Coş MAKDAUELL Ed STYUART ƏSL SEVGİ AXTARIŞINDA MİNNƏTDARLIQ Texas ştatının Ostin şəhərindəki Intimate Life Ministries-in direktoru Devid Ferqyusona «911: Təcili Psixoloji yardım» silsiləsinə böyük əmək sərf etdiyinə görə minnətdarıq. Bu silsilənin hər kitabında Intimate Life Ministries-in prinsipləri ilə yanaşı Devidin də təsiri hiss olunur. Devid bizə başqaları üçün Allahın təsəllisinin, dəstəyinin və ruhlandırmasının necə olduğunu göstərir. Eləcə də Coş Makdauellin iyirmi üç illik həmkarı Deyv Bellisə «911: Təcili Psixoloji Yardım» silsiləsində göstərdiyi köməyə görə təşəkkür edirik. Bu silsilədəki hekayələr onun «Youth in Crisis Resource» («Gənclər böhran vəziyyətlərində») proqramından götürülüb. Biz Deyvə istedadına və bu işdə iştirakına görə çox minnətdarıq. Nəhayət, nəinki bu layihəyə inanan, həm də onu davamlı olaraq dəstəkləyən naşirimiz Word Publishing-dən Coui Pola minnətdarıq. LYUKUN HEKAYƏSİ Lyuk qısa zamanda təpənin zirvəsinə çatmağa tələsirdi. Lakin yanında əyləşən rəfiqəsi Treysi şəhərin gecə görünüşündən zövq almaq istəyirdi. Ona görə Lyuk sürəti azaltmalı olurdu. O, Treysinin gəzintidən zövq almasını istəyirdi. Çünki Treysiyə xoş olsaydı, onda görüşləri onun da ürəyincə olacaqdı. — Bir buna bax, Treysi! — Lyuk şəhərin sol tərəfində parlayan işıqları göstərdi. Onun nəzərdə tutduğu kimi Treysi təhlükəsizlik kəmərinin imkan verdiyi qədər ona tərəf əyildi. Onun bədəninin və saçlarının ətri valehedici idi. Treysi sol əli ilə Lyukun boynuna toxundu və sağ əlini yavaşca onun budunun üstünə qoydu. Lyukun həyəcandan kürəyi titrədi. O, az qala sükan arxasında olduğunu unudacaqdı. Özünü toplayıb sükandan möhkəm tutdu və yola baxmağa davam etdi. Lyuk indi bu gözəl gecəni korlaya biləcək qəzaya düşməyi qətiyyən istəmirdi. — Ah, necə də gözəldir, Lyuk! Bir ora bax! Qatarın stansiyadan necə uzaqlaşdığını görürsən? — Treysi bu sözləri deyərkən isti nəfəsi ilə onun qulağını isitdi. O, sanki nəğmə oxuyurdu. Lyuk yenidən əsdiyini hiss etdi. — Aha, çox gözəldir, — Lyuk pəncərə tərəfə baxaraq, heç bir qatar görməsə də dedi. — Belə bir ecazkar gecədə məni buraya gətirdiyin üçün afərin sənə! — Treysi dedi. O, Lyuka tərəf əyilib onun yanağından öpdü, sonra yenə oturacağa söykəndi. Lyuk ürəyinin necə çırpındığını hiss etdi. Treysi həmişə onda ən çılğın hissləri oyadırdı. Onun zahiri görünüşü, ətri, xüsusilə də toxunuşu... o, Treysidən doya bilmirdi. O, Treysinin də ona qarşı eyni hissləri yaşadığına tamamilə əmin idi. Bu gecə Lyuka ucuz başa gəlməmişdi. Treysi romantik görüşləri sevdiyi üçün onu bahalı fransız restoranında şam işıqları altında yeməyə dəvət etmişdi. Yaxşı görünmək üçün o, köynəklə qalstuka da pul xərcləməli olmuşdu. Xüsusilə planetariyadakı əyləncə çox pul aparmışdı. Bu cür xərclər yarım gün işləyən yuxarı sinif şagirdinin cibinə uyğun deyildi... Buna baxmayaraq, Treysinin dalınca gedəndə Lyuk bilirdi ki, bu xərclərin çəkilməsinə dəyər. İncə qamətini gözə çarpdıran donda qız məktəblidən daha çox kino ulduzu kimi görünürdü. Buna görə boşalmış pul kisəsini doldurmaq üçün gələn həftəni iş vaxtından artıq işləməyə dəyər! — Planetariyadakı əyləncə barədə mənə ətraflı danış, — Treysi onun dizini nəvazişlə sığallayaraq incə səslə dedi. — İnana bilmirəm ki, bir il burada yaşamağıma baxmayaraq, bir dəfə də olsun orada olmamışam! — Planetariyanın zalında hündür günbəzşəkilli tavan var, — Lyuk dizinin üstünə qoyulan ələ fikir verməməyə çalışaraq izah etməyə başladı. — İşıqlar sönəndə tavanda xüsusi proyektorun köməyi ilə işıqlar peyda olur. Onlar ulduzlar kimi görünür, əsl gecə səmasında olduğu kimi! Sonra isə lektor bürcləri, asteroidləri, meteoritləri göstərir. Bu möhtəşəmdir! — Astronomiyanı çox sevirəm. Gözləməyə hövsələm çatmır! — Treysi güldü. Onun gülüşü çox cazibədar idi. — Ulduzlar... necə də romantikdir! Lyuk xəfifcə gülümsündü: əgər Treysi özünü «romantik» hiss edəcəksə, demək, o, vaxtını pis keçirməyəcək! Təpənin başı sərin idi. Onlar maşın dayanacağından planetariyanın binasına gedərkən Lyuk Treysinin belindən tutub özünə tərəf çəkdi. Şou proqramda iki yüzdən çox adam var idi. Lakin Lyuk yalnız Treysini görürdü. Deyəsən, Treysi də baş verənlərdən zövq alırdı. Lyuk onun yanında olduğundan, onun yumşaq əllərini öz ovuclarında hiss etdiyindən məmnun idi. O, gizlicə bir öpüş qopardı. Bunun Treysinin ürəyincə olduğu açıq-aydın hiss olundu. Şoudan sonra onlar küçəyə çıxdılar və şəhərin işıqlarından zövq almaq üçün oturacaqda əyləşdilər. Lyuk öz pencəyini Treysinin çiyninə ataraq onu qucaqlamışdı. Onlar isinmək üçün skamyada bir-birinə sıxılaraq oturmuşdular. Lyuk ehtirasının daha da alovlandığını hiss edirdi. Treysi qətiyyən müqavimət göstərmirdi, bu da Lyuku həvəsləndirirdi: onun öpüşləri daha da alovlanırdı. İstədiyi tək şey — mümkün qədər ona yaxın olmaq idi. Görünür, Treysi də bunu istəyirdi. Onlar avtomobilə qayıdanda qucaqlaşıb öpüşməyə davam etdilər. Lyuk artıq özünü çətinliklə idarə edirdi. O, məsihçi idi və bəkarətin vacibliyini başa düşürdü. Üç il əvvəl gənclər düşərgəsində nikaha qədər bəkarətini qoruyacağı barədə Allaha vəd vermişdi. Yuxarı siniflərdə oxuduğu müddətdə vədinə sadiq qalmışdı. Bu, ay yarım əvvələ kimi — Treysi ilə qarşılaşana qədər heç də çətin olmamışdı. O, heç bir qıza qarşı bu cür hisslər yaşamamışdı. Bu, əsl susuzluq idi və günbəgün daha da artırdı. Lyuk onu bürüyən hisslərin altında Treysini sığallaya-sığallaya üzünü öpüşlərə qərq etdi. Bu hərəkət ona tamamilə yad idi. Elə görünürdü ki, Treysi Lyukun sel kimi yağdırdığı sevgi əlamətlərini böyük məmnuniyyətlə qəbul edir. Lyuk Allaha verdiyi vədi pozmamaq üçün iradəsini toplayıb, özünü dayanmağa məcbur etdi. — Evə getmək vaxtıdır, — o, Treysidən könülsüz uzaqlaşaraq dedi. — Hə, — Treysi zəif səslə dedi. Onlar yolboyu susdular. Lyuk ehtirasını cilovlaya bilmədiyi üçün özünü narahat hiss edirdi. Bəs nə üçün o, indiyə qədər bu hissləri başqa bir qıza qarşı hiss etməyib? Nə üçün o, məhz Treysi ilə sekslə məşğul olmaq istəyirdi? Maşını sürə-sürə ilk dəfə ağlına belə bir fikir gəldi: «Əgər Treysiyə qarşı bu cür hisslər keçirirəmsə, ola bilsin, mən, həqiqətən, ona vurulmuşam!» TREYSİNİN HEKAYƏSİ «Ya Rəbb, vicdanımla kompromisə getdiyim üçün məni bağışla!» — Lyuk onu evinə apararkən Treysi ürəyində dua edirdi. O öz hərəkətinə görə bakirəliyini qoruyacağı barədə Allaha verdiyi vədi az qala pozacaqdı deyə xəcalət çəkirdi. Treysinin nə Lyuk, nə də qeyri-birisi ilə həddi aşmaq fikri yox idi. Lakin bu axşam