki, hətta qonşusu Stepan öz çəpərindən onun səsini eşitdi. Eşidən kimi də onu səslədi: — Ey Fyodor, nə baş verir? Fyodor hıçqıra-hıçqıra dedi: — Allah mənim dualarımı eşitmir. O məni tərk edib. Stepan heyrətləndi: — Belə bir şey heç vaxt mümkün deyil! — Elədir! Ona yalvarıram ki, məni dovşanlardan qorusun. Bir bax, yenə də kələm qırıq-qırıq olub. Stepan yarıboş ləklərə baxıb soruşdu: — Bəs sən özün dovşanlardan qorunmaq üçün nəsə etdin? Bu sualdan Fyodor hətta küsdü də: — Belə bir lövhə qoymuşam ki, bura mənim bostanımdır. Stepan başını yellədi və dedi: — Necə qorusan, elə də nəticə görəcəksən. Qonşusu getdi, Fyodor isə dua etdi: «Ya Rəbb, heç kəs mənə kömək etmək istəmir. Məni bu dovşandan qoru…» Akvarium Gözəl bir akvariumda onun sakinləri üçün hər bir şərait yaradılmışdı. Akvariumun dibində təmiz kiçik daşlar və balıqların sığınacağı üçün heyrətamiz tikili var idi. Müəyyən vaxtlarda balıqlara yemək verilir, su isə qurğu vasitəsilə bütün vaxtı təmiz hava ilə təmin edilirdi. Balıqların xəstələnməməsi üçün akvariuma mikrobları öldürən dərman bitkisi qoyulmuşdu. Balıqlar bu bitkinin ətrafında üzüşür və öz kürəkləri ilə ona toxunurdular. Bir dəfə hər şeylə maraqlanan balıq dərman bitkisinin dadına baxmaq istədi. O, yarpaqdan dişlədi, onu uddu və şənlənməyə başladı. Sonra o, rəfiqələrini çağırdı, dişi balıqlar da özlərini dərman bitkisinin üstünə atdılar, onu yarpaq-yarpaq gəmirməyə başladılar və şənləndilər. Buna baxmayaraq, onlar uzun müddət şənlənə bilmədilər. Tezliklə balıqlar arasında mübahisə yarandı, onlar bir-birini yeməkdən uzaqlaşdırmağa çalışdılar. Vurnuxmadan istifadə edən bir sürətli balıq böyük bir yarağı götürdü və onunla birlikdə öz evciyində gizləndi. Burada o öz qənimətini ümidlə daşın altında gizlətdi. Tezliklə soxulcanlar bu daşın başına yığışdılar. Balıq soxulcanlardan birini dadmağı sınaqdan keçirtdi və bu, onun xoşuna gəldi. Balıq cəld öz rəfiqələrini qonaq çağırıb onları soxulcana qonaq etdi. Qarınqulu balıqlar yedilər və yeməyi təriflədilər. Soxulcanlar qurtaranda qonaqlar yeməyə başqa heç nə yoxdur deyə o tərəf bu tərəfə baxdılar.Yeməli bir şey tapmayanda isə bir-birinin üstünə atıldılar və bir-birini dişləməyə başladılar. İş o yerə gəlib çatdı ki, acgöz bir balıq digərini uddu. O vaxtdan akvariumda yaşamaq təhlükəli olmağa başladı. Balıqlar bir-birini yeyirdilər. Elə bu vaxtlar dərman bitkisinin ancaq gövdəsi qalmışdı. O demək olar ki, məhv olmuşdu və daha mikroblarla mübarizə apara bilmirdi. Soxulcanlar o qədər törəyib çoxalmışdılar ki, akvariumun bütün dibini tutmuşdular. Su iyli və bulanıq olmuşdu. Balıqlar xəstələnməyə və ölməyə başladılar. Yalnız bir neçə balıq öz evciklərində gizlənərək baş verən bu ağılsızlıqlardan uzaqda qalmışdı. Elə bu vaxt akvariumun sahibi öz evciklərində gizlənən balıqları tor ilə götürüb təmiz su tökülmüş bankaya qoydu, akvariumun içindəkiləri, xüsusilə də xəstələri su ilə birlikdə boşaltdı. Akvariumu yuyub təmizləməli, qurutmalı oldu. Yenidən dibinə daşlar düzdü və təmiz su tökdü. Hər şey hazır olanda isə bankada olan sakit, tərbiyəli balıqları içinə buraxdı. Yenidən akvariumun içində şən, xoşbəxt həyat başlandı. Balıqlar get-gedə çoxalırdı. Bir dəfə akvariumun sahibi gördü ki, balıqlardan biri dərman bitkisinin yarpağını dişlədi. O, həmin andaca toru götürüb həmin balığı tutdu və onu tulladı. Hirslənmiş balıq dedi: — O özünü kim hesab edir? Necə böyük qəddarlıqdır! Başqa bir gün isə ehtiyatlı balıq daşın altında azacıq yemək gizlətmişdi. Akvariumun