Coş MAKDAUELL Ed STYUART PLANLAŞDIRILMAMIŞ HAMİLƏLİK MİNNƏTDARLIQ Texas ştatının Ostin şəhərindəki Intimate Life Ministries-in direktoru Devid Ferqyusona «911: Təcili Psixoloji Yardım» silsiləsinə böyük əmək sərf etdiyinə görə minnətdarıq. Bu silsilənin hər kitabında Intimate Life Ministries-in prinsipləri ilə yanaşı Devidin də təsiri hiss olunur. Devid bizə başqaları üçün Allahın təsəllisinin, dəstəyinin və ruhlandırmasının necə olduğunu göstərir. Eləcə də Coş Makdauellin iyirmi üç illik həmkarı Deyv Bellisə «911: Təcili Psixoloji Yardım» silsiləsində göstərdiyi köməyə görə təşəkkür edirik. Bu silsilədəki hekayələr onun «Youth in Crisis Resource» («Gənclər böhran vəziyyətlərində») proqramından götürülüb. Biz Deyvə istedadına və bu işdə iştirakına görə çox minnətdarıq. Nəhayət, nəinki bu layihəyə inanan, həm də onu davamlı olaraq dəstəkləyən naşirimiz Word Publishing-dən Coui Pola minnətdarıq. STEFANİNİN HEKAYƏSİ Stefani pərdənin arasından anasının evdən çıxan avtomobilini gözdən itənə qədər izlədi. Sonra maşının geri dönməyəcəyinə əmin olmaq üçün uzun müddət evin qabağındakı boş küçəyə baxdı. — Stefani, bir özünə kənardan bax! — Keyt gülə-gülə dedi. — Casusa oxşayırsan. Stefani Kuper və Keyt Holmsun on yeddi yaşları var idi. Onlar dördüncü sinifdən dost idilər. Qızların bir-biri ilə tanış olması böyük qardaşlarının sayəsində olub. Çünki onların böyük qardaşları dost idilər. Yay tətili sona çatırdı. İki həftədən sonra səbirsizliklə gözlədikləri məzun ili başlayacaqdı. — Anam bəzən evdə nəyisə unudur və geri qayıdır, — hələ də pəncərədən çölə baxan Stefani dedi. Ərzaq mağazasında kassir işləyən anası bu gün səhər saat beşin yarısından gecəyədək axşam növbəsində olacaqdı. Stefani anasının geri qayıtmayacağına əmin olmaq istəyirdi. Çünki kiminsə onlara mane olmasını istəmirdi. — Əvvəlcə hara getmək istəyərdin — kinoya, yoxsa pizza kafesinə? — deyə Keyt soruşdu. O, yerdə çarpaz oturaraq qəzetdəki «Asudə vaxt» səhifəsini oxuyurdu. — Axşam altıya qədər biletlər yarı qiymətədir. Nəhayət, anasının getdiyinə əmin olan Stefani rəfiqəsinə tərəf dönərək nəfəsini dərib dedi: — Heç yerə getmək istəmirəm. Keyt başını qaldırıb təəccüblə ona baxdı: — Axı sən dünən özün dedin ki, bu gün kinoya getmək və pizza yemək istəyirsən? Stefani onun yanında əyləşdi: — Hə, bilirəm, amma bu, dünən idi. — İndi bəs nə oldu? Sən hələ də qripdən tam sağalmamısan? — Yox, qripin buna heç bir aidiyyəti yoxdur. — Yaxşı, de görüm, nə məsələdir? — Keyt səbirsizliklə izahat gözləyirdi. Stefani əsəbi halda əlində dırnaq bıçqısı oynadırdı. — Biz danışmalıyıq, — o, rəfiqəsindən baxışlarını gizlədərək dedi. Adətən, onlardan biri belə ifadə işlədəndə ciddi söhbətə başlayırdılar. Hər ikisi bilirdi ki, bu ifadədən sonra vacib bir məsələ müzakirə olunacaq. Yeddi illik dostluqları ərzində onlar bu ifadəni yalnız bir neçə dəfə istifadə etmişdilər. Bir dəfə Stefani bu sözü onların yaxın münasibətləri oğlandan ötrü şiddətli rəqabətə çevriləndə söyləmişdi. Qızlar söhbət edəndən sonra qərara gəldilər ki, heç bir oğlana görə münasibətlərini riskə atmağa dəyməz. Keyt isə «Biz danışmalıyıq» kəlməsini həyatını Məsihə verəndə işlətmişdi. Dostunda baş verən dəyişikliklər Stefaniyə elə təsir etmişdi ki, o da məbədə getmək istəmişdi. İki aydan sonra tövbə edib Məsihə İman etmişdi. Onlar Məsihdə bacı olandan sonra dostluqları daha da möhkəmlənmişdi. Stefani Keytin baxışlarını üzərində hiss etdi. — Nə olub, Stefani? — rəfiqəsi çox ciddi şəkildə soruşdu. Stefani cavab vermək istəmirdi. Demək olar, üç aya yaxın idi ki, o özünü dəhşətli bir hadisənin baş vermədiyinə inandırmağa çalışırdı. Bəlkə də artıq buna inanırdı. Amma iki saat əvvəl özünü aldatdığını başa düşdü. — Stefani, de görüm, axı nə olub? — Keyt bacı nəvazişi ilə ​​aydınlaşdırmaq istədi. O, rəfiqəsinə tərəf əyilib əlini dizinə qoydu. — Sən hər şeyi mənə danışmalısan. Nə olursa olsun, bilirsən ki, başa düşəcəyəm. Ümidsizlik və çaşqınlıq dalğası