Coş MAKDAUELL Ed STYUART ALLAHIN İRADƏSİNİ AXTARMAQ MİNNƏTDARLIQ Texas ştatının Ostin şəhərindəki Intimate Life Ministries-in direktoru Devid Ferqyusona «911: Təcili Psixoloji Yardım» silsiləsinə böyük əmək sərf etdiyinə görə minnətdarıq. Bu silsilənin hər kitabında Intimate Life Ministries-in prinsipləri ilə yanaşı Devidin də təsiri hiss olunur. Devid bizə başqaları üçün Allahın təsəllisinin, dəstəyinin və ruhlandırmasının necə olduğunu göstərir. Eləcə də Coş Makdauellin iyirmi üç illik həmkarı Deyv Bellisə «911: Təcili Psixoloji Yardım» silsiləsində göstərdiyi köməyə görə təşəkkür edirik. Bu silsilədəki hekayələr onun «Youth in Crisis Resource» («Gənclər böhran vəziyyətlərində») proqramından götürülüb. Biz Deyvə istedadına və bu işdə iştirakına görə çox minnətdarıq. Nəhayət, nəinki bu layihəyə inanan, həm də onu davamlı olaraq dəstəkləyən naşirimiz Word Publishing-dən Coui Pola minnətdarıq. BOBBİNİN HEKAYƏSİ Bobbi Franklin əlində toxmaqla bazaya yaxınlaşanda, azarkeşlərin alqışlarını çətinliklə eşidirdi. Tribunada onun valideynləri və sevgilisi Eşli oturmuşdu. Məbəddən çoxlu dostları da gəlmişdi. Bobbi onların hamısını çox sevirdi və matçda iştirak etmələrini arzulayırdı. Amma indi onun diqqəti oyuna yönəlmişdi. Görəsən, onun komandası məğlub olacaq, yoxsa qalib gələcək? Bu onun orta məktəbdəki son oyunu idi. Buna görə də bütün diqqətini oyuna cəmləməli idi. Əla oynamaq bacarığı onu məktəb komandaları arasında ilin ən yaxşı oyunçusuna çevirmişdi. Bu gün bütün çempionatın taleyi həll olunacaqdı. Dəfetmə zonasında mövqe tutan Bobbi toxmaqla bir neçə sınaq zərbələri endirdi. O, nə edəcəyini dəqiq bilirdi. Komandasının oyunçuları artıq birinci və üçüncü bazaları tutmuşdu. İndi isə o, topu daxili sahədən kənara atmalı idi. Onun beysbol karyerası orta məktəbdə sona çatırdı. Beləcə yaxşı bir zərbə komandasına qələbə gətirə bilər, bir səhv isə məğlub edərdi. «O, topu aşağıdan və zonadan kənar atacaq, — Bobbi topu atan uzundraz pitçerə baxaraq öz-özünə dedi. — O, mütləq səhv edəcək. Gözlə. Sonra topu vur» . Pitçer topu atmağa hazırlaşanda, Bobbi toxmağı qaldıraraq ürəyində dua etdi: «Ya Rəbb, Sənin üçün əlimdən gələn hər şeyi etməyə kömək et». Bobbi beysbolu çox sevirdi. Eyni zamanda o, istedadı ilə Allahı izzətləndirmək istəyirdi. Birinci iki atış onun gözlədiyi kimi, zonadan kənara çıxdı. Üçüncü top qaytarılsa da, yan xətdən çıxaraq diyirlənib yerə düşdü. Növbəti top bazanın qarşısında yerdən sıçradı. Yalnız üçüncü bazadakı hücumçuya xal qazandırmağa mane olan ketçer yaxşı oynadı. «Mən sənin topuna zərbə endirəcəyəm, — Bobbi pitçerə baxa-baxa düşündü. — Bilirəm, sən onu zərbə zonasının yuxarı küncünə atacaqsan». Bobbi topu diqqətlə izləyirdi. O, topu oyun meydançasının üstündən sol tərəfə vurdu. Birinci bazaya qaçan Bobbi topunun yerə düşdüyü vaxt sol oyunçunun yavaşladığını, daha sonra topun oyunçunun tələsinə düşdüyünü gördü. Həmin ərəfədə Mayk Brayan ev bazasına qaçdı. Eyni şeyi meydan oyunçusu da etdi. Bobbi yerində dayanıb «kaş ki topa lap güclü zərbə vuraydım» deyə düşündü. O, çox istəyirdi ki, Mayk zərbəni vurub hesabı bərabərləşdirsin. Top və hücum oyunçusu sanki eyni vaxtda bazaya çatmışdı. Toz buludları arasında hakimin sağ əli yuxarı qalxdı və Bobbi «Aut!» sözünü eşitdi. Çempionatı uduzdular. Bobbinin məktəbdəki beysbol karyerası kimi, oyun mövsümü də bitdi. Rəqib komanda sevincdən atılıb-düşürdü. Bobbi yoldaşları ilə birlikdə qalibləri təbrik etmək üçün bir-birinin ardınca sıraya düzüldülər. «Əla oynadınız! Əla oynadınız!» deyə o, hər bir oyunçuya səmimi şəkildə bildirdi. Məğlubiyyət acı olsa da, bu gün güclülər qalib gəlmişdi. Bobbi isə məyus görünüşü ilə onların zəfər bayramını korlamaq istəmirdi. Bir neçə dəqiqə sonra yerli televiziyanın idman müxbiri Bobbinin yanına gəldi. Yerli qəzetlər və televiziyalar Bobbini ulduz adlandıraraq onu tərifləyirdilər. O, isə həmişə buna məhəl qoymamağa çalışırdı. İdman xəbərləri üçün bir neçə dəfə ondan müsahibə alınmasına baxmayaraq, Bobbi hələ də kamera qarşısında özünü narahat hiss edirdi. Kamera Bobbiyə tuşlananda, idman müxbiri reportajına başladı: — Mən ilin oyunçusu adına iddialı Bobbi Franklinin yanında dayanmışam. Bobbi, sən liqanın ən yaxşı oyunçusu olmusan. Belə uğurlu mövsümdən sonra komandanız məğlub olanda, nə hiss edirsən? — Təbii ki, bugünkü məğlubiyyətə görə çox üzüldük. Amma bu, gözəl mövsüm idi. Mən onu heç vaxt unutmayacağam. Oyunla bağlı bir neçə sual verəndən sonra müxbir gələcək planlar haqqında soruşdu: — Bobbi, indi hər kəs bundan sonra nə edəcəyinlə maraqlanır. Sən kollecdə beysbol oynamağa davam edəcəksən? Son vaxtlar Bobbiyə bu sual dəfələrlə verilib. Bunu gizlətməyə çalışsa da, gələcəyi ilə bağlı şübhələr ona çox əzab verirdi. — Hələ bilmirəm, — həmişəki kimi cavab verdi. Əlbəttə o gələcəyini bilmək istəyərdi. Amma Allahın onun üçün hansı gələcəyi hazırladığını necə bilərdi? — Sənə bir idmançı kimi çoxlu təqaüd təklif olunub, elə deyilmi? — Bir neçə təqaüd, — Bobbi düzəliş etdi. — Mənə qarşı bu qədər maraq göstərilməsi, təbii ki, xoşdur. Əgər etməli olduğum budursa, məncə, kollecə daxil olmaq heç də pis fikir deyil. «Təbii ki, Allah bunu məndən gözləyirsə» deyə öz-özünə əlavə etdi. Bobbi üçün bu, son dərəcə vacib idi. Uşaqlıqda Məsihə iman etdiyi andan o, həyatının bütün sahələrində həmişə Allahın iradəsini bilməyə və ona tabe olmağa çalışırdı. Lakin itaət onun gözündə asan görünürdüsə, Allahın iradəsini bilmək ona çətin gəlirdi. Xüsusilə indi, Bobbi orta məktəbi bitirdiyi vaxt növbəti addımı atmalı idi. Amma hansı addımı? O, bunu hələ bilmirdi. — Bəs beysbolda peşəkar olmağa necə baxırsan? — müxbir davam etdi. — Bildiyimə görə, bu il oyunlarında böyük liqa təmsilçiləri olub. Bobbi beysbol papağını qaldırıb, fikirli halda alnını qaşıdı. Böyük Liqada oynamaq onun çoxdankı arzusu idi. O, bunun üçün kifayət qədər bacarıqlı idimi? Görəsən, ona müqavilə təklif olunacaqmı? Əgər olunacaqsa, görəsən, Allahın bu işdə iradəsi varmı? Bobbinin bu barədə heç bir məlumatı yox idi. — Beysbol forması geyinən hər bir uşaq nə vaxtsa Dünya Seriyasında iştirak etməyi xəyal edir. Mən də istisna deyiləm, — Bobbi təbəssümlə dedi. — Mən həmin nümayəndələrlə görüşmüşəm. Onlar