o, hisslərinə hakim ola bilmədi. Romantik şam yeməyi, şamlar, ulduzlar, Lyukun ona xoş olanı etmək istəyi — bütün bunlar olduqca gözəl idi. Lyuk o qədər incə, diqqətli, qayğıkeş idi ki, onu razı salmaq üçün Treysi hər şey etməyə hazır idi. Amma nədənsə Lyuk vaxtında dayana bildi, yoxsa sonra çox gec ola bilərdi. Treysi bir tərəfdən rahatlıq hiss edir, digər tərəfdən isə məyus olmuşdu. Lyuk birdən elə sərt dayandı ki, sanki Treysi nəyisə düz etməmişdi. «Bəlkə mən həddindən artıq yaxın olmaq istədiyimə görə o dayandı? Yaxud kifayət qədər istəmədim? Bəlkə onu itələyəcək hansısa hərəkətə yol verdim? Yoxsa əvvəllər birlikdə olduğu qızlar kimi olmadığım üçün məyus oldu?» Yol boyu bu suallar Treysiyə rahatlıq vermirdi. O, bu gecənin Lyuk ilə sonuncu gecə olmayacağına çox ümid edirdi. Bu cür yaxşı oğlanı itirmək istəmirdi. Treysi onların ilk görüşlərini xatırladı: həmin gün istirahət günü idi. Lyukun getdiyi məbədin gənclər qrupu dağlara xizək sürməyə getmək üçün toplaşmışdı. Treysi oraya məktəbdən olan rəfiqəsi, Lyukla eyni məbədə gedən Pollinin dəvəti ilə getmişdi. Onlar toplandıqları yerə çatan kimi yaraşıqlı gənc onun diqqətini cəlb etmişdi. Lyuk gənclər qrupunun rəhbəri idi. O, yeni gələnləri qarşılayır və onları avtobuslarda əyləşdirirdi. Lyuk yalnız ona deyil, hamıya qarşı diqqətli idi. Onların əyləncəli görüşlərinə xoş təəssüratla başlamaq üçün əlindən gələni edirdi. Lyukun onunla eyni avtobusda gedəcəyini və ona yaxın yerdə əyləşəcəyini biləndə Treysi gizlicə sevinmişdi. Dağlara səyahət üç saata yaxın davam etdi. Bu müddət ərzində Treysi gah Polli və onun rəfiqələri ilə olan söhbətə, gah da maraqlı və şən görünən Lyukla dostlarının söhbətinə qoşulurdu. Treysi onun iti zəkasına, böyüklərə qarşı ehtiramına və hər kəsin yaxşı vaxt keçirməsinə kömək etmək arzusuna heyran olmaya bilməzdi. Lyuk bu səfərin hamı üçün xeyir-dua olmasından ötrü dua etdi. Treysi Lyukun xeyirxah məsihçi olduğunu başa düşdü və onu daha yaxından tanımaq istədi. Bunun üçün kifayət qədər imkan var idi. Treysiyə elə gəldi ki, Lyuk da ona qarşı biganə deyil. Şənbə günü səhər yeməyi zamanı Lyuk dostu Kertislə birlikdə onun Polli ilə əyləşdiyi masada əyləşdi. Kertis Polli ilə söhbət edərkən Lyuk Treysini sual atəşinə tutdu. Onların məbədi və dağlara səyahət barədə haradan öyrənib? Hansı məbədə gedir? Nə vaxt iman edib? Xizək sürməyi çoxdanmı bacarır? Məktəbi bitirdikdən sonra nə ilə məşğul olmaq istəyir? Treysidə özünə qarşı təəssürat yaratmaq məqsədilə özündən, uğurlarından danışmaq və öyünmək əvəzinə, Lyuk onunla, onun ruhani həyatı ilə maraqlanırdı. O, nəzakətli və xoşrəftar idi. Treysi ilk dəfə idi ki, əsl centlmen adlandırılması mümkün olan on səkkiz yaşlı oğlana rast gəlmişdi. O, söhbəti mümkün qədər uzatmaq məqsədilə yavaş-yavaş yeyirdi. Onlar xizək sürən zaman Treysi yenə də bir neçə dəfə Lyukla qarşılaşdı. Treysidən fərqli olaraq Lyuk yaxşı sürürdü. O, Treysiyə bəzi dəyərli məsləhətlər verdi. Bunu o qədər nəzakətli şəkildə etdi ki, Treysi bacarıqsızlığı və təcrübəsizliyinə görə utanmasın. Treysi yıxılanda Lyuk onun yanında idi və zədələnməyindən narahat olaraq qalxmasına kömək etdi. Sonra xizək bazasındakı evcikdə buxarının yanında ayaqlarını qızdırıb corablarını qurudanda Lyuk ona isti şokolad gətirdi. Əl barmaqlarının qəribə uyuşması onu narahat etsə də, bu barədə Lyuka heç nə demədi. Onlar bir saatdan çox söhbət etdilər, halbuki Lyuk həmin vaxtı xizək sürməklə də keçirə bilərdi. Treysi valeh olmuşdu: o, nə qədər xeyirxah, mehriban, necə diqqətli idi! Treysi inana bilmirdi ki, hamının Lyukla söhbət etməyə fürsət axtardığı bir vaxtda, Lyuk məhz ona diqqət ayırmışdı. Geriyə qayıdanda Treysi Lyukun duanı qurtarandan və lazım olan elanları verəndən sonra onun yanında əyləşəcəyinə ümid edərək, oturacağın boş qalmasına çalışdı. Lyuk, doğrudan da, onun yanında əyləşdi, buna görə də Treysinin sevincinin həddi-hüdudu yox idi. Avtobusda, demək olar ki, hamının yatdığı bir vaxtda onlar üç saat söhbət etdilər. Onlar hər şey barədə — Məsihə necə gəldikləri, arzuları, sevimli yeməkləri, musiqiləri, filmləri və sairə barədə danışdılar. Treysi onların bu qədər ümumi tərəflərinin olmasına inana bilmirdi! Onların avtobusu məbədin dayanacağına çatmamış Lyuk onu gələn həftənin istirahət günü görüşə dəvət etdi. Treysi bu görüşə əngəl ola biləcək bütün planlarını təxirə salmağı qərara alaraq dərhal razılaşdı. Sonrakı növbəti iki ay Treysi üçün sanki nağıllar aləmi idi. Lyuk onunla şahzadə kimi davranırdı. Onlar ilk görüşlərini musiqi sədalarının altında gölün sahilində piknik təşkil etməklə keçirdilər. Lyuk onu kinoya apardı — döyüş filminə deyil, onun bəyəndiyi romantik melodramlara; teatra getdilər, şəhərdə və şəhərin ətrafında xeyli gəzdilər; birlikdə oxudular, güldülər, dua etdilər. Onların üçüncü görüşündə Lyuk ilk dəfə Treysini öpdü. Həmin gecə Treysi Lyukun rəfiqəsi olmağın nə qədər yaxşı olduğunu düşünərək, uzun müddət yuxuya gedə bilmədi. Lyuk nəinki əsl centlmen, nağıllardakı şahzadələrdən idi. O, Treysiyə çiçəklər verir, açıqcalar göndərir, tez-tez zəng edir, hər cür diqqət göstərirdi. Onlar birlikdə olanda, demək olar ki, həmişə qucaqlaşıb öpüşür və əl-ələ tuturdular. Lakin Lyuk heç vaxt fiziki əlaqəyə xüsusi əhəmiyyət vermirdi. Bugünkü gecəyə qədər... Lyuk Treysinin evinin qarşısında maşını saxladı və həmişə olduğu kimi onun qapısını açmaq üçün maşının ətrafına fırlandı. Onlar gecənin sərinliyində üz-üzə dayanmışdılar. — Treysi, mən... Mən çox təəssüf edirəm... Xahiş edirəm, məni bağışla, — Lyuk duruxa-duruxa dedi. — Mənə... sadəcə... mənə səninlə olmaq o qədər xoş idi ki... — Onun səsi get-gedə daha da yavaş çıxırdı və Treysi onun danışmağa çətinlik çəkdiyini başa düşdü. — Hər şey qaydasındadır, Lyuk, — o, ruhlandırıcı səslə dedi. — Sən o qədər mehribansan ki, sənin pis bir şey etmək istəmədiyini bilirəm. Yaxşı ki, biz vaxtında dayandıq. Təşəkkür edirəm sənə. O, bir qədər susduqdan sonra soruşdu: — Olar, sabah sənə zəng edim? Treysi gülümsəyərək cavab verdi: — Əlbəttə, sənin zəngini gözləyəcəyəm. Lyuk onun yanağından öpdü və Treysi evə getdi. O, pəncərənin qarşısında dayanıb Lyukun maşınının necə uzaqlaşdığına baxırdı. «Hətta bu gün də o özünü əsl centlmen kimi apardı, — Treysi arzulara dalaraq düşünürdü, — hisslərinə qapıldığı üçün üzr istədi, mənə zəng etmək üçün icazə istədi. Mən ondan incimirəm və sabahkı günü səbirsizliklə gözləyirəm. Bizim münasibətlərimizdə xüsusi nəsə var. Ola bilsin ki, bu, əsl