Stefanini bürüdü. Nəhayət, o, başını qaldıranda, çənəsi titrəyir, gözlərindən yaş süzülürdü. — Keyt, mən hamiləyəm. Bu an elə bil bənd partladı, sanki qızın dili tutuldu. Əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı. — Yox, Stefani! — Keyt bərkdən qışqırdı. O, diz çöküb rəfiqəsinin çiyinlərindən tutdu. Stefani dayanmadan ağlayırdı. Keyt də ona qoşulub ağladı. Bir az sakitləşəndən sonra ​​Keyt dedi: — Nə baş verib? Bəlkə sadəcə aybaşı dövranın pozulub? Bəzən qızlarda belə olur, amma bu onların hamilə qalması demək deyil. Bəlkə başqa bir şeydir, sən bunu bilə bilməzsən. Stefani bir qədər susub, Keytin ona verdiyi salfetlə gözlərini və burnunu sildi. Sonda dilləndi: — Hamilə olduğuma əminəm. Bu gün həkimə getmişdim. İki aydır ki, aybaşı olmuram. Qrip olduğumu zənn etdiyim şey, əslində, hamiləlik imiş. Demək olar ki, üç aylıq hamiləyəm, Keyt. Mən... mən... — göz yaşları onun sözünü bitirməsinə macal vermədi. — Ah, Stefani... — Keyt hönkürdü və yenidən ağlamağa başladı. O, rəfiqəsini qucaqlayıb, onunla birlikdə ağlaya-ağlaya yavaşca təkrarladı: — Eybi yoxdur, hər şey yaxşıdır, mən yanındayam. Biz hər şeyin öhdəsindən gələcəyik. Bir neçə dəqiqədən sonra onlar yerdə üzbəüz oturmuşdular. Keyt hələ də Stefaninin əlindən tutmuşdu. — Bəs anan bilir? — deyə o soruşdu. Stefani başını buladı: — Onun xəbəri yoxdur. Səndən, məndən, bir də həkimdən başqa heç kim bilmir. Onlar içini çəkə-çəkə daha bir neçə dəqiqə sakit oturdular. Stefani rəfiqəsinin ona verdiyi təsəlliyə və belə vəziyyətlərdə — kim? nə vaxt? necə? — qaçılmaz suallar atəşinə məruz qoymadığına görə minnətdar idi. Eyni zamanda Stefani başa düşürdü ki, Keyt hər şeyi bilməlidir. — İyunun əvvəlində anamla nənəmin Qərb sahilindəki dəfn mərasiminə getdiyimizi xatırlayırsan? — Hə. Sən bir həftə olmadın. Stefani sözünə davam etdi: — Həmin oğlan — Brent də orada idi. Mən balaca olanda hər yay tətil vaxtı atamın valideynlərigilə gedirdim. Orada həmişə Brentlə birlikdə oynayırdıq. Hətta bir-birimizdən xoşlanırdıq. Amma ciddi heç nə yox idi, axı biz uşaq idik. Dörd il əvvəl valideynlərim boşananda, mən daha nənəmgilə getmədim. Brenti də unutmuşdum. İyun ayında onu bir daha görəndə gözlərimə inanmadım. O, elə dəyişilmiş, elə böyümüşdü ki... Bütün boş vaxtlarımı onunla keçirirdim. Hər ikimiz üçün birlikdə vaxt keçirmək xoş idi! Uşaqlıq bağlılığı qayıtmışdı, amma biz artıq uşaq deyildik. Hər şey bir-birinin ardınca baş verdi. Bir gün, cümə günü, biz... özümüzü saxlaya bilmədik. Bütün həftə sanki yuxuda imiş kimi keçdi. Özümü inandırmağa çalışırdım ki, o zaman baş verənlərin heç bir əhəmiyyəti yoxdur. Evə gələndə isə hərəkətlərimə görə peşman oldum, hər şeyi unutmağa çalışdım. Sənə bunları ona görə danışmadım ki, diqqətə layiq olan və xüsusi bir şey baş verdiyini özümə etiraf etmək istəmirdim. Sonra aybaşı olmadım, əvvəlcə bir ay, sonra ikinci ay... daha sonra səhərlər ürək bulantılarım başladı. Bunun nə olduğunu dəqiq öyrənməli idim. Amma məsələni bu günə qədər uzatdım. Yəqin ki, hamiləlik testi müsbət çıxmasaydı, hələ də özümü heç nə baş vermədiyinə inandırmağa davam edərdim. Qızlar bir müddət susdular. Sonra Keyt soruşdu: — Brentə bu barədə danışacaqsan? Stefani gözlərini yayındırdı. — Mən nə edəcəyimi bilmirəm, Keyt — deyə Stefani dərin nəfəs aldı. — İki saat ərzində bütün həyatım alt-üst oldu. Başımı itirmişəm, çox utanıram. Özümü pis hiss edirəm. Məzun ili ilə bağlı bütün planlarımız... — sonra sakitcə təkrarladı: — bilmirəm, nə edim... Keyt başını dik qaldırıb dedi: — Mən kimin kömək edə biləcəyini bilirəm. Biz Cenni ilə danışmalıyıq. Cenni Şou və onun əri Daq Keyt Stefaninin getdiyi məbəddə gənclərlə işləyən könüllülər idi. Qızlar Məsihə iman edəndən sonra Cenni onların bir müddət nəsihətçisi olmuşdu. — Mən Cenniyə bu barədə deyə bilmərəm, — Stefani etiraz etdi. — Mən anama deməyə belə qorxuram. İmanlıların bundan xəbər tutmasını istəmirəm. Sadəcə... çıxıb getmək istəyirəm. Keyt heyrətləndi. — Sən