hələ mənimlə danışmayıblar. Əgər mənə nəsə təklif etsələr, bu barədə düşünməli olacağam. Əslində, o, yazdan bəri bu barədə çox fikirləşib. Lakin Allah ona bu sahədə peşəkar olacağına dair heç bir açıqlama verməyib. — Eşitdim ki, gələn il, ümumiyyətlə, oynamamaq ehtimalın var, — müxbir dedi. — Ola bilər, — deyə Bobbi cavab verdi. — Düşündüyüm variantlardan biri də beysbolun olmadığı Müqəddəs Kitab kollecinə daxil olmaqdır. — Doğrudanmı, üç il belə möhtəşəm oyundan sonra beysbol oyunundan uzaqlaşacaqsan? Bu fikir Bobbini çaşdırdı. O, beysboldan imtina etmək istəmirdi. Ancaq Allah onu Müqəddəs Kitab kollecinə göndərsə, onun sevimli oyunu orada olmayacaqdı. — Bəli, əgər Allah bunu məndən istəyirsə, mən beysboldan uzaqlaşa bilərəm, — Bobbi məyusluğunu gizlətməyə çalışaraq dedi. Müxbir Bobbiyə müsahibə üçün təşəkkür etdi, sonra operatorla birlikdə qalib komandanın pitçerini tapmağa tələsdi. Bobbinin valideynləri səbirlə oğullarını gözləyirdilər. Oğlunun komandası uduzsa da, onlar qürur hissi ilə onu qucaqladılar və yaxşı oyuna görə təbrik etdilər. Burada Bobbi Eşli Şepard ilə üz-üzə gəldi. Beysbol karyerasını davam etdirməli olub-olmadığını bilmədiyi kimi, eynilə Tanrının Eşlinin onun arvadı olmaq niyyətini də bilmirdi. Buna baxmayaraq, Bobbi istəyirdi ki, onun həyatında həm Eşli, həm də beysbol olsun. Gələcəyə gəlincə, Eşli Allahın ona hələ açmadığı sirrin bir hissəsi idi. Bobbi bu qızın onun həyatında hansı rol oynayacağını bilmədiyinə görə, gələcəkləri haqqında susurdu. Eşli onu qucaqlayıb yanağından öpdü: — Oyunu uduzduğunuza görə təəssüf edirəm, Bobbi. Sən əla oynadın. Amma bütün bunlar elə də vacib deyil. Çünki sən mənim üçün həmişə qalib olacaqsan! Bobbi Eşlinin üzünün qəfil tutulduğunu gördü. O, başını Bobbinin sinəsinə dayayaraq ağladı. Qızın ağlamasına təəccüblənən Bobbi də onu qucaqladı. «Əgər söhbət oyunla bağlı deyilsə, bəs nəyə görə o ağlayır?» deyə öz-özünə düşündü. EŞLİNİN HEKAYƏSİ Eşli göz yaşlarından utansa da, özünü saxlaya bilmirdi. Oyun bitəndən sonra o, birdən düşündü: «Bu bizim münasibətimizin sonudur. İki aydan sonra o, təhsilini başa vuracaq və Müqəddəs Kitab kollecinə oxumağa gedəcək və ya başqa yerdə beysbol oynayacaq. O, başqa qızlarla tanış olub məni unudacaq. Bəs mən nə edim?» Üç il əvvəl onlar görüşməyə başlayanda Eşli Bobbi ilə nə vaxtsa evlənəcəyinə əmin idi. O, yeni soyadını yazmağı məşq edirdi: Eşli Canin Franklin, xanım Robert Franklin, cənab və xanım Robert Franklin, Bobbi və Eşli Franklin. O, çini qabların, xörək servizlərinin və mebel kataloqlarını toplamağa, ev dizaynı üçün jurnallar almağa başlamışdı. Hətta bir gün doğulacaq uşaqları üçün adlar da seçmişdi: kiçik-Bobbi, Brett, Brittani, Bess. Lakin o, bütün bunları gizli edirdi, bu barədə heç kimə, xüsusən də Bobbiyə heç nə demirdi. Bobbi dərsləri, beysbol və məbəddəki gənclər qrupu ilə o qədər məşğul idi ki, yəqin, onların bir yerdə olması barədə düşünməmişdi. Bu işdə Allahın iradəsinin olmasında Eşlinin heç bir şübhəsi yox idi. Onlar bir-birinə çox yaraşırdılar. Bobbi bunu başa düşməli idi. Amma o başa düşəcəkmi? Məhz bu sual onun göz yaşlarına səbəb olmuşdu. Bəs birdən Bobbi bütün bunları görmürsə, onda necə? Bəs birdən onun bütün həyatı beysbol və ya məbəddəki xidmətə həsr olunubsa? Yoxsa o özünə başqa, ona daha uyğun olan qız tapıb? Eşlinin valideynləri onun universitetə ​​qəbul olunmasını istəyirdilər. Əgər Bobbi də başqa yerə oxumağa getsə, artıq onun başqa qızlarla görüşməsinə mane ola bilməyəcək. Beysbol mövsümünün bitməsi qəfildən bu qorxuları yaratmışdı. — Niyə birdən ağladın? — Eşli gözlərini siləndə Bobbi ondan soruşdu. Onlar birlikdə Bobbinin komandasının mindiyi avtobusa tərəf getdilər. Bobbi duş qəbul etməli, paltarını dəyişməli və dolabını səliqəyə salmaq üçün məktəbə qayıtmalı idi. — Heç nə, hər şey qaydasındadır. Bu, sadəcə oyundan yaranan emosiyadır, — deyə Eşli cavab verdi. O, daha ağlamırdı. Bobbiyə göz yaşlarının əsl səbəbini deyə bilmədiyinə görə özünü günahkar hiss edirdi. — Hə, mən bu gün yaxşı oynamadım, amma bu, sadəcə bir oyundur. — Haqlısan, bu, sadəcə bir oyundur, — Eşli Bobbinin çox dərinə getmədiyinə görə bir qədər rahatlanaraq cavab verdi. Onlar avtobusa çatanda Bobbi dedi: — Məktəbdə bütün işlərimi bitirməyim təxminən bir saat çəkəcək. — Bobbinin komanda yoldaşları və dostları ora-bura vurnuxurdular. — İstəsən, bir az sonra görüşə bilərik. — Yaxşı, işlərini bitirəndən sonra gəl. Anam bu axşam işdə olacaq. Yemək üçün harasa gedə bilərik. — Əla. Onda bir saatdan sonra görüşərik. Eşli ilə sağollaşanda Bobbi onun alnından öpüb avtobusa mindi. Eşli yenidən göz yaşlarını gizlətmək üçün üzünü çevirdi. «Tezliklə biz həmişəlik vidalaşmalı olacağıq» deyə özlüyündə düşündü. Bobbinin valideynləri Eşlini evinə qədər apardılar. Evdə heç kimin olmadığını görəndə, Eşli rahatlandı. Çünki onun əsəbləri gərgin idi, anası onu başa düşməyəcəkdi. Eşli zəiflik göstərdiyinə görə özünü danlayırdı. «Əgər Allah bizim bir yerdə olmağımızı istəyirsə, belə də olacaq» — deyə özünü sakitləşdirirdi. — «Bobbi də mənim kimi Allahın iradəsini yerinə yetirməyə çalışır. Hətta o, kollecə oxumağa getsə və ya yenidən beysbol oynasa belə, yanıma qayıtmağın bir yolunu tapacaq». Suallar zəhlətökən ağcaqanadlar kimi, yenə onu təngə gətirməyə başladı. Son bir neçə ayda o, bu sualları özündən uzaqlaşdırmağa çalışırdı. «Bəs birdən Allahın iradəsi ilə bağlı yanılırsansa, onda necə? Bobbi ilə evlənəcəyini haradan bilirsən? Bunun təsdiqini Müqəddəs Kitabda hansı ayədən tapmısan? Bəlkə arzularını reallıq kimi görürsən? Birdən bu, Allahın yox, sənin istəyindirsə, onda necə?» Bu sualların ardınca başqa suallar yaranırdı. «Əgər mən Bobbiyə ərə getməsəm, onda nə olacaq? Karyeramı qurum? Bobbidən başqa oğlanlarla görüşüm? Axı Bobbidən başqa heç kimlə görüşmək istəmirəm. Birdən Bobbini sevdiyim kimi, başqasını sevə bilməsəm və onunla evlənsəm, onda necə?» Eşlinin bütün bu suallara cavabı yox idi. Bu kimi şeyləri dəqiq bilmək mümkündürmü? Bunu necə bilmək olar? Məktəbi bitirməyə cəmi ay yarım qalmışdı, qeyri-müəyyənlik isə get-gedə artırdı. Eşli sevinirdi ki, Bobbi gələnə kimi göz yaşları qurumuşdu. Onlar pizza yeməyə getdilər. Eşli susqun