məhəbbətdir». DÜŞÜNMƏK VAXTI Lyuk ilə Treysi cəmi ay yarımdır ki, görüşürlər. Lakin sevgi onların bütün düşüncələrinə hakim kəsilib. Onların sevgi barədə düşünməsində təəccüblü heç nə yoxdur, — hər kəsin, sözün əsl mənasında, sevgiyə bağlı olduğu bir cəmiyyətdə yaşayırıq. Sevgi bir çox məşhur mahnıların, filmlərin, kitabların və televiziya verilişlərinin əsas mövzusudur. Hara baxsan görərsən ki, hamı gah vurulur, gah soyuyur, sevgi ilə məşğul olur, yaxud sevgi macəraları yaşayır, sevgidən əziyyət çəkir, ya da sevgidən ölürlər. Bizim dünyamızda ən dəhşətli şey sevgisiz həyat ola bilər. Kimisə sevmək və sevilmək ürək döyüntüsü və nəfəs qədər adi haldır. Hər kəs əbədi davam edəcək əsl, güclü və dərin sevgi arzusundadır. Bununla yanaşı, məhz əsl sevgi axtarışı bütün müharibələrdən və xəstəliklərdən daha çox iztirablar gətirir. Bəs sevgi nədir? Biz onunla rastlaşdığımızı necə başa düşə bilərik? Əksər insanlar (məsələn, Lyuk və Treysi kimi) sevgini yaşamaq üçün dünyada hər şeyi qurban verməyə hazırdırlar. Necə deyərlər, dünyanı sevgi idarə edir. Ehtirasla sevgi arzulayan və axtaran gənclərin böyük əksəriyyəti hələ də onun əvəzinə mənəvi ağrı və məyusluq tapırlar. Çünki əslində nə axtardıqlarını bilmirlər. Onlar başqa hissləri və emosiyaları sevgi əvəzinə qəbul edirlər. Buna görə təbii olaraq sevgini hiss etmirlər, çünki onun nə olduğunu başa düşmürlər. Bəlkə də Lyuk və Treysinin hekayəsində siz özünüzü gördünüz. Ola bilsin ki, hansısa insan sizin üçün xüsusi olub və «sevgi» sözü artıq sizin dilinizdədir. Bəs siz həqiqətənmi sevirsiniz? Bəlkə də siz hələ həmin adamla rastlaşmamısınız. Lakin bu, baş verəndə hazır olmaq istəyirsiniz və sizin yanınıza gələndə onu tanıya bilmək üçün əsl sevginin nə olduğunu bilmək istəyirsiniz? Hər şeydən öncə nəyin əsl məhəbbət olmadığını təyin etmək lazımdır. Əsl sevgi ehtiras deyil. Müasir dünyada bu iki məqamı çox tez-tez qarışdırırlar. Əslində, filmlərin, mahnıların və romanların əksəriyyətində söhbət sevgidən yox, məhz ehtirasdan gedir. Bəs fərq nədədir? Sevgi verir, ehtiras alır. Sevgi qarşı tərəfi dəyərləndirir, ehtiras isə ondan istifadə edir. Sevgi əbədi davam edir, ehtiras keçib gedir. Ola bilsin, Lyuk bu iki məqamı qarışdırırdı. Treysinin onun yanında olmasından xoşu gəlirdi. Bu, onda cismani arzular oyadırdı. Treysiyə nəvaziş göstərməyinin və diqqət ayırmağının səbəbi, qismən də olsa, fiziki yaxınlığa görədir. Onun ehtirası o həddə çatdı ki, onlar bakirəliklərini təhlükə altına qoydular. Sözsüz ki, fiziki cəzbetmə çox vaxt əsl sevgini alovlandıran qığılcımdır. Tanrı bizi yaradanda daxilimizə cinsi yaxınlıq arzusu və bacarığı da qoyub. Lakin sizin əks cinslə münasibətiniz ancaq fiziki cəzbetmə və həzdən ibarətdirsə, deməli, sizin münasibətlərinizdə sevginin yerini ehtiras tutub. Əsl sevgi romantika deyil. Lyuk və Treysi birlikdə olanda onlar sanki sevgi musiqisi dinləyirdilər. Onlar öpüşəndə hər ikisinin daxilində hisslər tüğyan edirdi. Lyuk ona romantik nəvaziş göstərəndə və yaxud ona olan sevgisi və bağlılığı barədə danışanda, Treysi özünü şahzadə kimi hiss edirdi. Treysi onun gözlərinə incə və sadiq baxışlarla baxanda, Lyuk da öz növbəsində özünü hədsiz güclü və lazımlı hiss edirdi. Şam işığında axşam yeməyi, həzin musiqi, ulduzların səpələndiyi gecə səması — bütün bunlar onlarda (xüsusilə Treysidə) güclü romantik hisslər oyadırdı. Kişi ilə qadının münasibətlərində romantik hisslər tamamilə təbiidir: Tanrı bizi elə yaradıb ki, qarşı cinslə münasibətdə bu hissləri yaşayaq. Ola bilsin ki, siz görüş zamanı daxili istilik və hisslərinizin alovlandığını duyursunuz?.. Lakin bu həyəcanı və istiliyi sevgiyə bərabər tutmaq olmaz. Bunlar ancaq romantik hisslərdir, əsl sevgi daha böyükdür. Əsl sevgi həvəs deyil. Həvəs — sizin əks cinsin nümayəndəsinə qarşı olan xüsusi marağınızdır. Bir də görürsünüz ki, siz bütün günü bu adam barədə düşünürsünüz və gecələr onun xəyalı ilə yatırsınız. Vaxtınızı onunla görüşmək və yaxud ünsiyyətdə olmaq üçün planlaşdırırsınız. Siz yalnız onun barəsində düşünürsünüz və başqa heç nəyə diqqət ayıra bilmirsiniz. Bu cür həvəsi həm də «köpək sevgisi» adlandırırlar. Küçük üçün onun sevgisi, bəlkə də, əsldir, lakin siz başqa heç nə hiss etmirsinizsə, gec-tez bu «köpək sevgisi» sizin üçün it həyatı kimi tamamlanacaq! İnsanlar aşiq olmaq və yaxud ilk baxışdan sevgi barədə danışanda, onlar, adətən, həvəsi nəzərdə tuturlar. Məhz həvəs Treysini nəfəs almadan Lyuk barədə düşünməyə, Lyuku isə Treysiyə görə başını itirməyə məcbur edirdi. Bəlkə siz də buna bənzər nələrsə hiss etmisiniz. Həvəsdə pis heç nə yoxdur. Amma onu sevgi ilə qarışdırmaq lazım deyil. Həvəsdə diqqət, adətən, insanın özünə yönəlir, sevgidə isə başqasına. Əsl sevgi şəhvani hisslər də deyil. Əksər yeniyetmələr (hətta böyüklər də) güclü şəhvani həvəsi sevgi ilə səhv salırlar. Lyukla da məhz bu baş verdi. Az qala o, Tanrıya bakirliyini qoruyacağı barədə verdiyi əhdini pozacaqdı. Onun Treysi ilə cinsi əlaqədə olmaq arzusu onu düşünməyə vadar etdi. Bu istəyin təməlində əsl sevgi dayanırmı? Bəlkə siz də buna bənzər nələrsə hiss etmisiniz. Əslində, cinsi əlaqədə olmaqda pis bir şey yoxdur. Tanrı onu fiziki zövq almaq və nəsil artırmaq üçün yaradıb. Lakin cinsi əlaqə və sevgi eyni şey deyil. Sevmədən də cinsi əlaqədə olmaq mümkündür və cinsi əlaqədə olmadan da sevmək mümkündür. Sevgi prosesdir, cinsi əlaqə isə hərəkətdir. Sevgi dərk ediləndir, cinsi əlaqə isə instinktivdir. Sevgi daim diqqət tələb edir, cinsi əlaqə üçün isə xüsusi səy göstərmək lazım deyil. Zaman keçdikcə sevgi inkişaf edib yetkinliyə çatır, cinsi əlaqə üçün isə heç bir zaman tələb olunmur. Sevgi emosional və ruhani, cinsi əlaqə isə ancaq fiziki yaxınlıq tələb edir. Sevgi münasibətləri daha dərin edir, sevgisiz cinsi əlaqə isə onları heçə endirir. «Əgər sevgi — ehtiras, həvəs və yaxud seksdən daha böyükdürsə, «Mən, həqiqətən, sevdiyimi necə öyrənə bilərəm?» deyə soruşa bilərsiniz. Əgər siz əks cinsə qarşı güclü həvəs hiss edirsinizsə və həmişə kiminləsə görüşürsünüzsə, bu, xüsusilə ciddi sualdır. Bu suala cavab vermək üçün əsl sevginin nə olmadığını bilmək kifayət deyil. Siz onun nə olduğunu bilməlisiniz. Bir çoxları sevgini ehtirasla, romantika ilə, həvəslə və sekslə səhv saldığına görə onun bir neçə növünün olmasından xəbərsizdirlər. Münasibətlərdə sevgi adlandırılan üç əsas davranış növü var. «Sevərəm, əgər sən...» Bu, şərti sevgidir. Ancaq müəyyən şərt müqabilində bizim verdiyimiz və yaxud aldığımız sevgidir. Belə