sahibi bunu gördü, toru götürüb balığı tutdu və onu akvariumdan tulladı. Bu vaxt bir neçə balıq özündən çıxdı: — Bizim sahibimiz qorxulu adamdır! Ən parlaq balıq soruşdu: — Kim üçün o qorxuludur? Hamı bilirdi ki, bu balıq hələ əvvəlki akvarium məhv olmamışdan orada yaşayan həmin qızıl balıqdır. Bəzi balıqlar onun sözünü dinlədi, bəziləri isə ona qarşı çıxdı. Qızıl balıq öz oğluna dedi: — Akvariumun sahibi qorxuludur, amma sözə baxmayanlar üçün. Düzgün hərəkət et və nəyin pis, nəyin yaxşı olduğunu bil, onda sahib sənin üçün qorxulu olmayacaq. Qorxular Avtobus dayanacağına bir maşın yaxınlaşdı və dayandı. Sürücü maşının pəncərəsindən baxıb dayanacaqda duran bir nəfəri səslədi: — Denis! Otur, səni aparım! Denis maşının qapısını şappıltı ilə örtüb dedi: — Xoş gördük, Kirill! Görürəm ki, sən sürücülük vəsiqəsi almısan. — Əlbəttə ki, almışam. Özüm belə inanmıram. Denis dərindən ah çəkdi və dedi: — Mən isə, yəqin ki, heç vaxt vəsiqə ala bilməyəcəm. — Cəhd etmisən? — Cəhd etmişəm. — Bəs nə üçün alınmayıb? — Qorxuram. O qədər qadağanedici nişan, işarələr var ki, onlara baxanda hara nə üçün getdiyimi unuduram. Kirill təəccübləndi: — Nə danışırsan? Belə də olur? — Ürəyin istəyən qədər! Məsələn, «Giriş qadağandır!» nişanını görən kimi məni dəhşət basır. — Nə üçün axı? — Mənə elə gəlir ki, mən artıq qaydanı pozmuşam və qadağan olan yerə keçmişəm. Kirill güldü: — Axı əslində sən o yerə getməmisən. — Amma mənə elə gəlir ki, artıq o yolla getmişəm. Nişanı görürəm və düşünürəm ki, artıq qaydanı pozmuşam. Bütün qadağanedici nişanların hamısı çox qorxuludur, çünki qaydanı pozsan, cəzalanırsan! Sənə daha bir nümunə göstərim: düz gedirəm, qəflətən qarşıma «Döngə üçün yer» nişanı çıxır. Buna görə də nişanı görüb geri qayıdıram, baxmayaraq ki, mənə düz getmək lazımdır. Kirill başını yellədi: — Necə düşünürsən, işarələr nə üçündür? Ona görə ki, sən evdə oturasan? Nişanlar ona görədir ki, sən sükan arxasında olanda yolda nizam-intizam olsun! Deyəsən, mən səni nələrdəsə başa düşürəm. Mənim də həyatımda buna oxşar şeylər baş verir, amma başqa sahədə. Mövzumuza əsaslansaq, mən Müqəddəs Kitab oxuyanda o dəqiqə özümü günahkar və ya qaydaları pozan kimi görürəm. Məsələn, yazılıb ki, Rəbbin işini yarımçıq görənə lənət olsun! Bu sözləri oxuyanda — məni də dəhşət bürüyür. Hətta nəsə etməyə də qorxuram. Bu dəfə Denis təəccübləndi: — Nədən belə qorxursan ki? Bildiyim qədəri ilə sən istənilən işə ciddi yanaşırsan! — Burada başa düşülməyən nə var ki? Əgər deyilibsə, demək, mənim üçün deyilib. — Deyilir ki, sən belə hərəkət etməyəsən və sənə afərin ki, sən belə etmirsən. Kiril sakitləşmək bilmədi: — Səni necə başa salım? Bax, məsələn, mən dülgər işləmək istəyirəm. Müqəddəs Kitabda isə əkin-biçinlə məşğul olan adam haqqında oxuyuram. Mən düşünməyə başlayıram ki, məndə hər şeyin qaydasında olması üçün özümə əkin-biçin yolu seçməliyəm. Beləcə qadağalar haqqında oxuyanda, narahat oluram. Denislə Kirill dörd yol ayrıcılarını, işıqforlardan yan ötə-ötə bir müddət dinməz-söyləməz getdilər. Yolda çoxlu nişanlar vardı: nəyisə qadağan edən, göstəriş verən, nəsə haqqında xəbərdarlıq edən. Nəhayət, Denis dilləndi: — Bilirsən, Kirill, mən səninlə danışandan sonra belə qərara gəldim ki, mən nişanlardan qorxmamaq üçün maşın sürməyi öyrənəcəm. — Mən isə qərara gəldim ki, Müqəddəs Kitabı oxumaq dərslərinə yazılım. Orada Müqəddəs Kitabı oxumağı elə öyrənim ki, yaşamaqdan qorxmayım. Qızıl ürək Bir adam haqqında belə deyirdilər ki, onun qızıl ürəyi