görünürdü. Xoşbəxtlikdən, onun danışmağa ehtiyacı qalmamışdı. Çünki Pizza kafesi uduzmuş çempionatı unutmağa başlayan məktəb dostları ilə dolu idi. Eşli yaxşı vaxt keçirəndən sonra Bobbidən onu evə ötürməsini istədi. Onunla bir daha sağollaşanda Eşli az qala yenə göz yaşlarına boğulacaqdı. O başa düşdü ki, kiminləsə bölüşməlidir. «Mən Allahın iradəsini nə olduğunu bilməliyəm, yoxsa dəli olacağam». Onun heç ağlına da gəlmirdi ki, ürək dostu yol gedə-gedə eyni şeyləri düşünür. DÜŞÜNMƏK VAXTI «Mən Allahın iradəsini necə öyrənə bilərəm?» Bu, yeniyetmələrin ruhani nəsihətçilərinə tez-tez verdiyi suallardan biridir. Bəzi yeniyetmələrdə Allahın iradəsi ilə bağlı səmimi və ciddi suallar yaranır. Bəziləri bu barədə açıq danışır, bəziləri isə susur. Amma buna baxmayaraq, çox narahatdırlar, hətta yuxuları belə pozulur. Nəyə görə Allahın iradəsini bilmək sizin yaşınızda olan insanlar üçün bu qədər vacibdir? Çünki Bobbi Franklin və Eşli Şepard kimi həyatınızın bu dövründə ən vacib qərarlardan birini verirsiniz. İlk qərar — həyatınızı kimin idarə edəcəyidir. Görünür, Bobbi və Eşli artıq bu sualın cavabını tapmışdılar. Onların hər ikisi həyatlarını İsa Məsihə həvalə etmişdilər. Onlar dərk etdikləri qədər Allahın Kəlamına və iradəsinə uyğun yaşamaq niyyətində idilər. Bəlkə siz də buna bənzər qərar qəbul etmisiniz. İkinci vacib qərar nikaha aiddir: ümumiyyətlə, ailə qurmaq fikrindəsinizmi? Əgər fikrindəsinizsə, taleyinizi kiminlə birləşdirməyi planlaşdırırsınız? Eşli bu məsələni indidən həll etməyə çalışırdı, çünki kiminlə evlənmək istədiyini bilirdi. Lakin Bobbi ilə evlənməkdə Allahın iradəsi olub-olmadığına əmin deyildi. Bu məsələ ikiqat çətindir. Çünki qarşı tərəfin fikri də nəzərə alınmalıdır. Eşli düşünə bilər ki, Bobbi ilə birləşməsində Allahın iradəsi var. Amma Bobbi Allahın iradəsini fərqli şəkildə dərk edirsə, Eşlinin fikri elə də əhəmiyyət kəsb etmir. Bəlkə də siz artıq kiminləsə görüşürsünüz, sizin (və ya dostunuzun) nikahla bağlı Allahın iradəsinin olub-olmadığına dair ciddi sualınız (sualı) var. Üçüncü əsas qərar karyeranızla bağlıdır. Həyatda nə işlə məşğul olacaqsınız? Bunun üçün hansı təhsilə ehtiyacınız olacaq? Bütün həyatınıza təsir edəcək qərarınızla bağlı gərginlik hiss edirsinizmi? Bunları düşünən tək siz deyilsiniz. Əgər siz Eşli və Bobbi kimi Məsihin ardınca getmək niyyətindəsinizsə, o zaman evlilik və karyera ilə bağlı qərar qəbul etmək sizin üçün asan olacaq. Allah sizi sevir və Onun həyatınız üçün gözəl planı var. Müqəddəs Kitabda deyilir: «Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm» Rəbb belə bəyan edir. «Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim» (Yeremya 29:11). Eləcə də Allah deyir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolunu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (Zəbur 32:8). Sizə lazım olan tək şey bu planın və Allahın iradəsinin nə olduğunu öyrənməkdir. Onda narahatlığınız keçib gedəcək. Siz deyə bilərsiniz: «Əlbəttə, demək etməkdən daha asandır». Yeniyetmə imanlıların çoxu Allahın onlar üçün planı olduğunu bilir. Amma bu planın nə olduğunu və onu necə öyrənəcəklərini bilmirlər. Düzdür, Allahın bir planı var, lakin yeniyetmələr çox vaxt onu ya gözdən qaçırır, ya gözardı edir, ya da səhv başa düşürlər. Nəyə görə? Çünki insanların əksəriyyəti Allahın iradəsi ilə bağlı yanlış fikirdə olurlar. Məsələn, aşağıda qeyd olunduğu kimi. Ola bilsin ki, siz də bu cür düşünürsünüz. Allahın iradəsi gizlidir və mən onu tapmalıyam. Bəzi insanlar elə bilirlər ki, Allahın iradəsini bilmək — gizli bir xəzinə tapmaq kimidir. Guya Allah sizin suallarınıza verdiyi cavabları gizlədir. Əgər siz onları tapa bilmirsinizsə, sizin üçün daha pisdir. Lakin belə yanaşma Allahın Kəlamı ilə uyğun gəlmir. Allah sizinlə oyun oynamır. Əgər siz Onun iradəsini qəbul etməyə hazırsınızsa, O, iradəsini sizə açmaq istəyir. Mən Allahın iradəsini bilmək istəmirəm, çünki o məni qane etməyə bilər. Bəziləri Allahın iradəsini bilməkdən qorxurlar. Onlar düşünürlər ki, Allah onlardan bəyənmədikləri birisi ilə evlənməyi və ya istəmədikləri bir işi görməyi tələb edəcək. Məsələn, cəngəlliyə missioner getməyi. Amma doğrudanmı Allah belə edir? Doğrudanmı, O bizi bədbəxt etməyə çalışır? Müqəddəs Kitab bu suala mənfi cavab verir: «O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?» (Romalılara 8:32). Allah bizə ən böyük ehtiyaclarımızı ödəmək üçün lazım olan hər şeyi səxavətlə bəxş etmək istəyir. Mən Allahın iradəsini qismən yerinə yetirməyə razıyam. Bu cür yanaşan insanlar heç vaxt Allahın iradəsini bilməyəcəklər. Bu, eyni zamanda bir ayağı qazda, digər ayağı ilə əyləcdə olan maşını idarə etməyə bənzəyir. Əvvəlcə biz deyirik: «Ya Rəbb, Öz iradəni mənə aç», sonra isə dərhal əlavə edirik: «Mən Allahın iradəsinin bu hissəsini yerinə yetirmək istəmirəm». Əgər Allah bu gün bizdən nə istədiyini göstərirsə, biz isə onu yerinə yetirmək fikrində deyiliksə, nəyə görə sabah bizdən nə istədiyini göstərməlidir? Biz Allahın bizdən istədiyi hər şeyi etməyə çalışmalıyıq. Mən Allahın iradəsini yerinə yetirib-yetirə bilməyəcəyimi sınamaq üçün bilmək istəyirəm. Allahın iradəsini bilmək — yeni maşın almaqla eyni deyil. Siz Allahın iradəsini «sınamaq», sonra onu «alıb-almamaq» barədə qərar verə bilməzsiniz. Siz ya Allahın iradəsini yerinə yetirmək istəyirsiniz, ya da yox. Siz Allahın iradəsini öz istəyinizdən daha çox icra etmək istəməyincə, bilməyəcəksiniz. İndi isə yanlış yanaşmaları düzgün olanlarla müqayisə edin: nə olursa olsun, mən Allahın iradəsini yerinə yetirmək istəyirəm. Mükafata layiq yeganə mövqe — Allahın iradəsini bilməzdən əvvəl onu qəbul etməyə hazır olmaqdır. Məzmurçunun ifadə etdiyi mövqe məhz bu idi: «Ey Allahım, Sənin iradəni yerinə yetirmək mənə zövq verir, Qanunun qəlbimdədir» (Zəbur 40:9). Allah Öz məqsədini onu qəbul etməyə və Onun iradəsinə tabe olmağa hazır olanlara açıqlamaq istəyir. Bobbi və Eşli düzgün istiqamətdədirlər. Onlar Allahın niyyətini bilmədiklərinə görə bir az narahat olsalar da, hər ikisi Allahın iradəsini yerinə yetirmək istəyir. Sadəcə Allahın iradəsini daha aydın görmələri üçün onların bir az köməyə ehtiyacları var. Belə bir münasibət həmişə mükafatlandırılacaq. Tezliklə hər ikisi bunu