sevgini əldə etməyin yeganə üsulu nə isə etməkdir. Bəzi valideynlər övladlarını məhz bu cür sevirlər: onları özlərini yaxşı aparanda, dərslərini yaxşı oxuyanda və buna bənzər nələrsə baş verəndə sevirlər. Böyük adamların münasibətlərinə gəlincə, əgər tərəf müqabili müəyyən şərtləri yerinə yetirə bilmirsə, sevgi yoxa çıxır. Şərti sevgi təbiətcə eqoistdir. O, ancaq istədiyinin əvəzində verilir. İnsanların böyük əksəriyyəti «Sən məni cinsi əlaqə baxımından razı salsan, səni sevəcəyəm» və ya «Sən heç olmasa bircə dəfə mənə təslim olsan, səni sevəcəyəm» deyən sevgidən savayı, heç vaxt başqa sevgi hiss etməyiblər. «İndi hamı bununla məşğul olur, əgər məni sevirsənsə, sən də edərsən» fikri çox vaxt təzyiq göstərmək üçün geniş istifadə olunur. Sanki görüşə gedən bütün gənclər mütləq cinsi əlaqədə olurlar. Belə vəziyyətlərdə qızlar çox vaxt başa düşmürlər ki, onların oğlan dostlarının cinsi tələblərinə güzəştə getməklə arzuladıqları sevginin imitasiyasına nail olurlar. Bu cür sevgi heç zaman rahatlıq vermir və ödənilən qiymətə dəymir. Belə sevgi həmişə hansısa şərtlərlə bağlıdır. Nə qədər ki, bu şərtlər yerinə yetirilir, hər şey sanki qaydasındadır. Lakin gözləntilər özünü doğrultmursa, sevgi sona çatır. Məhz bu cür müxtəlif növlü sevgilər üzərində qurulan əksər nikahlar dağılır. Tərəflərdən biri və yaxud hər ikisi tələb olunan şərtləri yerinə yetirə bilməyəndə, «sevgi» məyusluğa və narazılığa çevrilir. Lyukla Treysinin hisslərini məhz şərtləşdirilmiş sevgi adlandırmaq olar. Nə qədər ki, Lyuk Treysi ilə özünü yaxşı hiss edir, nə qədər ki, Treysi öz geyimi ilə onda təəssürat yaradır, nə qədər ki, Treysi onunla yaxınlıq etməkdən zövq almağa imkan verir, Lyuk onunla maraqlanır. Əgər Treysi «vəssalam, biz daha öpüşməyəcəyik, əl-ələ tutmayacağıq və sözsüz ki, maşında qucaqlaşmayacağıq?» desəydi, Lyukun sevgisi necə olardı? Onun Treysi ilə vaxt keçirmək arzusu qalardımı? Çətinliklə qazandığı pulları onu əyləndirmək üçün xərcləyərdimi? Şərt üzərində qurulan sevgi — əsl sevgi deyil. Kiminsə sevgisini qazanmaq üçün özünüzü müəyyən tərzdə aparmaq məcburiyyətində hiss edirsinizsə, onda sizin münasibətlərinizi əsl sevgi adlandırmaq olmaz. «sevirəm, çünki...» Sevginin ikinci növü birinci ilə yaxındır. İnsanı kimliyinə, nəyəsə malik olduğuna və yaxud nə isə etdiyinə görə sevirlər. Bu, təxminən belə səslənir «Mən səni sevirəm, çünki sən çox gözəlsən» və yaxud «Mən səni sevirəm, çünki sən mənim qayğıma qalırsan», ya da «Mən səni sevirəm, çünki səninlə birlikdə olanda sevinirəm». Treysinin Lyuka olan hisslərini məhz bu cür sevginin nümunəsi hesab etmək olar. Çünki Lyuk mehriban, diqqətli, romantik olduğu üçün onu cəlb edirdi. Bu cür sevgi tamamilə normal görünə bilər. Demək olar ki, hər kəs kimliyinə və ya malik olduğu xüsusiyyətlərə görə sevilmək istəyir. Sözsüz ki, belə sevgi daha çox zəhmət tələb edən şərtləşdirilmiş sevgidən üstündür. Sizdə artıq sevgiyə layiq nəyinsə olduğunuzu bilmək xoşdur. Bu, sevgi uğrunda mübarizə aparmaq üçün sonsuz cəhdlərdən daha yaxşı görünür. Bəs Treysi Lyukdan daha mehriban, diqqətli və romantik biri ilə rastlaşsaydı, onun sevgisi necə olardı? Əgər Lyuk nüfuzlu gənclər liderliyindən imtina etmiş olsaydı və onun üçün romantik görüşlər təşkil edə bilməsəydi, Treysinin ona münasibəti necə olardı? Əgər Treysinin sevgisi onun uğurlarına əsaslanırsa, Lyukun həyatında xoşagəlməz dəyişikliklər baş verən kimi bu sevgi yoxa çıxa bilər. Bu cür sevgi əsl sevgi deyil. Kimsə sizi öz şəxsi keyfiyyətləri, idrakı, bacarıqları və yaxud cəmiyyətdəki nüfuzu ilə cəzb edə bilər. Lakin sizin sevginiz daha üstün bir şeylərə əsaslanmırsa, çox uzun çəkməyəcək. «Sevirəm, vəssalam». Sevginin üçüncü növü — şərtsiz sevgidir. O deyir: «Qəlbinin dərinliyində necə olmağından asılı olmayaraq, səni sevirəm. Səndə nəyinsə dəyişilməyindən asılı olmayaraq, səni sevirəm. Sən səni sevməyimə əngəl olmaq gücündə deyilsən. Mən səni sevirəm, vəssalam!» Belə sevgi heç də kor sevgi deyil. Bu cür sevən öz sevgisinin predmeti haqqında çox bilir (bilməlidir). Onun çatışmazlıqları, problemləri və bunlar barədə bilməyinə baxmayaraq, qarşılığında heç nə tələb etmədən onu qəbul edir. Bu cür sevgini qazanmaq və onu yoxa çıxmağa da məcbur etmək mümkün deyil. Bu sevgi heç nə ilə əlaqəli deyil. Sevginin birinci növündən fərqli olaraq («sevərəm, əgər...»), bu cür sevgi heç bir ilkin şərt tələb etmir. İkinci növdən fərqli olaraq («sevirəm, çünki»...), sevimli adamın hansısa cəlbedici keyfiyyətlərinə əsaslanmır. Ehtiras, romantika, həvəs, cinsi əlaqə, «sevərəm, əgər», «sevirəm, çünki...» — bütün bunların məqsədi digər adamdan nəsə almaq üçündür. Əsl sevgi əksinə, ona nəsə vermək istəyir. Lyuk və Treysi hələ ki, bir-birindən nəsə almağa can atırlar. Onlar əsl sevgini dadmaq istəyirlərsə, verməyi öyrənməlidirlər. LYUKUN HEKAYƏSİ Lyuk öz beysbol dəbilqəsinin günlüyünü düzəldib, müdafiə mövqeyində yerini tutdu. Alüminium toxmaqla bir-neçə sınaq zərbəsi edərək ortağına qışqırdı: — Daq, mən hazıram! Lyukdan iyirmi metr məsafədə dayanan Daq Şou strayk-zonaya ilk topu atan avtomata bir neçə xırda pul saldı. Lyuk toxmaqla zərbə vurdu və top meydanın hüdudlarından uzağa uçdu. — Əla zərbə idi, Lyuk! — Daq qışqırdı. Daq Şou və onun həyat yoldaşı Cenni Lyukun getdiyi məbəddə gənclərlə məşğul olan könüllülər idilər. Daq və Lyuk gənc xidmətçilər üçün ənənəvi şənbə səhər yeməyindən yenicə qayıtmışdılar. Onlar idman, xüsusilə də beysbol həvəskarı idilər. Ayda ən azı bir və ya iki dəfə beysbol meydanına getməyə çalışırdılar. Lyukun toxmağının yüngülcə toxunduğu ikinci top baza tərəfə uçdu. O, növbəti iki topu tuta bilmədi. — Sən düz üstünə vurmaqdansa, topu havada fırladırsan, — Daq dedi. — Zərbəni dəqiqləşdir və hündürdən götür. — Çox sağ ol, başa düşdüm, — Lyuk burnunun altında dedi və topu uğurla tutdu. — Bax, indi əla, afərin! — Daq alqışlayaraq dedi. Məşqlərini başa çatdırandan sonra Daqla Lyuk hərəsi bir şüşə qazlı su alıb, yaxınlıqdakı stolda əyləşdilər. Beysbol barədə söhbət qurtaranda, Daq dedi: — Deyəsən, sən Treysi Lokhartla görüşürsən. — Bəli. Biz görüşürük, — Lyuk bütün fikrini sodalı suya cəmləyərək həvəssiz cavab verdi. — Pis qıza oxşamır, ağıllı və suyuşirindir. Lyuk başını tərpətdi: — Doğrudur, çox yaxşı qızdır. Daq Lyukun əhval-ruhiyyəsini başa düşdü: — Nəsə ürəyincə deyil? Hər şey qaydasındadır? Treysi ilə münasibətlərini nəzərdə tuturam. — Mənə elə gəlir ki, səninlə bu barədə danışmalıyam, — Lyuk dərindən nəfəs alaraq dedi. — Nə