Qərb Sahilinə getməyəcəksən, elə deyilmi? Stefani özünü əzilmiş hiss edirdi. Bir qədər susandan sonra cavab verdi: — Bilmirəm, Keyt. Brentə aşiq olduğumu deyə bilmərəm. Amma... bəlkə bir gün onu sevə biləcəyəm. Mən bu barədə anama necə deyəcəyimi, körpə ilə nə edəcəyimi bilmirəm. Sadəcə qaçıb haradasa gizlənmək istəyirəm. — Mən səni sevirəm, Stefani və buna yol vermərəm, — Keyt qətiyyətlə dedi. — Biz həmişəki kimi birlikdə bunun da öhdəsindən gələcəyik. Ancaq təkbaşına edə bilmərik. Cenniyə zəng etməliyik. O, nə etməli olduğumuzu söyləyəcək, həm də bu barədə heç kimə bir söz deməyəcək. Stefani Keytin haqlı olduğunu bilirdi, lakin çox utanırdı. — Bəlkə onun heç vaxtı olmayacaq, — deyə Stefani etiraz etməyə cəhd etdi. Keytə lazım olan da elə bu idi. O, telefon kitabçasını əlinə götürərək dedi: — Biz ona zəng etməyənə qədər bunu bilməyəcəyik. Daqla Cenni Şounun şəhərin mərkəzində mini-çap mətbəələri var idi. Keyt telefon kitabçasında nömrəni tapıb Cenniyə yığdı. — Keyt, mən... — İnan mənə, Stefani. Səni narahat edəcək bir şey etmərəm. Cenni Şou dəstəyi qaldırdı. Keyt Cenni ilə danışa-danışa üçünün də görüş vaxtını təyin etdi. Stefani isə sakitcə dinləyirdi. Cenninin əri Daq axşam saat 6-da kişilər üçün təşkil olunmuş konfransa getməli idi. Buna görə qızlar belə qərara gəldilər ki, Stefani ilə Keyt pizza alıb altının yarısı Cennigilə gedəcək və gecəni orada qalacaqlar. Keyt Stefaninin başına gələnlər barədə Cenniyə heç nə demədi. İki saatdan sonra Stefani həvəssiz şəkildə Keytlə birlikdə Cenninin evinə getdi. Onlar özləri ilə yataq çantaları və böyük pizza gətirmişdilər. Cenninin xoş qarşılaması və onları qucaqlaması Stefaninin əhvalını bir az yaxşılaşdırdı. — Zənginizə görə çox sevindim! — Cenni dedi. — Daq səfərə getdi, mənim isə adamlarla xoş ünsiyyətə ehtiyacım var idi. Stefani həkimə baş çəkəndən sonra onu daima bürüyən ümidsizlik və bədbin hisslərini gizlətməyə çalışdı. Onlar süfrə başına əyləşəndə Cenni onun kədərli üzünü görüb soruşdu: — Sən yaxşısan? Stefani özünü saxlaya bilməyib ağladı. Pizza qutuda soyusa da, Stefani göz yaşlarına boğularaq hamiləliyindən danışdı. Cenni və Keyt ona yaxın oturdular. — Hər şey yaxşıdır, Stefani, ağla, rahat ol, — onlar da ağlaya-ağlaya ona təsəlli verdilər. — Ürəyini boşaltmalısan. Stefaninin tərəddüdü Cenninin isti qucağında əridi. — Həyatım məhv oldu, — deyə o inildədi. — Kollecə ​​daxil olmaq bir yana, heç bilmirəm orta məktəbi necə bitirəcəyəm. — Sənə nə qədər çətin olduğunu başa düşürəm, — Cenni ona təsəlli verməyə çalışdı. — Sənə görə çox üzülürəm. — Elə utanıram ki! Məktəbdə dostlarımın gözünə necə baxacağam? Etdiklərimdən sonra onlara məsihçi olduğumu necə deyəcəyəm? Cenni yavaşca onun kürəyini sığalladı. — Başa düşürəm, Stefani... Keytlə mən hər zaman yanında olacağıq. — Ən pisi də odur ki, mən dəhşətli günah işlətmişəm, — Stefani titrəyən səslə dedi. — Axı Müqəddəs Kitab nikahdan əvvəl cinsi əlaqəni qadağan edir. Mən Allaha söz vermişdim ki, heç vaxt belə etməyəcəyəm. Bilirəm ki, Onu çox məyus etmişəm. Keytlə mən evlənənə qədər bakirə qalacağımıza söz vermişdik. Mən həm Allaha, həm də ən yaxın rəfiqəmə xəyanət etdim. Özümü elə pis hiss edirəm ki... Bir neçə dəqiqədən sonra Cenni onlara dua etməyi təklif etdi. O, Stefaniyə dedi ki, Allahın qarşısında hisslərini və günahını etiraf etsin, onlar isə ürəyində dua edəcəklər. Onlar əl-ələ tutdular, Stefani duaya başladı: — Ya Rəbb, mənim nə hiss etdiyimi Sən yaxşı bilirsən. Amma yenə də nə qədər utandığımı Sənə deməliyəm. Çox istəyərdim ki, zamanı geri qaytarım və keçmişi dəyişim, ancaq bunu etmək gücündə deyiləm. İstəyərdim ki, məni boğan hisslər yox olsun, amma özümə kömək edə bilmirəm. Sonra Cenni dua etdi: — Ya Rəbb, mən Stefani üçün narahatam. Onun indi nələr yaşadığını tam dərk etməsəm də, ona nə qədər çətin olduğunu görmək mənim üçün ağırdır. Sən onun ürəyini və ağrısını görürsən. Xahiş edirəm, onu sevməkdən əl çəkmədiyini, ona dəstək