var. O, səxavətli, xeyirxah və ünsiyyətcil adam idi. Çoxları da bundan öz maraqları üçün istifadə edirdilər. İsa Məsih bunu gördü və qızıl ürəyi olana adama belə dedi: — Hər şeydən çox ürəyini qoru. Adam cavab verdi: — Yaxşı. İsa Məsih ona xəbərdarlıq etdi: — Bu, elə də asan deyil. Yaxşısı budur ürəyini Mənə ver. Xeyirxah adam əminliklə dedi: — Xeyr, mən özüm onu qoruyaram. Qızıl ürəkli adam yalnız xeyirxah adam deyildi, eyni zamanda çox da ağıllı idi. Buna görə də o, qərara gəldi ki, adamlarla bir daha ünsiyyət qurmasın. Bununla da adamlar onun yaxşılığından öz maraqları üçün istifadə edə bilməyəcəkdilər. Beləcə, bir neçə il keçdi və qızıl ürək tənhalıqdan darıxmağa başladı. Bir dəfə qızıl ürəkli adamın yaşadığı evin qapısı döyüldü. Adam soruşdu: — Kimdir? — Bu, bizik, sənin qonşuların, sənə sevinc və şənlik gətirmişik. Evin sahibi qapını geniş açıb bütün səxavəti ilə qonaqları qəbul etdi. Beləcə, onun həyatına şənlik daxil oldu: sağlıqlar, qəhqəhələr, bayram basabasları, qeybətlər, son şayiələrin çatdırılması. Lakin qızıl ürəkli adam elə yoruldu ki, onun xeyirxahlıq və şəfqət yaratmağa gücü qalmadı. O, heç vaxt olmadığı qədər kədərləndi. Yenə onun qapısını döydülər. Evin sahibi hirslənmiş halda soruşdu: — Kim var orda? — Bu, bizik, sənin dostların, sənə rahatlıq və sülh gətirmişik. O, qapını geniş açdı. Yeni dostlar ona heç nədən ötrü narahat olmamağı öyrətdilər. Onlar deyirdilər: sənin üçün nə fərqi var axı, qəddarsan, yoxsa xeyirxah… səxavətlisən və ya xəsis, canlısan, yoxsa ölü. Doğrudan da nə fərqi var deyə qızıl ürək adam razılaşdı. Elə o andaca biganəlik onun əl-qolunu bağladı və o, insafsız oldu, hər şeyə biganə və əhəmiyyətsiz yanaşmağa başladı. O, ətrafında haqsızlıq və bədbəxtlik, insanların necə iztirab çəkdiyini, əzaba qatlaşdığını görür, lakin bu barədə düşünmək istəmirdi. Tezliklə o, ətraf aləmin amansızlığına elə alışdı ki, özü qəddarlaşmağa, inadkarlaşmağa, küsəyən olmağa, başqalarına yara vurmağa başladı. Həmin vaxt İsa Məsih yenə onunla rastlaşdı və dedi: — Ürəyini Mənə ver. Qızıl ürəkli adam sakitcə dilləndi: — O, korlanıb, heç nəyə yararlı deyil. İsa Məsih onu dilə tutdu: — Yenə də ürəyini Mənə ver. — Götür və məni bağışla. İsa Məsih qızıl ürəkli adamı bir qədər əvvəl dostları ilə birlikdə dedi-qodusunu etdiyi adamların yanına gətirdi. Qızıl ürəkli adam utandı və peşmançılıq çəkdi. İsa Məsih onu xəstəlikdən və kasıblıqdan əziyyət çəkən adamların yanına gətirdi. Qızıl ürəkli adam bədbəxt və yazıq adamlara baxanda şiddətli ağrıdan ürəyi parça-parça oldu. Bir anlığa o, dayandı, sanki öldü və yeni — xeyirxahlıqla, səxavətlə və rahatlıqla dolu olan güclə doldu. Xoşbəxt adam dedi: — Təşəkkür edirəm, İsa Məsih! İndi mən bildim ki, mənim ürəyimə nə lazımdır! İndi başa düşdüm ki, Sən nə üçün deyirsən: «Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm». Mən indi Sənin bu sözlərini də dərk edirəm: «Oğlum Mənim, ürəyini Mənə ver…» Bu vaxt qapı döyüldü. Ev sahibi soruşdu: — Kimdir? — Bu, bizik, sənin qonşuların. Sənə sevinc və şənlik gətirmişik! Qızıl ürəkli adam dedi: — Mənə sizin sevinciniz və şənliyiniz lazım deyil. Mən sizi evimə buraxmayacam. Qapı yenidən döyüldü və qızıl ürəkli adam tanış sözlər eşitdi: — Bu, bizik, sənin dostların, sənə sülh və rahatlıq gətirmişik! Ev sahibi əminliklə dedi: — Mənə sizin sülhünüz və rahatlığınız lazım deyil! Mən sizi evimə buraxmayacam. Qızıl ürəkli adam evdən çıxdı. O, qarşısına çıxan hər kəsə yaxşılıq etdi, qayğı və sevgi göstərdi, heç vaxt da yorulmadı.