olub? Lyuk qazlı sudan bir qurtum içdi: — Bilirsən, bizimlə nə baş verdiyini anlaya bilmirəm. Dünən axşam duada Allaha dedim ki, əgər O, bu barədə kiminləsə danışmağımı istəyirsə, qoy bu adam sən olasan. Etiraz etmirsənsə münasibətlərimiz barədə sənə danışıb bir neçə sual verərdim. — Əlbəttə, buyur, — Daq cavab verdi. — Mən həmişə səni dinləməyə hazıram və gücüm çatan köməyi etməyə şad olaram. Lyuk dağlara səyahət edərkən Treysi ilə necə tanış olduqlarından danışdı. Həmçinin onunla bir avtobusda getməyə necə çalışdığından, hər fürsətdə onunla söhbətə can atmasından bəhs etdi. Onların görüşləri və iki ay ərzində bir-birinə necə yaxın olmaları barədə danışdı. Daq gülə-gülə Lyukun əzmkarlığına və bacarığına görə təriflədi. Lyuk cavabında gülümsədi. Sonra Lyuk keçən həftə planetariyə getmələrindən danışdı. Xırdalıqlara varmadan o, Daqa bakirliyini qoruyacağı barədə Allaha verdiyi vədi az qala necə pozacağını dedi. Lyuk baş verənlərdə öz təqsirini boynuna aldı. O, kəkələyə-kəkələyə çətinliklə danışırdı. Sonda özünü hönkürməkdən güclə saxladı. — Lyuk, həmin istirahət günlərində sənin nələr yaşadığını və narahatlığını başa düşürəm, — Daq dedi. — Mən bir dost kimi sənə acıyıram, çünki səni sevirəm. Mən səninlə fəxr edirəm. Axı sən nə də olsa, sonda düzgün hərəkət etmisən. — O, Lyukun çiyninə vurdu. — Çox sağ ol, — Lyuk dedi. — Məni başa düşəcəyini bilirdim. — Bəs indi sizin münasibətləriniz hansı mərhələdədir? — Daq davam etdi. — Siz ayrılmısınız? — Bütün məsələ də elə bundadır, — Lyuk cavab verdi. — Bilirsən... biz... bunu etmədiyimizə görə o, çox sevindi. O məndən küsmür, nə də baş verənlərə görə ittiham edir. Biz bu həftə bir neçə dəfə telefonla danışmışıq. O mənimlə görüşməyə davam etmək istəyir. — Bəs baş verənlərdən sonra ona münasibətin necədir? — Daq soruşdu. Lyuk başının üstündə uçan milçəyi qovdu: — Mən bilmirəm, Daq. Elə səninlə bu barədə danışmaq istəyirdim. — Buyur. — Bilirsən, indiyə qədər buna bənzər hisslər yaşamamışam, — Lyuk izah etməyə başladı. — Mən həmişə Treysi ilə birlikdə olmaq istəyirəm. Amma bir yerdə olanda... ona toxunmaq, öpmək istəyirəm... Qısası, az qala problem yaşamağımıza səbəb olanları etmək istəyirəm. Səncə, mən ona aşiq olmuşam? — Həqiqətən sevib-sevmədiyini bilmək istəyirsən? — Daq gülümsündü. — Əvvəllər başqa qızlarla görüşəndə heç vaxt sevgi barədə düşünməmişəm, — Lyuk izah etdi. — Treysi ilə hər şey başqadır. Mən sadəcə bilmək istəyirəm ki, bu, əsl sevgidir? — Yaxşı, bəs sən özün nə düşünürsən, əsl sevgi nədir? — Daq soruşdu. Lyuk çiyinlərini çəkdi: — Yəqin ki, bu, hansısa xüsusi hissdir. — Gəl başqa tərəfdən baxaq. Səncə, sevgi özünü nədə göstərir? Lyuk yenə də zəhlətökən milçəyi qovdu. — Demək çətindir... yəqin ki, iki nəfərin birlikdə gəzib, əl-ələ tutmağında... Daq cins şalvarının arxa cibindən dəri cildli İncil kitabını çıxartdı. — Mən kollecdə Cenni ilə yeni tanış olduğum vaxtlarda bu suallara eynilə belə cavab verərdim, — o, səhifələri çevirərək dedi. — Mən iki ayə oxumaq istəyirəm. Vaxtilə bu ayələr mənə əsl sevginin nə olduğunu anlamağa kömək etdi. Bu, Efeslilərə məktubun beşinci fəslinin iyirmi səkkiz və iyirmi doqquzuncu ayələridir. — Daq lazım olan səhifəni açıb oxumağa başladı: — «Kişilər öz arvadlarını belə sevməlidirlər...» — Dayan, Daq, — Lyuk onun sözünü kəsdi. — Axı biz nikah haqqında deyil, sevgi barədə danışırıq. Mən ər deyiləm, yaxın zamanda da ər olmağa hazırlaşmıram. Mən Treysi ilə evlilik barədə düşünmürəm. Əvvəlcə onu sevib-sevmədiyimi müəyyən etməliyəm! — Narahat olma, dostum! — Daq gülərək cavab verdi. — Mən səni onunla evlənməyə məcbur etmək fikrində deyiləm. Sadəcə istəyirəm başa düşəsən ki, Allah əsl sevgiyə necə baxır. Burada sevgi tərifi birbaşa ər və arvadlara aiddir. Buna baxmayaraq, o, istənilən münasibətlərə aid edilə bilər. Lyuk bir anlıq fikrə getdi. — Nə deyim, yaxşı, qoy belə olsun, — nəhayət, o, cavab verdi. Daq oxumağa davam etdi: — «Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar». — Mən həmişə elə düşünürdüm ki, məsihçilər özlərindən çox başqalarını sevməlidirlər, — Lyuk dedi. — Biz Allahı özümüzdən çox sevməliyik, — Daq izah etdi. — Lakin Mattanın Müjdəsinin iyirmi ikinci fəslində Məsihin böyük tapşırığına əsasən, biz yaxınımızı özümüz kimi sevməliyik. «Yaxın» anlayışına hamı daxildir: valideynlər, qardaşlar, bacılar, dostlar, həyat yoldaşları. — Məgər özünü sevmək doğrudur? — Lyuk təkidlə soruşdu. — Demək istəyirəm ki, məgər bu, eqoistlik deyil? — Paul burada eqoistlik barədə danışmır, — Daq izah edir. — Hamımız əsas ehtiyaclarımızın təmin olunmasının qayğısına qalırıq: bizim qidalanmağa, yatmağa, maşında təhlükəsizlik kəməri taxmağa, ruhən böyümək üçün Kəlamı oxumağa ehtiyacımız var. Paul deyir ki, biz öz qayğımıza qaldığımız kimi, başqalarının da qayğısına qalmalıyıq. Başqa sözlə, bu o deməkdir ki, əsl sevgi — başqasının xoşbəxtliyinin, sağlamlığının və ruhani böyüməsinin bizim üçün şəxsi ehtiyaclarımız qədər vacib olmasıdır. Lyuk başını yırğaladı: — Əgər sevgi sənin dediyin kimidirsə, onda o, heç də hiss deyil. Sevgi — başqa adamlarla necə davrandığındır, onların qayğısına özün kimi qalmağındır. Daq cavabında başını tərpətdi: — Məsələn, Treysi ilə səndə olduğu kimi, güclü hissləri bəzən sevgi adlandırırlar. Çünki kinolarda və mahnılarda bu, məhz belə təqdim olunur. Əlbəttə, sevgi güclü hisslərlə müşayiət oluna bilər. Amma sevgi onlarsız da keçinə bilər. Çünki sevgi — hərəkətdir, öz qayğısına qaldığı qədər, başqasının da qayğısına qalmaqdır. Beləcə onlar iyirmi dəqiqəyə yaxın danışdılar. Sonda Daq qısaca dua etməyi təklif etdi. Duadan sonra o geyindi və dedi ki, həyat yoldaşı Cenni ilə birlikdə idarə etdikləri kiçik mətbəədə ona təcili kömək lazımdır. Lyuk da getməli idi. O, Treysinin maşını üçün onunla birlikdə yeni akkumulyator almağa söz vermişdi. Ayrılmazdan qabaq Daq Lyuka onların danışdıqlarını Treysi ilə münasibətlərinə tətbiq etməsini təklif etdi. Bu təklifin onun üçün gözlənilməz və sərt bir sınaq olacağını Lyuk heç ağlına belə gətirmirdi. TREYSİNİN HEKAYƏSİ Səhər ailə həkiminin zəngindən sonra Treysi ilə anası dayanmadan ağlayırdı. Adətən, həkim Dunkan şənbə günləri pasiyentləri ilə danışmırdı. Lakin bu gün, onun dediyinə görə, istisna vəziyyət idi. Treysi cümə günü onun qəbulunda olmuşdu. O, həkimə demişdi ki, vaxtaşırı barmaqları keyiyir. Treysi özü buna çox da əhəmiyyət vermirdi. Anası hər ehtimala qarşı onu həkimə getməyə razı salmışdı. Həkim Dunkan qoyulmuş diaqnoz barədə