görəcək. BOBBİNİN HEKAYƏSİ Bobbi Franklin səbirsizliklə həftə sonunu gözləyirdi. Gənclər qrupundan dörd imanlı qarşıdan gələn məzuniyyətlərini qeyd etmək məqsədilə balıq tutmaq və sadəcə yaxşı vaxt keçirmək üçün üç günlük dağlarda gəzmək qərarına gəldilər. Onlardan ikisi — Bleyk və İen başqa ştatda kollecdə oxumağı planlaşdırırdı. Bobbi ilə Ceff isə payızda harada olacaqlarını hələ bilmirdilər. Buna görə də yayın sonunda ayrılmazdan əvvəl birlikdə vaxt keçirməyə qərar verdilər. Onların dördü də yekdilliklə Daq Şounu öz aralarına dəvət etdilər. Daq və həyat yoldaşı Cenni məbəddə gənclərlə işləyən könüllü xidmətçi idilər. Gəzinti həvəskarı olan Daq böyük məmnuniyyətlə razılaşdı. Cenni isə Eşli Şepard da daxil olmaqla, bir neçə qızı evlərinə qonaq dəvət etdi. Bobbi ilə Daq bir il ərzində sıx əməkdaşlıq etmişdilər. Bobbi gənclər qrupunun rəhbərliyində iştirak edirdi. O, Daqı Məsihdə böyük qardaş hesab edirdi. Bleyk, İen və Ceff də dəfələrlə Daqdan mənəvi dəstək və nəsihət almışdılar. Bobbi əmin idi ki, onlar birlikdə yaxşı vaxt keçirəcəklər. Həm də o, Daqla ünsiyyət qurmaq və gələcəklə bağlı suallarına cavab almaq imkanının olacağına ümid edirdi. Cümə günü yuxarı sinif şagirdlərinin istirahət günü idi. Buna görə də onlar səhər tezdən dağlara yollandılar. Günorta çağı bir qədər dincəlib nahar etdilər, sonra kəmərlərini sıxıb meşəyə tərəf getdilər. Axşam saat altı radələrində şəffaf suyu olan gölün yaxınlığında düşərgə salmaq üçün əla yer tapdılar. Saat yeddinin yarısına dəbdəbəli şam yeməyi hazırlamaq üçün kifayət qədər alabalıq tutdular. Şam yeməyindən sonra çırtıldayan ocağın ətrafına toplaşaraq, Daq və dörd yeniyetmə məktəb həyatından hekayələr danışıb-gülüşdülər. Onlar beysbol haqqında çox danışır və zarafat edirdilər. Zarafatların çox hissəsi şəhərlərində məşhur olan Bobbiyə tuşlanmışdı. Bobbi də hamı ilə zarafatlaşırdı. Ara bir anlıq sakitləşəndə Bobbi bütün günü düşündüyü sualı vermək qərarına gəldi: — Daq, harada təhsil alacağına, həyatda nə işlə məşğul olacağına və bu kimi şeylərə necə qərar verdin? Daq ocağa bir neçə odun atdı: — Sən istedadımı və qabiliyyətlərimi necə müəyyən etdiyimi nəzərdə tutursan? — Bəli. Bacarıqlarınla nə edəcəyinə necə qərar verdin? Daq gülümsədi: — Yəni mən sənin yaşında olanda Allahın həyatımla bağlı iradəsini necə bildim? Bobbi qızardı. Əslində, onun soruşmaq istədiyi də məhz bu idi. — Bəli, belə də demək olar. Ocağın işığında başqaları onun üzünün rənginin necə dəyişdiyini hiss etmədilər. Həm də Bleyk, İen və Ceff Daqdan cavab gözlədiyinə görə ona baxırdılar. Daq bir neçə saniyə səssizcə ocaqda kömürləri qarışdırdı. Sonda dilləndi: — Mən məktəbi bitirəndə sizin kimi imanlı idim. Gələcək həyatımla bağlı Allahın planının nə olduğunu çox bilmək istəyirdim. Texniki fənlərdən yaxşı idim, təşkilatçılıq qabiliyyətim də pis deyildi. Düşünürdüm ki, kompüter biznesi, satış, xidmət və ya buna bənzər bir işlə ilə məşğul olacağam. — Sənin mini-çap mətbəən var, — Bleyk əlavə etdi. — Yəni indi də istədiyin işlə məşğulsan. — Düzdür. Amma əvvəl mini-çap mətbəəm olmayıb. Bobbi başa düşdü ki, o, son üç il istisna olmaqla, Daq və onun həyatı haqqında, demək olar ki, heç nə bilmir. Ona Daqın həyatı barədə bilmək çox maraqlı idi. — Bəs əvvəllər nə işlə məşğul idin? — deyə soruşdu. Onun üç dostu da maraqla cavab gözləyirdi. — İki ilimi donanmada, dörd ilimi kollecdə və yeddi ilimi atamın mebel mağazasında keçirtdim. Bobbinin gözləri təəccübdən böyüdü. — Bəs Allah səni donanmada xidmətdən kollecə, sonra mebel mağazasına, sonra isə mini mətbəəyə necə gətirib? Daq gülümsədi: — Bu, uzun hekayədir. Böyük məmnuniyyətlə sizinlə bölüşərəm. Ancaq əvvəlcə sizə Allahın iradəsi haqqında bir az danışmaq istəyirəm. Mən bunu hələ məktəbdə oxuyanda pastorumdan öyrənmişəm. Bu mənə həyatda çox kömək etdi. Bunun sayəsində mən indi olduğum yerdəyəm. — Daq bir çubuq götürüb yerə üfüqi bir xətt çəkdi. — Allahın iradəsi iki hissədən ibarətdir. Birincisi, Allahın hamı üçün olan iradəsidir. Yəni pastorumun dediyi kimi, Allahın ümumi iradəsidir. — Daq çubuqla çəkdiyi xəttin üstündəki boş sahəni göstərdi. Sonra çubuğun ucu ilə aşağıdakı sahəni göstərərək davam etdi: — İkincisi, hər bir fərd üçün olan Allahın iradəsidir. Çoxları Allahın şəxsən onlar üçün iradəsini bilmək istəyirlər, lakin Onun bütün insanlar üçün olan iradəsinə məhəl qoymurlar. Bu, ciddi problemdir. Əgər biz Onun ümumbəşəri iradəsini yerinə yetirmək istəmiriksə, nəyə görə O Öz konkret iradəsini bizə açıqlamalıdır? — Sən Allahın ümumi iradəsini deyərkən nəyi nəzərdə tutursan? — deyə Bleyk soruşdu. Daq cavab verdi: — Müqəddəs Kitabda açıq şəkildə bildirilən Tanrının hər kəs üçün olan iradəsini. Məsələn, Müqəddəs Kitabdan bilirik ki, Allah hər kəsin xilas olunması üçün Məsihə iman etməsini istəyir. Gəlin Saloniklilərə birinci məktub beşinci fəsil on yeddinci ayədə nə deyildiyini xatırlayaq: «Durmadan dua edin». Bilirik ki, daim dua etmək və Onunla ünsiyyətdə olmaq Allahın iradəsidir. Allah Öz iradəsini bizə Müqəddəs Kitab vasitəsilə açıqlayır. Bəlkə siz də nəsə əlavə etmək istəyirsiniz? — O bizim bir-birimizi sevməyimizi istəyir, — Bobbi dedi. — Əlbəttə, başqalarını sevmək Allahın hamı üçün olan iradəsidir, — deyə Daq razılaşdı. — Bəs valideynlərə hörmət etmək və onlara itaət etmək necə? — İen əlavə etdi. Daq razılaşaraq başını tərpətdi. Uşaqlar Müqəddəs Kitabdan daha bir neçə əmri xatırladılar. Sonda Daq dedi: — Məktəbdə sonuncu sinifdə oxuyanda pastorumun yanına gedib, ondan kollecə daxil olmağımın Allahın istəyi olub-olmadığını necə öyrənə bilərəm deyə soruşdum? Cavabında o məndən soruşdu ki, mən Məsihi Xilaskarım kimi qəbul edirəmmi, valideynlərimə itaət edirəmmi, bəkarətimi qoruyurammı? Onun sualları məni o qədər təəccübləndirdi ki, pastor izah etdi: «Əgər sən Allahın ümumi iradəsini yerinə yetirmirsənsə, onda həyatınla bağlı Onun iradəsini axtarmağın mənası yoxdur» . Mən bu sözləri ömrümün sonuna qədər yadımda saxladım. Allahın bizim üçün olan iradəsini bilməyin sirri — bildiklərimizi yerinə yetirməkdədir. Daq danışa-danışa Bobbi özünü yoxlamağa başladı. Doğrudanmı, o, hər zaman Allahın ümumi iradəsini yerinə yetirir? Bobbinin bütün qəlbi ilə Allahın Kəlamına tabe olmağa