olmaq və əzablarından qurtarmaq istədiyini ona bildir. Keyt Allahdan dostuna təsəlli verməsini istədi, sonra Stefani yenidən dua etdi: — Ya Rəbb, mən günah etdim. Əmrini pozduğumu və Səni məyus etdiyimi bilirəm. Bilirəm ki, hamiləliyim itaətsizliyimin nəticəsidir. Bunu qəbul etmək mənim üçün ağırdır. Ancaq onu da bilirəm ki, Sən məni sevirsən. Sən Öz Oğlunu günahlarım üçün ölməyə göndərmisən. Xahiş edirəm, məni bağışla. Bu andan etibarən həyatımı Sən idarə et. Duadan sonra Cenni dedi: — Bilirsən, Stefani, sən vacib qərar qəbul etməli olacaqsan. — Stefani başını tərpətdi. — Lakin düşünmürəm ki, qərar vermək üçün bu gün doğru zamandır. Hamımız emosional cəhətdən tükənmişik. Mən birlikdə şam etməyi, videoya baxmağı və sadəcə birlikdə vaxt keçirməyi təklif edirəm. Sabah səhər yeməyindən sonra bu məsələyə yenidən qayıdarıq. Razısınız? Stefani tez razılaşdı: — Mən o qədər üzgünəm ki, düşünə bilmirəm. Ümid edirəm, sabah daha yaxşı olacağam. Keyt razılıq əlaməti olaraq başını yellədi. Sonra Stefani davam etdi: — Sadəcə onu demək istəyirəm ki, siz çox yaxşısınız. Belə vəziyyətdə yanımda olmağınız mənim üçün çox şey deməkdir. Siz olmasaydınız, bilmirəm nə edərdim. — Biz səni sevirik, Stefani, — Keyt dedi. — Bəs dostlar hansı gündə lazımdır? Onlar bir daha birilərini qucaqladılar və Cenni dedi: — Yaxşı, gəlin pizzaya keçək, görək, onun öhdəsindən nə qədər tez gələ biləcəyik! DÜŞÜNMƏK VAXTI Stefani Kuperin başına gələnlər nadir hadisələrdən deyil. Statistikaya görə, hər il ABŞ-da iyirmi yaşına çatmamış bir milyona yaxın subay qız hamilə qalır. Bu hamiləliklərin təxminən səksən beş faizi arzuolunmazdır. Onların yarısı doğuşla, üçdə biri abortla, qalanı isə düşmə halı ilə başa çatır. Bəlkə siz də Stefani kimi, təsadüfən hamilə qalan subay qızlardan birisiniz, məhz ona görə də bu kitabı oxuyursunuz. Siz də ziddiyyətli duyğular yaşayır, suallarınıza cavab axtarır və qərar vermək astanasındasınız. Bu kitab baş verənlərin yaratdığı acı hisslərin və qarşıda gözləyən çətinliklərin öhdəsindən gəlməyə sizə kömək edəcək. Stefaninin hekayəsinin birinci hissəsindən sizə faydalı olacaq bir neçə məqamı qeyd etmək vacibdir. İlk növbədə, arzuolunmayan hamiləlik nəticəsində siz fərqli duyğular — kədər, ümidsizlik, ruh düşkünlüyü, qorxu, hətta qəzəb hissi yaşaya bilərsiniz. Siz vəziyyətə, bətninizdəki uşağa, cinsi əlaqədə olduğunuz oğlana, hətta bunun baş verməsinə izin verən Tanrıya da qəzəblənə bilərsiniz. Ömrünüzdə heç vaxt ağlamadığınız kimi ağlaya, emosional cəhətdən boşluq hiss edə bilərsiniz. Bütün bu hisslərin normal və təbii olduğunu başa düşmək vacibdir. Çünki bu emosiyaları sizə bəxş edən Allahdır. O sizi məhz belə yaradıb. Sizin duyğularınız ürək ağrısını üzə çıxaran daxili qapaq kimidir. Onları başa düşmək və öhdəsindən gəlmək vacibdir. Təbii ki, onları ifadə etməyin həm sağlam, həm də qeyri-sağlam yolları ola bilər. İnkar etmək. Stefani kimi, siz də hamilə olduğunuza inanmaya bilərsiniz. Hamiləliyin ilk əlamətləri aydın görünsə belə, hamiləlik testini, həkimə getməyi və ya mövzu ilə bağlı söhbəti ertələyə bilərsiniz. Siz faktlara məhəl qoymayaraq, hər şeyin öz-özünə həll olunacağına ümid edə bilərsiniz. Qorxu. Hamiləliyə qarşı digər ən çox yayılmış reaksiya — qorxudur. Valideyninizin və ya tərəf müqabilinizin buna necə reaksiya verəcəyini düşünərək qorxa bilərsiniz. Ya da bədəninizdəki dəyişikliklərdən və ya doğuş zamanı ağrıdan qorxa bilərsiniz. Siz dostlarınız, ailəniz və ya məbədiniz tərəfindən rədd edilməkdən qorxa bilərsiniz. Qorxularınıza qarşıdakı qeyri-müəyyənlik də səbəb ola bilər. Təqsirkarlıq hissi. Stefani kimi, siz də hamilə qalmağınıza görə özünüzü günahkar hiss edə bilərsiniz. Allahın nikahdan əvvəl cinsi əlaqə ilə bağlı qadağasını pozduğunuzu başa düşürsünüz. Təqsirkarlıq hissi sizi o qədər bürüyər ki, başqa bir şey haqqında düşünə bilməzsiniz. Utancaqlıq. Hamiləlik başqalarına sizin cinsi əlaqədə olduğunuzu bildirir. Buna görə güclü utanc