məlumat verməyi vacib hesab etdiyi üçün onlara zəng etmişdi. — Dağınıq skleroz? — həkimlə söhbət edən Treysinin anası soruşdu. — Mən bu barədə nələrsə eşitmişəm... Bu nə deməkdir? Ceki Lokhart özünü çətinliklə ələ aldı: — Bu, mərkəzi sinir sisteminin xəstəliyidir, qızım. O, baş və bel sinirini zədələyir. Heç kim onun nədən yarandığını və necə müalicə etmək lazım olduğunu bilmir. Yayılmağından asılı olaraq o... əlilliyə gətirib çıxara bilər. — Ceki özünü saxlaya bilməyib hönkürdü. — Əlilliyə? Hansı əlilliyə?! — Treysi dəhşət içərisində qışqırdı. — Ana, bu nədir? Mənimlə nə baş verəcək? İzah üçün bir neçə dəqiqə vaxt lazım oldu. Hər ikisi — ana-bala artıq göz yaşlarını saxlaya bilmədilər. Ceki xəstəliyin əlamətlərinin necə peyda olduqları kimi, eləcə də uzun müddətə yoxa çıxa biləcəklərini deyərək, Treysini və özünü sakitləşdirməyə çalışırdı. Amma müalicəsi tapılmasa və Rəbb möcüzəli şəkildə müdaxilə etməsə, zaman keçdikcə Treysinin əlləri, ayaqları, dili tutula və başqa orqanları fəaliyyətini dayandıra bilərdi. Qızının birbaşa sualına cavab olaraq, Ceki dedi ki, bu xəstəlik sonda ölümlə nəticələnə bilər. Treysi göz yaşlarını silərək, Lyuku qarşılamaq üçün çölə çıxdı. Yeni akkumulyator almaqdan ötrü onun tərəfindən edilən kömək çox xoş idi. Həmin vaxt Ceki kədərli xəbəri çatdırmaq üçün keçmiş həyat yoldaşına zəng etdi. Treysinin atası ikinci həyat yoldaşı ilə başqa ştatda yaşayırdı. Treysi evin qabağındakı pilləkəndə əyləşərək, gözlərini boşluğa zillədi. O, Lyukun bu xəbəri necə qarşılayacağını düşünürdü. Treysi heç vaxt barmaqlarının keyiməsi barədə Lyuka deməmişdi. Birincisi ona görə ki, bu onun üçün adi narahatlıqdan başqa bir şey deyildi. Həm də problemə ciddi yanaşmadığı üçün onun haqqında xatırlatmağı da lazımlı hesab etməmişdi. İkincisi isə, Lyuk o qədər yaxşı oğlan idi ki, Treysi onun xoşuna gəlmək üçün hər şeyə hazır idi. Özünün «çatışmazlıqları» barədə danışmaq ona ağlasığmaz gəlirdi. Lakin indi o, bunu etməli idi. Əgər ona danışmasa, gec-tez bunu kimsə başqası edəcəkdi. Onda hər şey daha pis olacaqdı. Treysi bu xəstəliyə görə Lyukun ondan uzaqlaşa biləcəyindən qorxsa da, hiss edirdi ki, onu sevirsə (buna tamamilə əmin idi), bütün həqiqəti ona danışmalıdır. Lyuku gözləyənə qədər bu sual onu üzürdü: «Görəsən, Lyuk ona danışacağım problemə baxmayaraq, yanımda qalacaq qədər məni sevirmi?» Bu sualın arxasında başqa sual yaranmışdı: «Ümumiyyətlə, o məni sevirmi?» Treysi bu barədə hətta düşünmək belə istəmirdi. Lyukun maşını onların evinin yanında dayanan kimi Treysi özünü onun maşınına atdı. Lyuk onun gözlərinin qızardığını dərhal gördü. — Treysi, sən ağlamısan? — o, narahatlıqla soruşdu. — Nə olub? Treysi göz yaşları içində boğula-boğula xəbəri ona çatdırdı. O, Lyukun yanında ağladığına görə özünü narahat hiss etsə də, özü ilə bacara bilmirdi. Amma indi bunun heç bir əhəmiyyəti yox idi. Onun nə vaxtsa əlil ola biləcəyi ilə müqayisədə indi ağladığı üçün gözəl görünməməsinin heç bir mənası yox idi. Lyukun reaksiyası bütün gözləntilərini üstələdi. Əgər Lyuk «nə etmək olar, Allah sənə şəfa versin» deyərək, cüzamlıdan qaçırmış kimi onu səkidə qoyub uzaqlaşsaydı, Treysi təəccüblənməzdi. Çünki Lyuk kimi oğlan özünə onlarla sağlam qız tapa bilərdi. Ancaq bunun əvəzinə o, nəvazişlə Treysinin əllərini öz əlinə alaraq, göz yaşları içində xəstəliyi barədə danışan qıza diqqətlə qulaq asırdı. Lyuk ona necə kömək edə biləcəyi barədə soruşdu, ona təsəlli verib, ruhlandırmağa çalışdı və onunla qalacağına söz verdi. Onlar avtomağazaya çatanda Lyuk maşından düşmək üçün ona kömək etdi. Onlar akkumulyator aldılar, sonra Lyuk onu Treysinin avtomobilinə quraşdırdı. Getməzdən qabaq o, Treysini öpdü. Lakin sonradan Treysinin ağlına belə fikirlər gəldi: görəsən, bu, onların sonuncu görüşləri deyildi? Görəsən, onun nəvazişi, xeyirxahlığı, diqqəti saxta deyildi? Görəsən, həmin an o, Treysidən mümkün qədər tez qurtulmaq barədə düşünürdümü? Yoxsa o, elə göründüyü kimi səmimi idi? Bəlkə o, əsl sevginin nə olduğunu onların tanışlığının ilk iki ayında nümayiş etdirdiyindən daha yaxşı bilirdi? DÜŞÜNMƏK VAXTI Öz nəsihətçisi Daq Şou ilə ünsiyyəti sayəsində Lyuk Treysinin ona çatdırdığı bu dəhşətli xəbərə hazır idi. Nə Daq, nə də Lyuk söhbət zamanı Treysinin xəstəliyi barədə bilirdi. Lakin Lyuk Treysinin evinə gedəndə, Daqın ona təklif etdiyini həyata keçirtmək onun üçün əsl ciddi sınaq oldu. Əslində, Daqın təklifi çox sadə idi: bir halda ki, Treysi ilə bir-birinizə bu qədər bağlısınız, nə üçün münasibətinizdə Tanrının baxışlarına uyğun davranmağı sınamayasan? Tanrının sevgi tərifi necədir? Müqəddəs Kitab mövqeyindən baxsaq yeganə əsl sevgi budur — «sevirəm, vəssalam». Bu, Tanrının Özünün bizə göstərdiyi sevgidir: şərt qoymadan, «əgər»siz, və «çünki»siz. Müqəddəs Kitab deyir: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi...» (Yəhya 3:16); «Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi» (1 Yəhya 4:10); «Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü» (Romalılara 5:8). Bütün günahlarımıza və zəifliklərimizə baxmayaraq, Tanrı bizi qeyri-şərtsiz sevir. Daqın Müqəddəs Yazılardan Lyuka oxuduğu hissələrə əsasən, əsl, şərtlərlə məhdudlaşdırılmayan sevgi — başqa insanın xoşbəxtliyi, sağlamlığı və ruhani inkişafı özümüzünkü qədər vacib olan zaman zahir olur. Paul Efeslilərə məktubunda yazır: «Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar» (Efeslilərə 5:29). Öz bədənini bəsləyib qayğısına qalmaqda heç bir qəbahət yoxdur: bu, özü barədə sağlam və təbii qayğıdır. Əsl sevgi də elə başqasını özün kimi bəsləyib, qayğısına qalmaqdan ibarətdir. Bəsləmək — böyüməyinə və yetkinliyə çatmasına kömək etməkdir. Məsələn, siz bağınızda çiçəyi və yaxud bitkini «bəsləyərkən» onun üçün lazım olan günəş şüasını, suyu və gübrəni təmin edirsiniz ki, o, böyüyüb bəhrə gətirsin. Eynilə bu cür sizin üçün dəyərli olan kəsi «bəsləmək» — onun böyüməsinə və yetkinliyinə çatmasına kömək etmək, şəxsi ehtiyaclarınız kimi, onun da ehtiyaclarının qayğısına qalmaq deməkdir. Qayğısına qalmaq — zərər vura biləcək hər bir şeydən qorumaqdır. Öz balalarını soyuq və təhlükədən qorumaq üçün qanadları ilə onları örtən quşu təsəvvürünüzə gətirin. Sevdiyiniz insanın «qayğısına qalmaq» — özünüzü istənilən təhlükədən qoruduğunuz kimi, onu da ona zərər verə biləcək hər şeydən müdafiə etməkdir. Əsl sevginin ən sadə tərifi də elə budur: sevmək — başqa insanı müdafiə etmək və onun yaxşılığı üçün çalışmaqdır. Məhz bu tərif Müqəddəs Kitabın