çalışmasına baxmayaraq, kamillikdən nə qədər uzaq olduğunu öz-özünə etiraf etməli oldu. O, iman yoluna çox ciddi yanaşırdı. Hətta ata-anasına itaət etməmək və ya öz iffət məsələsində güzəştə getməklə bağlı imtahan olunanda belə. O, hələ ruhən çox böyüməli idi. Lakin Məsihə və Onun Kəlamına itaət etmək Bobbi üçün çox vacib idi. Bobbi Daqın hekayəsinin ikinci hissəsinə keçməsini səbirsizliklə gözləyirdi. Çünki o, yaxın gələcəyi ilə bağlı Allahın iradəsini öyrənmək istəyirdi. EŞLİNİN HEKAYƏSİ — Cenni, — Eşli dedi, — hamımız sənin Daqla necə tanış olduğunu və bir-birinizə nə vaxt aşiq olduğunuzu bilmək istəyirik. Eşli rəfiqələri ilə birlikdə Cennigildə gözəl və maraqlı vaxt keçirirdilər. Eşli Cennini dost kimi sevirdi və ona ruhani müəllimi kimi hörmət edirdi. Oğlanlarla bağlı söhbət Cenni və əri Daqla olan münasibətlərinə keçdi. Qızlar onun hekayəsini eşitmək üçün yaxın oturdular. Eşliyə bu, daha maraqlı gəlirdi. Çünki Bobbi Franklinlə onları necə bir gələcək gözlədiyini bilmirdi. — Mən Daqla kollecin ikinci kursunda oxuyanda tanış olmuşdum, — deyə Cenni sözə başladı. — O, donanmada xidmətdən təzəcə çıxmışdı və birinci kursda oxuyurdu. — Oh-oh-oh, dənizçi! — Eşlinin rəfiqəsi Dana heyrətlə dedi. Hamısı güldü. Cenni sözünə davam etdi: — Biz Daqla kampusda müjdə xidməti ilə məşğul idik. Daq yüz faiz özünü Rəbbə xidmət etməyə həsr etmişdi. Bunu aydın görürdüm. Mənim də kişidə axtardığım xüsusiyyət məhz bu idi. Üstəlik, o, çox yaraşıqlı idi! Qızlar yenə qımışdılar. — Bu, ilk baxışdan məhəbbət idi? — Eşli marağını gizlətməyə çalışaraq soruşdu. — Onun sənin üçün yarandığını dərhal başa düşdün? — Əslində, yox, — Cenni dedi. — Bir şeyi başa düşdüm ki, Allah Öz iradəsini birdən yox, tədricən açıqlayır. Daq dərhal diqqətimi çəkdi. Bizim birlikdə Rəbbə xidmət etməyimiz xoşumuza gəlirdi. Bununla belə, Allahın onu mənim üçün seçdiyini başa düşməyim, demək olar ki, iki il çəkdi. — Bəs bunu necə başa düşdün? — Eşli təkidlə soruşdu. Cenni gülümsədi: — Bir sözlə desək, o mənə evlilik təklifi etdi, mən də razılaşdım. Bu dəfə Eşli qızlara qoşulub gülmədi. Onun üzündəki ifadəni görən Cenni sözünə davam etdi: — İcazə verin, bütün hekayəni sizə danışım. Daqla görüşdüyümüz iki il ərzində həyatımın dörd sahəsində Allahın məndən nə istədiyini anlamağa çalışırdım. Daq da eyni şeyi edirdi, halbuki bundan xəbərim yox idi. Birincisi, bizim münasibətimizdə mən Müqəddəs Kitab prinsiplərini üstün tuturdum. İkimiz də imanlı idik, ona görə də Müqəddəs Kitabın qadağan etdiyi «imansızlarla eyni boyunduruğa girməyin» məsələsi yox idi. Mən münasibətlərimizdə imtahandan qaçmaq və ilk öncə ruhani böyümək qərarına gəlmişdim. — Sən ailə quranda bakirə idin? — Ceym birbaşa soruşdu. Rəfiqələrinin gözləri təəccübdən böyüdü. — Bəli, mən bakirə idim, — Cenni dedi. — Hər ikimiz, asan olmasa da, nikahdan əvvəl iffətimizi qorumaq qərarına gəlmişdik. Eşli bu məsələdə Cenninin səmimiyyətinə görə ona minnətdar idi. O da, Bobbi də paklıqlarını qorumağa qərar vermişdilər. Ancaq elə vaxtlar olurdu ki, Bobbi israr etsəydi, Eşli təslim olmağa hazır idi. O isə heç vaxt bunu etmirdi. — İkincisi, mən dua vasitəsilə Allahın iradəsini öyrənməyə çalışırdım, — deyə Cenni davam etdi. — Mən Allahdan xahiş etdim ki, əgər bir yerdə olmağımızda Onun iradəsi varsa, münasibətlərimizə yaşıl işıq yandırsın, ya da əksinə, əgər iradəsi yoxdursa, münasibətlərimizin inkişafına mane olsun. Üçüncüsü, mən ruhani cəhətdən yetkin məsihçilərdən məsləhət istəyirdim. Mən Daqla münasibətimiz barədə obyektiv rəy eşitmək istəyirdim. Dördüncüsü, bizi bir-birimizə yaxın edən şəraitə diqqət yetirirdim. İkimiz də bütün varlığımızla Allaha xidmət etməyə çalışırdıq. Lakin nə o, nə də mən peşəkar xidmət etmək çağırışını hiss etmirdik. Biz bir komanda kimi yaxşı işləyirdik və birlikdə vaxt keçirtməkdən zövq alırdıq. Allah da iki il münasibətimizə yaşıl işıq yandırdığına görə biz evlənmək qərarına gəldik. — «Qərar verdik» deyərkən nəyi nəzərdə tutursan? — Eşli soruşdu. — Sən «Allah qərar verdi» demək istəyirsən? — Əslində, bu, «korporativ bir qərar idi» — deyə Cenni gülümsəyərək cavab verdi. — Mən bilirdim ki, Daqla münasibətimiz Allaha xoş gəlir, amma Allah mənim yerimə qərar verməmişdi. Qərarı Daqla mən verməli idik. Rəbb bizi çox sevir. Əgər bizim əsas istəyimiz Onu sevməkdirsə, O, ürəyimizin istəklərindən zövq almağımızı istəyir. Əgər mən Daqla evlənməmək qərarına gəlsəydim, ya da o mənimlə evlənmək istəməsəydi, yəqin ki, Allahın iradəsinə uyğun başqa bir məsihçi ilə tanış olub ailə qurardım. Amma ürəyimin arzusu məhz Daq idi, mən onu, o da məni seçdi. Evlənməyimizdən on bir il keçməsinə baxmayaraq, bir dəfə də olsun peşman olmamışam. Bu, Eşlinin elə də xoşuna gəlmədi. Tanrıdan sonra onun ürəyinin arzusu Bobbi idi. Bəs Bobbi də eynilə onun kimi hiss etmirsə, onda necə? O, Allahın qərar verməsini istəyirdi. Daha doğrusu, istəyirdi ki, Allah onları bir-biri üçün seçsin. Gələcəyi barədə Allahdan başqa daha bir nəfərlə danışmalı olacağı fikri onu çox həyəcanlandırırdı. Həmin bu «bir nəfər» Bobbi Franklin idi. DÜŞÜNMƏK VAXTI Bobbi və Eşlinin öyrəndiyi kimi, Allahın iradəsi iki kateqoriyaya bölünür: Onun bütün insanlar üçün olan ümumi iradəsi və fərdə aid olan konkret iradəsi. Qəhrəmanlarımızda olduğu kimi, sizi də Allahın konkret iradəsi — həyatınızı necə quracağınızı, kiminlə evlənəcəyinizi (yaxud kimə ərə gedəcəyinizi) maraqlandıra bilər. Lakin Allahın ümumi iradəsi Onun konkret iradəsi ilə bir-birinə bağlıdır. Biri olmadan digəri mövcud ola bilməz. Allahın ümumbəşəri iradəsi aydın və qətidir. Çünki Onun iradəsi Allahın Kəlamında aydın şəkildə ifadə edilib. Gəlin bir neçə nümunəyə baxaq. Məsihə olan iman. Allahın hamımıza aşkar olan və ən böyük istəyi — bütün insanların Məsihə Xilaskar və Rəbb kimi iman etməsi və xilas olmasıdır. Müqəddəs Kitabda deyilir: «Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. O, bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir» (1 Timoteyə 2:3-4). Xilasınızla bağlı Allahın iradəsinin bu hissəsini yerinə yetirməyincə, Onun iradəsinin hər hansı başqa cəhəti haqqında danışmaq faydasızdır. Məsihə tam təslim olmaq. Siz Məsihə iman edəndən sonra Allah istəyir ki, həyatınızı, gələcəyinizi və iradənizi Ona təslim edəsiniz. «Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu, sizin ağılla etdiyiniz ibadətdir. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz» (Romalılara 12:1-2). Müqəddəs Ruhla dolmaq. Müqəddəs Kitabda deyilir: «Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun» (Efeslilərə 5:17-18). Siz xilas olan zaman Müqəddəs Ruh həyatınıza daxil oldu. Allah həyatınızın bütün sahələrini artıq sizdə yaşayan Müqəddəs Ruhla doldurmaq istəyir. Allahın iradəsi budur ki, siz Ona hər gün sizi doldurmağa icazə verəsiniz. Valideynlərə itaət. Allah istəyir ki, uşaqlar hər şeydə valideynlərinə itaət etsinlər. Bu barədə Müqəddəs Kitabda açıq-aydın deyilir: «Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır» (Efeslilərə 6:1). Allahın belə bir əmr verməsinin səbəblərindən biri də atamızın və ya anamızın məsləhəti, yaxud nümunəsi vasitəsilə Öz iradəsini bizə açıqlaya bilməsidir. Əgər siz valideynlərinizə itaət etmirsinizsə, onlar sizin üçün Allahın iradəsinin bələdçiləri ola bilməyəcəklər. Qüsursuzluq. Sevgilinizlə cinsi əlaqədə olmağınızın Allahın iradəsi olub-olmadığını soruşmağa ehtiyac yoxdur. Allah bunu artıq sizə açıqlayıb: «Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın...» (1 Saloniklilərə 4:3). Əgər siz heç vaxt cinsi əlaqədə olmamısınızsa, nikaha qədər bunu etməyin. Əgər keçmişdə intim münasibətiniz olubsa və ya indi aktiv cinsi həyat tərzi sürürsünüzsə, bu gündən etibarən Allahın iradəsini yerinə yetirmək üçün qərar verin. Müjdəçilik. Məsihçilərin Allaha «İsa Məsihə olan imanım barədə şəhadət etməliyəmmi?» sualını vermələrinə ehtiyac yoxdur. Bu məsələdə Allahın iradəsi artıq bütün möminlərə açıqlanmışdır. İsa Məsih əmr edib: «Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:19-20). Allahın iradəsi budur ki, siz bütün insanlara — təkcə xaricdə yaşayanlara deyil, qonşuluqda yaşayan və ya qapı qonşularınıza da Ona imanınız barədə şəhadət edəsiniz. Əgər siz Müqəddəs Yazılarda əks olunan Allahın ümumi iradəsini yerinə yetirmək qərarına gəlmisinizsə, Onun şəxsən sizin üçün olan iradəsini öyrənməyə böyük imkanınız var. Sizi indi ən çox nəyin narahat etdiyi — kiminlə evlənmək, harada təhsil almaq, hansı peşəni seçmək və ya digər məsələlər — önəmli deyil. Özünüzü Allahın ümumi iradəsini yerinə yetirməyə həsr etməklə, siz Allaha vəziyyətinizlə bağlı Onun konkret iradəsini açıqlamaq imkanı verirsiniz. Cenninin izah etdiyi kimi, Allah çox vaxt Öz iradəsini tədricən açır. Bunu başa düşmək çox vacibdir. Məsihçilərin çoxu belə dua edir: «Ya Rəbb, bu ay, bu il və bütün həyatım üçün Öz iradəni mənə aç». Allah bunu çox nadir hallarda edir. İsa Məsih şagirdlərinə dedi: «Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz» (Yəhya 16:12). Əgər Allah sizə on beş ildən sonra nə olacağını açıqlasa, özünüzü pis hiss edəcəksiniz! Buna görə də O Öz iradəsini yavaş-yavaş, addımbaaddım açıqlayır ki, siz onu «ağlınıza sığdıra biləsiniz». Bundan başqa, biz sizə Allahın ümumi iradəsinə uyğun olaraq düzgün əxlaqi qərarlar qəbul etmək üçün dördpilləli planı nəzərdən keçirməyi təklif edirik. Tutaq ki, müəllim sizdən evə tapşırıq verilən materialı oxuyub-oxumadığınızı soruşur. Cavabınız «yox» olarsa, bu, qiymətlərinizi aşağı salacaq. Siz isə təzə oxumağa başlamısınız. Nə edəcəksiniz? Yaxud da, təsəvvür edin ki, dostunuz sizə məbədinizdəki bir ailə haqqında bəzi sözlər çatdırır, siz də səbirsizliklə bu barədə başqasına demək istəyirsiniz. Belə olan halda, nə etməlisiniz? Dördpilləli plan bu kimi vəziyyətlərdə Allahın iradəsini anlamağa kömək edəcək. 1. Qərarınızı bir daha nəzərdən keçirin. Əhəmiyyətsiz görünən vəziyyətlərdə sizin qərarınız — doğru ilə yanlış arasında olan seçim etməkdir. Qərar verərkən ya Allahın iradəsini, ya da öz istəyinizi yerinə yetirməyi seçirsiniz. Seçimləri nəzərdən keçirmək — özünüzə belə sual verməkdir: «Bu vəziyyətdə nəyin doğru, nəyin yanlış olduğunu kim müəyyənləşdirir?» Unutmayın ki, nə fikirləşdiyinizdən asılı olmayaraq, qərarı doğru və ya yanlış hesab etdiyiniz arasında deyil, obyektiv olub-olmadığınız arasında seçim edərək verirsiniz. 2. Qərarınızı Allahın standartları ilə müqayisə edin. Qərarınızın Allahın təbiəti və xarakterinə nə qədər uyğun gəlib-gəlmədiyini düşünün. İlk növbədə Allahın əmrləri ilə, yəni Müqəddəs Kitabın qaydaları, normaları və təlimi ilə. Müqəddəs Kitabda belə vəziyyətlərdə nə edəcəyinizi söyləyən konkret yerlər varmı? İkincisi, seçiminizi Müqəddəs Yazılara əsaslanan ümumi prinsiplərdən biri ilə əlaqələndirin. Bu prinsiplər müəyyən bir əmrin nəyi nəzərdə tutduğunu izah edir. Məsələn, Müqəddəs Kitabın «Heç kimə qarşı yalandan şahidlik etmə» (Çıxış 20:16) əmrinin arxasında duran ümumi prinsip — dürüstlükdür. «Qətl etmə» (Çıxış 20:13) əmrinin əsas prinsipi — məhəbbətdir. Sizcə, verməli olduğunuz qərara uyğun Müqəddəs Kitab prinsipini tapmaq mümkündürmü? Üçüncüsü, seçiminizi Allahın varlığı ilə müqayisə edin. Bütün əmrlər və onların arxasında duran prinsiplər sonda bizi Allaha yönəldir. Musa peyğəmbər belə dua edirdi: «Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım...» (Çıxış 33:13). Musa başa düşürdü ki, Allahın yolunu dərk etmək — Onun əmrlərini və onların arxasında duran prinsipləri başa düşmək — ona Allahın Özünü tanımaqda kömək edəcək. Siz qərarınızı Allahın varlığı ilə əlaqələndirdikcə, Onun iradəsini daha yaxşı başa düşməyə başlayacaqsınız. 3. Allahın yolu ilə gedin. Eqoist istəklərinizi Allahın standartları ilə müqayisə edəndən sonra ya öz yolunuzla, ya da Allahın yolu ilə getməyi seçməlisiniz. Heç kim sizin yerinizə bu seçimi edə bilməz. Siz dərrakəli şəkildə öz yolunuzdan imtina edib, Allahın yolunu möhkəm tutmalısınız. 