hissi yaradır. Siz başqalarına yelbeyin və ya asanlıqla əlçatan qız təsiri bağışlamaq istəmirsiniz. Bakirəlik nüfuzunuzu itirdiyinizə görə utanırsınız. Siz qorxursunuz ki, növbəti aylarda hamiləliyiniz zahiri görünüşünüzü dəyişdirəndə, rüsvayçılığınız daha da üzə çıxacaq. Peşmançılıq hissi. Stefani kimi, siz də zamanı geri qaytara və hamiləliyinizə səbəb olan şəraiti dəyişdirə bilmədiyinizə görə peşman ola bilərsiniz. Bunun qeyri-mümkün olduğunu başa düşmək böyük peşmançılıq yaşadır. Siz öz həyatınızı və ya dostunuzun həyatını məhv etdiyinizi, məbəddə və dostlar arasında valideynlərinizi başıaşağı etdiyinizi hiss edə bilərsiniz. Həyatınızda ilk dəfə barışmalı olduğunuz və qarşısını almaq mümkün olmayan ciddi nəticələrdən ağrı hiss edə bilərsiniz. Bu cür duyğuların öhdəsindən necə gəlirsiniz? Cenni və Keytin verdiyi sadə məsləhətlər tamamilə doğrudur: hisslərinizi boğmayın, onları üzə çıxarın. Cenni və Keyt Stefaninin yanında oturaraq onunla birlikdə ağladılar. Bu reaksiya İsa Məsihin sözlərini əks etdirir: «Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq» (Matta 5:4). Ağlamaq — qəlb ağrısını üzə çıxaran prosesdir. Ağrını içinizdə saxlamayın, onu başqa insanlarla paylaşın ki, onlar da sizə şərik olsunlar. Allah sizə məhz bu yolla xeyir-dua vermək və yaşadığınız ağrı-acıya təsəlli vermək istəyir. Bu mərhələdə fərqli duyğular yaşamaq adi haldır (həm də faydalıdır). İkinci vacib məqam — təsəllidir. Hamilə olduğunuzu biləndə, təsəlliyə ehtiyacınız yaranır. Məhz buna görə Cenni və Keyt Stefani ilə vaxt keçirib, onu dinləyərək birlikdə ağladılar. Acı çəkdiyimiz vaxtlarda ən böyük rahatlıq başqalarının dərdimizə şərik olanda gəlir. Allah bizə başqa insanlar vasitəsilə təsəlli verir. Həvari Paul yazır: «...O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək» (2 Korinflilərə 1:3, 4). Beləliklə, təsəlli nədir? Yəqin ki, əvvəlcə təsəllinin nə olmadığını görmək daha faydalı olar. Təsəlli vermək — ruhdan düşməmək çağırışı deyil. Təsəlli vermək — insanların problemlərinin səbəbini izah etmək deyil. Təsəlli vermək — Allahın hər şeyi nəzarətdə saxladığı barədə «düzgün» sözlər demək də deyil. Bütün bunlar öz vaxtında faydalı ola bilər. Lakin bu bizim təsəlliyə olan ehtiyacımızı ödəmir. Bizə daha çox təsəlli verən — insanların halımıza acımasıdır. İsa Məsihin dostu Lazar öləndə O, əsl təsəllini nümayiş etdirdi (Yəhya 11-ci fəslə bax). İsa Lazarın bacıları Məryəm və Martanın evinə gələndə onlarla birlikdə ağladı (33-35-ci ayələrə bax). İsanın sonradan etdiklərinə nəzər salmaq xüsusilə vacibdir: O, Lazarı ölülər arasından diriltdi (38-44-cü ayələrə bax). Nəyə görə Məsih qəm-qüssə içində olan Məryəmlə Martaya «Ağlamayın, Lazar tezliklə diriləcək» demədi? Çünki həmin vaxt onların acılarını bölüşəcək insana ehtiyacı var idi. İsa onlarla birlikdə ağlamaqla təsəlliyə olan ehtiyaclarını ödədi. Sonra isə möcüzə göstərib, onların kədərini sevincə çevirdi. İztirab çəkdiyimiz vaxt tək olmadığımızı düşünəndə, rahatlıq tapırıq. Həvari Paul bizi öyrədir: «Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın» (Romalılara 12:15). Kədərli olduğunuz vaxtlarda, adətən, insanlar sizi ruhlandıraraq, güclü olmağa təşviq edirlər və ya problemin niyə baş verdiyini izah edərək toxtaqlıq verməyə çalışırlar. Şübhəsiz ki, onlar qayğınıza qalıb, sizin üçün əlindən gələni etmək istəyirlər. Amma onlar əsl təsəllinin nə olduğunu dərk etməyə bilərlər. Ümid edək ki, yanınızda Keyt Holms və Cenni Şou kimi sizə əsl təsəllini verən biri olacaq. Kimsə dərdinizə şərik olub, sizinlə birgə kədərlənəndə və ya ağlayanda, Allahın qayğısını hiss edəcəksiniz. Keyt və Cenninin davranışı çətin vəziyyətlərdə əsl təsəllinin gözəl nümunəsidir. Bundan başqa, Stefani günah problemi ilə üzləşmişdi. Eyni şey sizinlə də ola bilər. Amma nikahdan əvvəl cinsi əlaqəyə girmək — bağışlanmaz günah deyil. Günahın nəticəsi (təkcə sizin üçün deyil, başqaları, o cümlədən tərəf müqabiliniz və yaxınlarınız üçün) nə