haqqında danışdığı Allah sevgisini əks etdirir. Bu cür sevginin ən böyük nümunəsi — İsa Məsihin Öz Məbədinə olan sevgisidir. O Öz Məbədini qoruyur və onun yaxşılığı üçün çalışır. Bəs görüşən iki gəncin münasibətlərində əsl sevgi özünü nədə göstərəcək? Sözlərinizlə və hərəkətlərinizlə siz dostunuzu və yaxud rəfiqənizi müdafiə edib, onun yaxşılığı üçün çalışacaqsınız. Məsələn, siz sükan arxasında olanda, maşını asta sürəcəksiniz, çünki sevdiyinizi bədbəxt hadisələrdən qorumaq istəyəcəksiniz. Siz sevdiyiniz adamla şübhəli işlərlə deyil, faydalı və xoşagələn nə iləsə məşğul olacaqsınız. Siz onu cinsi əlaqəyə təhrik etməyəcəksiniz. Əksinə, onu sonrakı vicdan əzabından qorumağa çalışacaqsınız. Artıq dərk etdiyiniz kimi, əsl məhəbbət — bağlılıqdan və yaxud sizin üçün əziz olan birinə qarşı xoş hisslərdən daha böyük şeydir. Əsl sevgi — qərardır, hərəkətdir, başqa adamın ehtiyacına cavab verməkdir. Yaxınımızın rifahını qorumaq və qayğısına qalmaq hisslərimizdən asılı olmayan iradənin təzahürüdür. Biz hamını — ailə üzvlərimizi, dostlarımızı, sinif yoldaşlarımızı, qonşularımızı, hətta tanımadığımız adamları da məhz bu cür sevməliyik. Bizə yaxın olanlardan, ailə üzvlərimizdən başlayaraq, hətta tanımadığımız adamlara qədər hamının xoşbəxtliyi, sağlamlığı və ruhən böyüməsinin qayğısına qalmalıyq. Bu, xeyriyyəçilik üçün kömək edə biləcəyimiz başqa ölkələrdən olan adamlar da ola bilər. Əgər sizin dostunuz və ya rəfiqəniz varsa, o sizə yaxın olan adamların dairəsinə daxildir. Əgər siz kiminsə rifahının qayğısına qalmaq və onu müdafiə etməyi öyrənmək istəyirsinizsə, ən çox bağlı olduğunuz adamdan başlayın. Ola bilsin ki, sizin münasibətləriniz həvəsdən, romantik bağlılıqdan və hətta cinsi əlaqədən başlayıb. Bəlkə də sizin münasibətlərinizdə «sevərəm, əgər» və yaxud «sevirəm, çünki...» fikirləri ağalıq edir. Şərti sevgi nadir hallarda başqasının qayğısına qalıb, onu müdafiə edir. Əgər siz münasibətlərinizin Allahın iradəsi çərçivəsində inkişaf etməyini istəyirsinizə, Allahın sevgi tərifinə — «sevirəm, vəssalam»a əsasən hərəkət etməyə çalışın. Belə sevgi heç bir şərtlərlə məhdudlaşmır, başqa adama xidmət edərək onu qorumağa can atır. Qoy sizin dostunuzun və ya rəfiqənizin sağlamlığı və ruhani inkişafı sizin üçün özününkü qədər vacib olsun. Bağlı olduğunuz insanın rifahını qorumaq və müdafiə etmək arzusu ürəyinizdə alovlananda, sevginizin əsl məhəbbət olduğunu yalnız onda anlaya bilərsiniz. Treysinin xəstəliyi barədə dəhşətli xəbər Lyuku vəziyyətə və onların münasibətlərinə yenidən nəzər salmağa məcbur etdi. Onların görüşündən bir neçə saat sonra bəzi məsələlər və şübhələrdən narahat olan Lyuk ruhani müəllimləri ilə danışmaq qərarına gəldi. LYUKUN HEKAYƏSİ — Axşam saat altıya qədər Lyuk mini-çap mətbəənin yaxınlığında maşında əyləşmişdi. Cenni Şou qapının üzərinə asılmış lövhəni «BAĞLIDIR» sözü yazılmış tərəfinə çevirmək üçün binadan çıxan kimi Lyuk ona tərəf gəldi. Onun narahat olduğu üzündə hiss olunurdu. — Salam, Lyuk, — Cenni onu salamladı. — Nəsə baş verib? — Səninlə və Daqla bir az danışmaq istəyirəm. — Əlbəttə, Lyuk, buyur içəri. — Cenni qapını örtüb, onu xidməti otağa apardı. Daq artıq kompüteri söndürmüşdü. Lyuk onlara Treysinin xəstəliyi barədə danışdı. Daqla Cenni xəbərdən sarsıldılar; onlar evə gedəndə Treysiyə baş çəkməyi qərara aldılar. — Səninlə səhərki söhbətimizdən sonra mən əsl məhəbbətin nə olduğunu daha yaxşı başa düşməyə başladım, — Lyuk davam etdi. — Mən onu Treysiyə göstərmək istədim. Lakin belə olacağını qətiyyən ağlıma gətirməmişdim! Demək istəyirəm ki, Treysi çox yaxşı qızdır. Lakin zaman keçdikcə xəstəliklə əlaqədar çox şey dəyişəcək. O, yəqin ki, daha xizək və velosiped sürə bilməyəcək, üzməyi bacarmayacaq. Əgər biz evlənsək, — mən demirəm ki, biz bunu planlaşdırırıq, — amma əgər evlənsək, o, cinsi əlaqədə ola və uşaq dünyaya gətirə biləcəkmi? Əsl sevginin «sevirəm, vəssalam» olduğunu başa düşürəm. Amma məndə nöqtə yerinə böyük bir sual işarəsi dayanıb! Daq və Cenni əllərini gənc dostlarının çiyninə qoydular. — Lyuk, bu gün sənin üçün ağır gün olub, — Cenni dedi. — Çox təəssüf edirik. İkiniz üçün dua edəcəyik. — Çox sağ olun. Bu mənim üçün çox vacibdir. Sonra Daq ona dedi: — Lyuk, gələcəkdə bizi nə gözlədiyini yalnız Allah bilir. Treysi ilə bütün ömrünü ər-arvad kimi birlikdə keçirməyin lazım olub-olmadığını yalnız Ona məlumdur. Sən bu vəziyyəti Allaha həvalə etməlisən. Hər şey Onun əlindədir. Çünki bu məsələ gələcəyə aiddir. De görüm, Treysi səni əvvəlki kimi cəlb edirmi? Mən yalnız zahiri görünüşü nəzərdə tutmuram. Lyuk cavab verməzdən qabaq bir anlıq fikrə getdi: — Əlbəttə, Treysi yaxşı qızdır. O, ağıllı, həm də çox şəndir. Bizim onunla o qədər oxşar cəhətlərimiz var ki... Düzdür, məni onda ilk cəlb edən xarici görünüşü olmuşdu. Lakin onda yalnız gözəllik deyil, çoxlu başqa xüsusiyyətlər var. — Görünür, Treysi sənin üçün çox dəyərlidir, — Cenni qeyd etdi. Lyuk başını tərpətdi: — Bəli, elədir. — Belə olan halda, əgər onun xoşbəxtliyi, sağlamlığı və ruhani inkişafı sənin üçün özününkü kimi vacibdirsə, sən heç nə itirməyəcəksən. Əsas onu Müqəddəs Yazıların öyrətdiyi kimi sevməkdir. Əgər Rəbbə məqbul olacaqsa və siz nə vaxtsa evlənsəniz, münasibətlərinizin əsasında saxta deyil, əsl sevgi dayanacaq. Lyuk bir qədər düşündükdən sonra soruşdu: — Yaxşı, bəs mən indi nə edim? Xüsusilə bu gün onun öyrəndiklərini nəzərə alsaq, Treysiyə öz sevgimi necə göstərəcəyim barədə bəlkə siz mənə yol göstərəsiniz? Daq və Cenni bir neçə dəqiqə ərzində Lyuka öz məsləhətlərini təklif etdilər. Hər üçü sağollaşmaq üçün ayağa qalxanda, Lyuk onları qucaqlayıb minnətdarlıq etdi. Lyuk onlara dedi ki, indi Treysiyə baş çəkməyə gedəcək. Onlar da öz mini-çap mətbəələrini bağlayandan sonra ona qoşulacaqlarına söz verdilər. Lyuk yolüstü Treysiyə açıqca aldı. O, məhz Treysinin xoşuna gələ biləcək açıqcanı — sentimental-romantik deyil, sadə, gözəl güllərlə bəzədilmiş və içərisində yazmaq üçün yeri olanını seçdi. O, cəmi bir neçə sətir yazdı. Çünki bilirdi ki, hələ çox açıqcalar, məktublar və söhbətlər olacaq: «Treysi, sən çox yaxşı qızsan! Bu sınağın öhdəsindən gələ biləcəyinə əminəm. Mən həmişə yanında olacağam və sənə kömək edəcəyəm». Bir neçə saniyə qələmi əlində oynadandan sonra o, son sözlərini yazdı. Həmin sözlər indi onun üçün daha böyük əhəmiyyət daşıyırdı: «Sevgi ilə, Lyuk». DÜŞÜNMƏK VAXTI Yenicə görüşməyə başlayan gənclərin münasibətlərində əsl sevgi özünü nədə göstərir? İstənilən başqa münasibətlərdə