4. Allahın himayəsinə və köməyinə güvənin. Əgər siz Allahın hökmranlığını qəbul edir və Onun qayğıkeş rəhbərliyinə tabe olursunuzsa, onda Onun müdafiəsinə və köməyinə arxalana bilərsiniz. Bu, heç də o demək deyil ki, bütün yollarınızda gül-çiçək açacaq. Bundan əlavə, Allah açıq şəkildə bildirir ki, siz Onun salehlik standartlarına uyğun yaşamaq qərarına görə əzab da çəkə bilərsiniz. Lakin Allahın yolu ilə getmək — günahdan azad olmaq, təmiz vicdanla və Məsih barədə müjdələməyin sevincini yaşamaq, ən əsası isə, həyatınızda Allahın hüzurunun olması kimi bir çox xeyir-dualar bəxş edir. Əgər siz Allahın yolu ilə getsəniz, fiziki, emosional, psixoloji və digər sahələrdə də çoxlu faydalı şeylər əldə edəcəksiniz. Baxmayaraq ki, Allahın köməyi və müdafiəsi Ona itaət etmək üçün əsas səbəb olmamalıdır, şübhəsiz, bu, Onun iradəsini yerinə yetirməyi seçən insanları ruhlandırır. Siz soruşa bilərsiniz: «Əgər mən artıq Allahın ümumi iradəsini yerinə yetirmək qərarına gəlmişəmsə, Onun həyatım üçün konkret iradəsini necə öyrənə bilərəm?» Allahın iradəsini bilmək prosesi, Cenninin gənc rəfiqələrinə izah etdiyi kimi, dörd komponentdən ibarətdir. Müqəddəs Kitab. Allahın iradəsini bilmək və dərk etmək üçün Müqəddəs Yazıları bilmək çox vacibdir. Məsələn, Allahın imansızlarla evlənməyinizi istəyib-istəmədiyini öyrənməyə ehtiyac yoxdur. Çünki Müqəddəs Kitabda deyilir: «İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var?» (2 Korinflilərə 6:14). Əgər hər hansı konkret vəziyyətdə Allahın iradəsi hesab etdiyiniz şey Müqəddəs Yazılarla üst-üstə düşmürsə, bu, Allahın deyil, sizin iradənizdir. Dua. İsa Məsih şagirdlərinə belə dua etməyi öyrətdi: «Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun...» (Matta 6:9-10). Allah Öz iradəsini sizdən gizlətmir: O sizə hara gedəcəyinizi göstərmək istəyir. Bunu hər gün və ehtiyacınız olanda Ondan istəyin. Başqalarının məsləhəti. Allah sizin həyatınıza müdrik, Onun iradəsini ayırd etməyə kömək edəcək ruhani yetkin məsihçilər gətirir. Bu adamlar valideynləriniz və ya qohumlarınız ola bilər. Siz həmçinin ruhani nəsihətçinizdən, uşaq ibadətinin müəllimindən və ya məbədin xidmətçisindən kömək və təlimat ala bilərsiniz. Müdrik məsihçilərin məsləhəti iki səbəbdən faydalı olacaq: birincisi, başqa insanın obyektiv fikri sizi tələsik və düşünmədən qərar verməkdən saxlaya bilər. İkincisi, ruhən yetkin imanlının sizdə olmayan həyat təcrübəsi var. Başqasının obyektiv rəyi sizi tez-tələsik qərarlar qəbul etməkdən çəkindirə bilər. İkincisi, ruhən yetkin imanlı sizdə olmayan həyat təcrübəsinə malikdir. Şərait. Allah bəzən şərait vasitəsilə bizə rəhbərlik edir. Məsələn, sizin gözəl musiqi istedadınız var və konservatoriyaya daxil olmaq imkanı əldə edirsiniz. Bu vəziyyət sizin musiqi təhsili almalı olduğunuzu göstərir, ona görə onu rədd etmək olmaz. Digər tərəfdən, tutaq ki, siz musiqi qabiliyyətinizlə Allaha xidmət etmək istəyirsiniz, lakin xüsusi təhsil almaq imkanınız yoxdur. Vəziyyətin sizin əleyhinə olması xidmətinizin Allaha məqbul olmaması demək deyil. Şərait heç də həmişə Allahın iradəsinə aydın şəkildə işarə etmir. Şəraitlə yanaşı, siz Müqəddəs Kitabın nə dediyini nəzərə almalı, həmçinin dua etməli və başqalarının müdrik məsləhətlərinə qulaq asmalısınız. İndi isə fərz edək ki, siz Allahın ümumi iradəsini yerinə yetirirsiniz (xilasa, itaətə, Müqəddəs Ruhla dolmağa dair və s.) və Müqəddəs Kitab, dua, başqalarının məsləhəti və şərait vasitəsilə Onun həyatınız üçün konkret iradəsini axtarırsınız. Nə edəcəyinizi necə öyrənə biləsiniz? Sadəcə istədiyinizi edin. Müqəddəs Kitab vəd edir: «Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq» (Zəbur 37:4). Əgər siz Allahın ümumi iradəsini yerinə yetirirsinizsə və Onun həyatınız üçün konkret iradəsini axtarırsınızsa, o zaman ürəyinizin istədiyini edə bilərsiniz. Bir halda ki, Rəbdən və Onun iradəsindən zövq alırsınız, imanla addım atın. Bilin ki, istəkləriniz Allahın iradəsinə uyğun gəlməsə, O sizə bu barədə bildirəcək. Əgər siz Allahın həyatınızla bağlı iradəsini bilməyə can atırsınızsa, sizin üçün dua edən və dəstək olan sadiq imanlı dostlarınız sizə böyük xeyir-dua ola bilər. BOBBİ və EŞLİNİN HEKAYƏSİ Bazar günü axşam gəzintidən qayıdandan sonra Bobbi dərhal Eşliyə zəng etdi. Bu üç gün ərzində Bobbi onun üçün darıxmışdı və ümid edirdi ki, birlikdə yaxşı vaxt keçirə biləcəklər. Eşli də Bobbi üçün darıxmışdı və onun zəngini gözləyirdi. Xoş bir gün idi. Onlar gözəl güllərin bitdiyi parkda görüşmək qərarına gəldilər. Bobbi dedi ki, gəzinti zamanı özü ilə fotokamera da götürəcək. O, daha bir neçə şəkil çəkmək istəyirdi. Parkda gəzə-gəzə onlar həftə sonlarının necə keçdiyi barədə danışdılar. Bobbi balıq tutmaqdan, Daq Şou və dostları ilə necə yaxşı vaxt keçirdiyindən bəhs etdi. Eşli ona Cennigildəki qonaqlıqdan və mağazalarda etdikləri alış-verişdən danışdı. Lakin onların heç biri ciddi söhbətdən söz belə açmadı. Eşli bu məsələyə toxunmaq istəyirdi ki, Bobbi qəfildən dedi: — Biz ocağın ətrafında oturanda, maraqlı söhbət etdik. — Deyəsən, beysbol və balıqçılıq haqqında? — Eşli gülümsədi. Bobbi güldü: — Hə, o barədə də danışdıq. Amma mən həyatımızda Allahın iradəsi kimi ciddi şeyləri nəzərdə tuturam. Biz Daqdan xahiş etdik ki, o bizə Rəbbin onu indi məşğul olduğu işə və xidmətə necə gətirdiyini danışsın. Hətta bunun üçün dua da etdik. Təəccübdən Eşlinin gözləri böyüdü. — İşə bir bax! Biz də Allahın iradəsindən danışdıq və sonra dua etdik. Biz Cennidən öz həyat hekayəsini bizə danışmağı xahiş etdik. — Eşli təfərrüatlara varıb onu maraqlandıran şeylərdən, Cenni ilə Daqın bir-birini necə tapmasından söz açmadı. Onlar birlikdə «ciddi söhbət»lərinin eyni olmasına görə güldülər. Bobbi kollecdə oxumaq üçün pul qazanmaqdan ötrü donanmada xidmət etməyə gedən, sonra öz işini qura bilməsi üçün atasının yanında çalışan Daq barədə danışdı. Eşli isə nikah hissəsi istisna olmaqla, bir az Cenninin hekayəsindən bəhs etdi. Bobbi və Eşli razılaşdılar ki, Daq və Cenni Şou Allahın ümumi və şəxsi həyatla bağlı iradəsi haqqında çox şey bilirlər. Onların həyat tərzi bunun canlı təsdiqidir. Parkda gəzişərkən nərgiz gülləri onların diqqətini çəkdi. Bobbi gözəl çiçəklərin fonunda Eşlinin bir-iki şəklini çəkdi. Sonra yoldan keçən adamdan onların birlikdə şəklini çəkməsini xahiş etdi. Nəhayət, Eşli özünü toplayaraq, il boyu vermək istədiyi, amma soruşa bilmədiyi sualı verdi: — Səncə, Tanrı sənin üçün nə istəyir? Mən kollec, beysbol və hər şeyi nəzərdə tuturam, — o, «hər şeyi» dedikdə, əslində, özünü nəzərdə tuturdu. — Son vaxtlar bu haqda çox fikirləşirəm. Çünki bir neçə həftəyə məktəb bitəcək. Hər kəs də kollec və beysbol haqqında qərarımı bilmək istəyir! — Sən beysbolla çox məşğul idin və buraxılış