qədər ciddi və dağıdıcı təsirə malik olsa da, mütləq tövbə etməli və bağışlanma diləməlisiniz. «...günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək» (1 Yəhya 1:9) — günah nə qədər ciddi və ağır olursa olsun, bu sözlər istənilən günaha aiddir. Günahınızı etiraf edəndə, və Allahın bağışlanmasını qəbul edəndə sizi sevən və təsəlli verən insanlar sizinlə birlikdə dua etməkdən məmnun olacaqlar. Hisslərinizi araşdırmaq, başqalarının təsəllisini qəbul etmək, günahınızı etiraf etmək və Allahın bağışlanmasını əldə etmək planlaşdırılmamış hamiləlikdə mühüm addımlardır. Lakin Cenninin xatırlatdığı kimi, digər məqamları da nəzərə almaq lazımdır. Bunlar sizin uşağınızın doğulması ilə başqalarının həyatına təsir edən məqamlardır. STEFANİNİN HEKAYƏSİ Stefani gözlədiyindən daha yaxşı yatmışdı. O, gecə yalnız bir-iki dəfə oyanmış, sonra yenidən yuxuya getmişdi. Onun iztirablarına şərik olan Keyt və Cenni sanki onun çiyinlərindən ağır yük götürmüşdülər. Səhər yeməyindən sonra Cenni, Stefani və Keyt çaylarını götürüb qonaq otağına keçdilər. Orada Stefaninin qaçmaq istədiyi söhbətdən söz açıldı. — Stefani, məncə, anana indi hamiləliyin barədə danışmağın çox vacibdir, — Cenni dedi. Stefaninin tükləri ürpəşdi: — Bilirəm, amma o, çox üzüləcək. Atamla ayrılandan sonra onsuz da ona çətindir. Onun həyatını daha da çətinləşdirmək istəməzdim. — İstəyirsənsə, səninlə gedə bilərəm, — deyə Cenni təklif etdi. Stefani rahat nəfəs aldı: — Hə, bunu təklif edəcəyini gözləyirdim. Çox sağ ol! — Anan bu gün evdədir? Onunla danışa bilərik? — Cenni dəqiqləşdirməyə çalışdı. — Bəli, bu gün onun istirahət günüdür, — Stefani divanda əsəbi şəkildə qurdalanaraq cavab verdi. — Biz ona zəng edə bilərik. Amma ona nə deyim, Cenni? — İndi bir şey fikirləşərik, — Cenni onu əmin etdi. — Nə edəcəyini anlayacaqsan. Bəs atan necə? Deyəsən, onu tanımıram. Stefani başını buladı: — Atam dörd il əvvəl bizi tərk etdi. O, başqa ştatda yaşayır. Demək olar ki, onunla əlaqəmiz yoxdur. Mənim böyük qardaşım da var. O, universitetdə oxuyur. Cenni başını tərpətdi: — Ananla sən onlara bu barədə necə danışacağınızı daha yaxşı bilirsiniz. — Cenni bir az fikirləşəndən sonra dedi: — Səndən bəzi şeylər barədə soruşmaq istəyirəm. Bəlkə də sən artıq bunları düşünmüsən. Bu qərarları indi vermək məcburiyyətində deyilsən. Ancaq ananla danışmazdan əvvəl sən nə edəcəyini yaxşı bilməlisən. — Yaxşı. Cenninin səsində ciddilik hiss olunurdu. — Heç abort haqqında düşünmüsən? Bu sual Stefanini təəccübləndirmədi: — Əgər bu sualı mənə altı ay əvvəl versəydin, onda «Yox, heç vaxt!» deyə cavab verərdim. Mən hətta imanlı olmayanda belə, aborta qarşı idim. Amma o vaxt hamilə deyildim. İndi yaxşı başa düşürəm ki, nə üçün bu qədər qız aborta üstünlük verir. Çünki ilk baxışdan bu, problemin sadə həlli kimi görünür. Son vaxtlar bu fikrin beynimdə fırlanması özümü də narahat edir. — Stefani, sən... abort barədə düşünmürsən, eləmi? — Keyt təlaş içində soruşdu. — Təbii ki, yox! Heç bir halda! — Stefani qətiyyətlə sözünü kəsdi. — Abortun günah olduğunu bilirəm. Bir daha Allahın əmrini pozub vəziyyəti ağırlaşdırmaq istəmirəm. Üstəlik, indi bətnimdə canlı varlıq var. Mən həm Allahı, həm də insanları sevməliyəm. Abort sevgi deyil. — Stefani, mən sənin Allahı sevmək və Ona itaət etmək istəyinə heyranam, — Cenni dedi. — Halbuki bu, elə də asan deyil. — Mən də, — Keyt əlavə etdi. — Amma istəyirəm ki, mənə bir şeydə söz verəsən, — Cenni dedi. — Ola bilsin ki, Brent, onun ailəsi, sənin doğmaların və ya dostların abort üçün sənə təzyiq göstərəcək, ya da razı salmağa çalışacaqlar. Əgər belə təzyiqə məruz qalsan və bir anlıq olsa da, tərəddüd etsən, istəyirəm ki, gecə-gündüzdən asılı olmayaraq, mənə dərhal zəng edəsən. Söz verirsən? — Əlbəttə, — Stefani əminliklə cavab verdi. — Çox sağ ol ki, məsuliyyətimi hiss etməkdə mənə kömək edirsən. Cenni növbəti suala keçdi: — Brenti sevirsən? Onunla evlənmək istəyirsən? Stefani qaşlarını çatdı: — Məncə, mən Brenti heç vaxt sevməmişəm. Onu yaxşı tanımıram. Bu, sadəcə bir həvəs idi. Ciddi bir şey yoxdur... yalnız eqoizm. Məgər həvəsin üzərində ailə qurmaq olar? Həm də o, Qərbdə yaşayır, mən isə buradayam. Bizim bundan başqa, — o, böyüyən qarnını göstərdi, — ortaq heç nəyimiz yoxdur... — Uşağı təkbaşına böyütmək fikrindəsən? — Cenni soruşdu. — Hələ ki bilmirəm, — deyə Stefani fikirli halda tavana baxaraq cavab verdi. — Mən həmişə ana olmaq istəmişəm. Zənnimcə, ana olmaq çox gözəldir. Amma mən hələ məktəbi bitirməmişəm. İşim də yoxdur. Anamdan həm mənə, həm də uşağa dəstək olmasını xahiş etmək doğru olmaz. Bundan başqa, uşağımın işləyən ana tərəfindən böyüdülməsinin yaxşı olub-olmadığına əmin deyiləm. Bu barədə yaxşı düşünməliyəm. Cenni davam etdi: — Bəs əgər Brent və ya onun valideynləri uşağı böyütmək istəsələr, buna necə baxırsan? Stefani yenidən qaşlarını çatdı: — Mən onun valideynlərini tanımıram. Əgər uşağımı vermək qərarına gəlsəm, onun yaxşı ailədə böyüyəcəyinə əmin olmaq istəyərdim. — Deməli, sən övladlığa vermək barədə artıq düşünmüsən? — Keyt soruşdu. — Hə, başa düşürəm ki, bu, variantlardan biridir, — Stefani nəfəs alaraq dedi. — Ancaq bu məsələni dərindən araşdırmalıyam. Məncə, Brentlə də bu barədə müzakirə etməliyəm. — Yəni uşağının atası Brentin olduğuna əminsən? — Cenni soruşdu. Stefani kədərlə gülümsədi: — Mən cəmi bir dəfə cinsi əlaqədə olmuşam. Ondan sonra hamilə qaldım. Əlbəttə ki, uşağın atası Brentdir. Stefani, Cenni və Keyt daha bir saat birlikdə söhbət etdilər. Onlar Stefaninin körpəsinin gələcəyi barədə düşünərək, onun verməli olduğu bəzi qərarları müzakirə etdilər. Keyt və Cenni ona hər cür — həkimə göstərəcəyinə, doğuşdan sonra məktəblə bağlı kömək edəcəyinə, Stefani uşağını vermək qərarına gələrsə, övladlığa götürmə agentliyi ilə danışıqlar aparmağa kömək edəcəklərinə söz verdilər. Cenni, həmçinin, Stefaninin anası ilə danışanda ona nə deyəcəyini düşünməyə kömək etdi. Sonra onlar yenidən əl-ələ verib dua etdilər. Keyt və Cenni Allahdan Stefaniyə növbəti aylarda müdriklik və səbir verməsini, anası, atası, qardaşı, eləcə də Brent və ailəsi ilə söhbətlərində kömək etməsini istədilər. Stefani Cenninin evində isti və mehriban mühitdə çox qalmaq istəyərdi. Lakin o, nə etməli olduğunu bilirdi. Keyt də evə getməli idi. Çünki o və qardaşı şənbə günləri ofisin döşəmələrini yuyurdu. Stefaninin rəfiqəsi onun üçün dua edəcəyinə söz verdi. Keyt evə gedəndən sonra Stefani Cenninin maşınına minib, anası ilə danışmağa yollandılar. DÜŞÜNMƏK VAXTI Stefani hamilə olduğunu biləndə yaşadığı sarsıntının öhdəsindən gəlmək üçün təsəllidən daha böyük şeyə ehtiyac duyurdu. Yəqin siz də həmçinin. Burada daha iki vacib məqam mövcuddur. Birincisi, sizin dəstəyə ehtiyacınız var. Dəstəklə təsəlli arasında fərq nədir? İnsanlar kədərinizi bölüşməklə sizə emosional cəhətdən təsəlli verirlər. Praktiki cəhətdən kömək edəndə isə dəstək olurlar. Gündəlik həyatın yaratdığı problemlər çətin vaxtlarda da öz yerində qalır. Ancaq emosional cəhətdən daşıdığınız yükə görə onların öhdəsindən gəlmək üçün gücünüz çatmaya bilər. O zaman sizin «Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin» (Qalatiyalılara 6:2) əmrini yerinə yetirən adama ehtiyacınız var. Cenni və Keytin Stefanini necə dəstəklədiyi barədə düşünün. Onlar Stefaninin qarşısında duran bəzi məsələlərin öhdəsindən gəlməyə kömək edirdilər. Lazım olanda onu həkimə aparmağı təklif etdilər. Ona söz verdilər ki, hamiləlik zamanı və doğuşdan sonra dərslərində kömək edəcəklər. Həmçinin ona söz verdilər ki, əgər o, uşağı vermək qərarına gəlsə, övladlığa götürmə agentliyi ilə əlaqə qurmaqda kömək edəcəklər. Cenni və Keyt Stefaniyə təkcə emosional deyil, həm də praktiki dəstək verəcəklərinə əmin etdilər. Bəlkə siz başqalarının dəstəyini rədd etmək istəyəcəksiniz. Düşünərsiniz ki, hər şeyin öhdəsindən özünüz gələ bilərsiniz, ya da problemlərinizlə başqalarını narahat etmək istəməzsiniz. Amma bütün