olduğu kimi. Təbii ki, yeniyetmələr üçün bağlılıq və birlikdə keçirdikləri vaxt daha böyük əhəmiyyətə malikdirsə. Bir neçə nümunəyə baxaq. Əsl sevgi başqasına təsəlli verməyə, dəstəkləməyə və ruhlandırmağa çalışır. Lyuk öz sevgisini necə göstərməli olduğu barədə soruşanda, Daq və Cenni ona ilk növbədə bunu dedilər. Bizim hər birimiz, xüsusən mənəvi ağrı və məyusluq hiss edəndə, təsəlliyə, dəstəyə və ruhlandırmaya ehtiyac duyuruq. Təsəlli vermək — ruhdan düşməmək çağırışı deyil. Təsəlli vermək — insanların problemlərinin səbəbini izah etmək deyil. Təsəlli vermək — Allahın hər şeyi nəzarətdə saxladığı barədə «doğru» sözlər demək də deyil. Bütün bunlar öz vaxtında faydalı ola bilər. Lakin bu bizim təsəlliyə olan ehtiyacımızı ödəmir. İztirab çəkdiyimiz vaxt tək olmadığımızı biləndə, biz rahatlıq tapırıq. Həvari Paul bizi öyrədir: «Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (Romalılara 12:15). Cenni Lyuka məsləhət gördü ki, Treysi ilə anasına yüngül toxunuşlarla, nəvazişlə qucaqlamaqla, onun çiyinlərinə söykənib ağlamaqlarına imkan yaratmaqla təsəlli versin. Əgər sizin sevdiyiniz insan nədənsə əziyyət çəkirsə, ona belə deyin: «Sənə necə çətin olduğunu bilirəm», «Mən çox təəssüf edirəm ki, sən bunları yaşamalı olursan», «Sənin halına acıyıram». Onun hisslərinə şərik olana qədər Müqəddəs Yazılardakı məsləhətləri və nəsihətləri özünüzdə saxlayın. Müqəddəs Kitab nöqteyi-nəzərindən təsəlli də elə məhz budur. Əsl sevgi başqa adama praktik kömək etməklə yanaşı dəstək olmağa can atır. Həvari Paul bu barədə belə çağırış edir: «Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin» (Qalatiyalılara 6:2). Lyuk Treysi ilə anasına kömək etmək üçün çoxlu yollar tapa və bununla da onların yüklərini yüngülləşdirə bilər. Sizin üçün dəyərli olan birinə real, praktik kömək göstərməklə, ona Müqəddəs Kitab sevgisini nümayiş etdirmiş olursunuz. Bizim hər birimizin ruhlandırmaya ehtiyacımız var. Əsl sevgi də elə bu ehtiyacı ödəməyə çalışır. Biz başqa adamın əhval-ruhiyyəsini qaldırmaq üçün nəsə edəndə, onu ruhlandırmış oluruq. Lyukun Treysiyə ruhlandırıcı sözlər yazdığı açıqca bunu etməyin ən sadə yoludur. Siz insanları açıqcalar, məktublar, telefon zəngləri vasitəsilə ruhlandıra bilərsiniz. Əgər siz diqqətinizi ruhlandırmaq istədiyiniz adama və onun hal-hazırda yaşadığı problemlərə yönəltsəniz, ruhlandırmaya nail olacaqsınız. Əsl sevgi heç zaman başqa adamın etibarından sui-istifadə etmir. Şəxsi emosional, fiziki və yaxud seksual ehtiyaclarınızı ödəmək üçün kimdənsə istifadə etmək, başqasının rifahını üstün tutan əsl sevginin prinsiplərini kobudcasına pozmaq deməkdir. Şəxsi zövqlərin qayğısına qalmaq başqa adamın xoşbəxtliyinə, sağlamlığına və ruhani inkişafına səbəb olmayacaq. Əsl sevgi başqasını seksual münasibətlərə razı salmağa cəhd etməyəcək. Müasir dünya yeniyetmələri, hətta söhbət adi görüşdən gedirsə belə, cinsi əlaqəyə həvəsləndirərək onlara güclü təzyiq göstərir. Filmlər, musiqilər, kütləvi informasiya vasitələri nikahdankənar cinsi əlaqəni qəbuledilən və tamamilə normal hal kimi təqdim edir. Lakin Allahın qoyduğu hüdudlardan kənara çıxan seks illərcə çəkən emosional və ruhani yaralar vura bilər. Əsl sevgi nikah öncəsi cinsi əlaqəyə «yox» deyərək, insanı təqsirkarlıq hissindən və ağrı-acıdan qoruyur. Əsl sevgi «nadir» münasibətlərə təkid etmir. Bəzi yeniyetmələr öz dostlarının və yaxud rəfiqələrinin bütün vaxtını və diqqətini tələb edərək, onlarla öz şəxsi mülkü kimi davranırlar. Belə sevgi başqa insanın rifahını qoruyub, qayğısına qalmaq əvəzinə, onun xoşbəxtliyinə əngəl olur, sağlamlığına ziyan vurur və ruhani böyüməsini əngəlləyir. Əsl sevgi sağlam münasibətlərin inkişafına kömək edir. Əsl sevgi başqa adamın sağlamlığına, xoşbəxtliyinə və ruhani inkişafına ziyan vura biləcək heç nə etməz. Əsl sevgiyə rast gəldiyinizi necə başa düşə bilərsiniz? Əgər başqa adamın sağlamlığı, xoşbəxtliyi və ruhani inkişafı sizə özünüzünkü qədər vacibdirsə, deməli, əsl sevgiyə rast gəlmisiniz. Bu elə sevdiyiniz adamın rifahının qayğısına qalıb, onu qorumaq deməkdir. Növbəti məsləhətlər bunu öz dostunuzla və rəfiqənizlə münasibətdə həyata keçirməyinizə kömək edəcək. Qoy İsa Məsih sizin münasibətlərinizin mərkəzi olsun. Bir-birinizlə səmimi və açıq olun. Bir-birinizi bütün çatışmazlıqlarınızla və səhvlərinizlə birgə qəbul edin. Sizin münasibətlərinizin valideynləriniz tərəfindən dəstəklənməsinə çalışın. Seksual təmizlik məsələsində sizi kompromisə apara biləcək hər şeydən çəkinin. Əgər ixtilaf yaranırsa, tez və sevgi ilə həll edin. Münasibətlərinizin dostluq üzərində qurulmasını vurğulayın. Lyukla Treysinin münasibətlərinin nikahla bitəcəyi barədə danışmaq hələ tezdir. Yaxın bir neçə ay ərzində buna çoxlu müxtəlif faktorlar — xüsusilə Rəbbin onları haraya aparacağı, sonrakı təhsilləri və yaxud karyeraları ilə bağlı hansı seçimləri edəcəkləri təsir edəcək. Lakin Lyuk Treysi ilə münasibətlərində yeni mərhələyə keçib. O, Daqın məsləhətinə qulaq asaraq, Treysi ilə birlikdə olduğu müddətcə onun rifahı barədə düşünüb, onu qorumağa qərar verdi. Onların hər ikisi üçün bu, uğurlu vəziyyətdir. Əgər Lyuk və Treysi sonda nikah bağlamağa qərar verərlərsə, onda bir-birinin rifahının qayğısına qalaraq, Allahın sevgisi ilə bir-birini sevib, həyatlarını möhkəm təməl üzərində quracaqlar. Əgər onların həyat yolları ayrılarsa, onlar peşmançılıq çəkmədən və təəssüflənmədən ayrıla bilərlər. Çünki onların münasibətləri sağlamlığa, xoşbəxtliyə və ruhani inkişafa kömək edirdi. Ola bilsin ki, gələcəyinizin necə olacağından nə siz, nə də rəfiqəniz (dostunuz) əminsiniz. Lakin siz bir-birinizi həqiqətən sevərək, rifahınızın qayğısına qalmaq və bir-birinizi qorumağı qərara alırsınızsa, sizin münasibətləriniz sevinc gətirə bilər. MÜƏLLİFLƏR HAQQINDA Coş Makdauell Amerikada tanınmış vaiz, yazıçı, eləcə də dünyanın müxtəlif yerlərində müjdəçilik və şagirdliklə məşğul olan «Campus Crusade for Christ» beynəlxalq missioner təşkilatının nümayəndəsidir. O, 128 dilə tərcümə edilmiş 150-dən çox kitabın müəllifi və həmmüəllifidir. Coş və həyat yoldaşı Dotti təxminən yarım əsrdir ki, evlidir. Onların dörd övladı və on nəvəsi var. Ed Styuart bir çox məsihçi kitabının müəllifi və həmmüəllifidir. Böyük yazıçılıq təcrübəsinə malik olan Ed Styuart Coş Makdauell ilə birlikdə gənclər üçün bədii ədəbiyyat üzərində çalışmışdır. Sonradan böyüklər üçün də dörd triller-romanı yazmışdır. Ed və həyat yoldaşı Kerolun iki böyük övladı və dörd nəvəsi var.