imtahanlarına hazırlaşırdın, — deyə Eşli onun əvəzinə izah etməyə çalışdı. — Həm də sən məbəddə gənclər qrupunun liderisən. — Düz deyirsən, mən, həqiqətən, çox məşğul idim. Amma hələ də qərar verməməyimin səbəbi bu deyil. Eşli gözləyirdi. O bilirdi ki, Bobbi hazır olanda daha çox şey söyləyəcək. — Əslində, Allahın mənim üçün nə istədiyini necə öyrənəcəyimi bilmədiyimə görə yubanırdım. Daqın mənə böyük kömək oldu. İndi mən Allahın Müqəddəs Kitabda Onun iradəsini axtarmaq haqqında nə dediyini daha yaxşı başa düşürəm. — Elə mən də, — Eşli dedi. Onlar bir qədər susdular. Yolun qırağında skamya görəndə Bobbi zarafatla dedi ki, yorucu həftəsonu gəzintisindən sonra istirahətə ehtiyacı var və əyləşməyi təklif etdi. — Başa düşürəm, hazırda mənim üçün vacib olan üç şey var, — Bobbi Eşlinin gözünə baxa-baxa dedi. — Birincisi, Allahdır. İkincisi, sənsən, yəni biz... bizim birlikdəki gələcəyimiz. Üçüncüsü, beysboldur. Məktəbdə oxuyanda bütün bunların öhdəsindən gələ bildim. İndi isə bəzi qərarlar verməliyəm. Bütün bu müddət ərzində gözləyirdim ki, Allah mənə nə etməli olduğumu bildirsin. Amma bu həftəsonundan sonra anladım ki, O da məndən hərəkət gözləyir. — Bilirsən, mən də eyni şeyi düşünürdüm, — Eşli əlavə etdi. — Valideynlərimlə ali məktəbə qəbul olunmaq fikri ilə razılaşsam da, hələ də hansı ixtisası seçəcəyimi bilmirəm. Allahın seçimi bizə verməsi mənim üçün əsl vəhy idi. — Bir şərtlə ki, biz Onun ümumi iradəsini yerinə yetirək və Onun həyatımız üçün olan iradəsini bilməyə çalışaq, — Bobbi Daqın sözlərini xatırlayaraq əlavə etdi. — Düzdür, — deyə Eşli razılaşdı. — Bəs nə istəyirsən, Bobbi? — qəfil onun ağzından çıxdı və nəfəsini dərmədən cavab gözlədi. Bobbi səmaya baxıb bir anlıq fikirlə getdi. Sonda o dedi: — Hazırda mən peşəkar xidmətə çağırış hiss etmirəm. Ona görə də Müqəddəs Kitab kolleci mənim üçün indi birinci dərəcəli deyil. Bəlkə nə vaxtsa orada oxuyacağam, amma indi yox. — Hmm... — Eşli heç olmasa bu bəndin siyahıdan silinə biləcəyindən məmnun idi. — Peşəkar idmana gəlincə, — Bobbi davam etdi, — mən indi buna hazır olduğumu düşünmürəm. Mənim səviyyəmdəki idmançılar illərini kiçik liqalarda keçirir. Onlar ailələrindən uzaq düşüb, daim səfərə hazır vəziyyətdə yaşayırlar. Kollecdə beysbola davam etmək və sonda diplom almaq mənim üçün daha yaxşı olardı. Dörd ildən sonra, əgər peşəkarları yenə də maraqlandıraramsa, bu məsələyə qayıda bilərəm. Eşli ürəyində gülümsədi. Buraya qədər onların istəkləri üst-üstə düşürdü. — Bəs harada oxumaq istəyirsən? — deyə o soruşdu. — Məncə, sənə bir neçə kollecdə təqaüd təklif ediblər. Bobbi başını tərpətdi: — Bu məsələ mənə həyatımdakı digər prioritetləri müəyyənləşdirməyə kömək etdi. Ümid edirəm ki, asudə vaxtlarımda bəzi xidmətlərlə məşğul ola biləcəyəm. Həm də gələn il burada olsam, Daq məbəddə gənclərlə işləməyi təklif etdi. Bu məni qane edir. — Bobbi yüngülcə Eşlinin əlinə toxundu: — Bundan başqa, səndən ayrılmaq istəməzdim. Allah mənə buyursaydı, bunu edərdim. Amma bu həftə sonu başa düşdüm ki, Allah mənim ürəyimin istəyini yerinə yetirmək istəyir. Ürəyimin arzusu sənin yanında olmaqdır. Eşli onun əlini möhkəm sıxdı və gözləri sevinc yaşları ilə doldu. Bobbi davam etdi: — Uzaq gələcəkdə bizi nə gözlədiyini bilmirəm, Eşli. Daq və Cenninin dediyi kimi, Allah, adətən, Öz iradəsini yavaş-yavaş açır. Amma yaxın gələcəkdə mən bizim bir yerdə olmağımızı istəyirəm. Bizim ştatımızın universitetində beysbol komandası var. Orada mənə yaxşı təqaüd təklif ediblər. Ona görə də mən səninlə birlikdə universitetdə oxumaq istəyirəm, təbii ki, sən də bunu istəyirsənsə. Eşlinin yanaqlarından göz yaşları süzülürdü. — Mən ən çox Allahın iradəsinin yerinə yetirilməsini istəyirəm, — o dedi. — Əgər Onun iradəsi ürəyimin istəyini yerinə yetirməkdirsə, mənim üçün sənin qərarını qəbul etməkdən başqa böyük sevinc yoxdur. Onlar bir saata yaxın gələcəklə bağlı arzularını bir-biri ilə bölüşdülər. Sonra əl-ələ tutub arzularını duada Allaha bildirdilər və bir-birlərinə möhkəm sarıldılar. Daha sonra Allah onların yemək yeməyini istəyir deyib, zarafat edə-edə Meksika restoranına getdilər. DÜŞÜNMƏK VAXTI Bobbinin peşəkar beysbolçu olub, Eşli ilə evlənəcəyini söyləmək hələ tezdir. Lakin onların bu mühüm qərarlarla bağlı narahatlıqları səngiməyə başladı. İndi onların Allahın iradəsini bilmək üçün aydın Müqəddəs Kitab göstərişləri var. Onlar bu göstərişlərə əməl etmək niyyətindədirlər. Siz də bu əsas prinsiplərə sadiq qalsanız, Allahın iradəsinə dair eyni əminliyi əldə edə bilərsiniz. Allahın ümumi iradəsini yerinə yetirin. Müqəddəs Kitabda xilas, Ruha görə yaşamaq, müjdəçilik, valideynlərə itaət, müqəddəsliklə və s. bağlı aydın göstərilən Allahın iradəsini yerinə yetirməyi qarşınıza məqsəd qoyun. Allahın həyatınız üçün konkret iradəsini axtarın. Verdiyiniz hər qərarı Müqəddəs Kitab, dua, başqalarının məsləhəti və şərait vasitəsilə sınayın. Allahın sizə açdığı iradəsinə tabe olun. İmanla yaşamağa çalışın. Bilin ki, istəkləriniz Allahın iradəsi ilə uyğun gəlmirsə, O, bu barədə sizə bildirəcək. Etmək istədiyinizi edin. Əgər sizin ən vacib istəyiniz Ona xidmət etməkdirsə, əmin olun ki, Allah ürəyinizin arzusunu yerinə yetirəcək. Gələcək barədə narahat olmayın. Allah hər şeyə qadirdir və gələcəyiniz Onun əlindədir. Buna görə nikah və ya karyera haqqında narahat olmayın. Sadəcə hər gün «Ya Rəbb, mən Sənin istədiyini yerinə yetirmək istəyirəm» deyin. O da Öz iradəsini və qəlbinizin istəklərini həyata keçirtmək üçün hərəkət edəcək. MÜƏLLİFLƏR HAQQINDA Coş Makdauell Amerikada tanınmış vaiz, yazıçı, eləcə də dünyanın müxtəlif yerlərində müjdəçilik və şagirdliklə məşğul olan «Campus Crusade for Christ» beynəlxalq missioner təşkilatının nümayəndəsidir. O, 128 dilə tərcümə edilmiş 150-dən çox kitabın müəllifi və həmmüəllifidir. Coş və həyat yoldaşı Dotti təxminən yarım əsrdir ki, evlidir. Onların dörd övladı və on nəvəsi var. Ed Styuart bir çox məsihçi kitabının müəllifi və həmmüəllifidir. Böyük yazıçılıq təcrübəsinə malik olan Ed Styuart Coş Makdauell ilə birlikdə gənclər üçün bədii ədəbiyyat üzərində çalışmışdır. Sonradan böyüklər üçün də dörd triller-romanı yazmışdır. Ed və həyat yoldaşı Kerolun iki böyük övladı və dörd nəvəsi var.