şübhələrinizi bir kənara qoyun. Allah bilir ki, bəzən həyatımızda başqalarının dəstəyinə ehtiyac duyduğumuz dövrlər olur. Buna görə də Qalatiyalılara məktubun (6:2) sözləri Müqəddəs Kitabda öz əksini tapıb. İnsanların sizə kömək etməsinə izin verin və buna görə onlara minnətdar olun. Çünki bu, Allahın sizə qayğı göstərdiyi yollardan biridir. Bəs əgər sizin praktiki köməyə ehtiyacınız varsa, amma heç kim onu təklif etmirsə, onda necə? Belə olan halda, köməyi özünüz istəyin. Probleminizi etibarlı dostunuzla, gənclər qrupunun və ya məbədin xidmətçisi ilə bölüşüb, kömək istəməkdə qəbahət yoxdur. Məsələn, Cenni Stefaniyə anası ilə söhbət zamanı iştirak etməsini təklif etməsəydi, o, bunu özü xahiş edə bilərdi. Çox vaxt insanlar kömək etməyə can atırlar, sadəcə bunu necə edəcəklərini bilmirlər. Onlara nəyə ehtiyacınız olduğunuzu bildirərək sizə dəstək olmalarına kömək edin. İkincisi, sizin ruhlanmaya ehtiyacınız var. Adətən, başqa insan sizin əhval-ruhiyyənizi qaldırmaq üçün nəsə edəndə, siz ruhlanırsınız. Dostlarının onunla görüşüb dua etmək istəyi Stefanini çox ruhlandırdı. Növbəti həftələr və aylar ərzində onların telefon zəngləri, açıqcaları, yazdıqları məktublar, Kəlamdan olan ruhlandırıcı ayələr, isti ağuşları Stefanini daha çox ruhlandıracaqdı. Bəlkə də belə ruhlandırma praktiki kömək qədər təsirli olmaya bilər. Lakin bunun əhəmiyyəti az deyil. Amma yenə də, əgər siz ehtiyac duyduğunuz ruhlandırmanı ala bilmirsinizsə, istəyin. Sizin üçün narahat olan birinə «xahiş edirəm, məni qucaqla» və ya «bir müddət yanımda qal» demək təbiidir. Stefani onu sevən iki insandan təsəlli və dəstək almasına baxmayaraq, yenə də bəzi suallara cavab verməli idi. O, təkcə öz həyatına deyil, həm də doğulmamış uşağının həyatına təsir edəcək qərarlar qəbul etməli idi. Növbəti suallar, bəlkə də, sizin üçün ağır olar. Bəlkə də onlara cavab vermək asan olmayacaq. Lakin problemin həlli məhz bu suallardan başlayır. Siz Cenni Şou və ya Keyt Holms, məbədinizin gənclər toplantısının rəhbəri, sadiq dostunuz, valideyniniz və ya pastorunuz kimi birinin köməyi ilə onlara cavab tapa bilərsiniz. Hamilə olduğunuza əminsinizmi? Aybaşı dövrünüz pozulubmu? Menstruasiyanızda gecikmə varmı? Hamiləlik testi etmisinizmi? Həkim sizi müayinə edibmi? Əgər hamilə olub-olmadığınıza dair şübhəniz varsa, yubanmadan yoxlayın. Bu sahədə köməyə ehtiyacınız varsa, dostunuzdan və ya məbəd xidmətçinizdən xahiş edin. Hamiləliyiniz barədə kim bilir? Cenninin dediyi kimi, vəziyyətinizi dərhal valideynlərinizə, eləcə də tərəf müqabilinizə və onun ailəsinə açıqlayın. Valideynlərinizlə necə söhbət edəcəyinizə dair məsləhətləri bir qədər sonra öyrənəcəksiniz. Məsələyə aid olmayan digər insanlara gəlincə, bu barədə nə vaxt və kimə danışacağınıza özünüz qərar verin. Abort haqqında fikirləşirsiniz? Abort arzuolunmaz hamiləlik üçün nisbətən sadə və asan həll yolu kimi görünür. Lakin qərar verməzdən əvvəl, bətninizdə canlı bir insan daşıdığınızı düşünün. Allah onu artıq bətninizdə görür (Zəbur 139:13-16-ya bax) və sizi ana bətnindən tanıdığı kimi, onu da tanıyır (Yeremya 1:5-ə bax). Çox güman ki, uşağınızın ürəyi artıq döyünür. Tezliklə onun hərəkət etməsini hiss edəcəksiniz. O, doğulana qədər inkişaf edəcək, sonra yetkin olana qədər böyüyəcək. Ola bilsin ki, bətninizdə yaranan həyat inkişafının ilkin mərhələsindədir. Lakin bu, insan həyatıdır. Abort etməklə siz insanı qətlə yetirəcəksiniz. Abort — insan həyatını məhv etməyin amansız yoludur. Əksər abortlar vakuum aspirasiyası ilə həyata keçirilir, yəni döl yumurtası xüsusi cihazla uşaqlıq boşluğunda vakuum yaradaraq sovurulub çıxarılır. Başqa bir üsul — dilatasiya və küretajdır (genişlənmə və qaşıma). Burada xüsusi cərrahi alətdən — küretkadan istifadə edərək, embrionu parçalayır və uşaqlıq yolundan qaşıyıb çıxarırlar. Başqa bir üsul — dölün şoran məhlulu ilə tədricən zəhərlənməsidir. Xüsusi iynə dölün kisəsinə daxil edilir və süni doğuş yaradır. Abort etdirməyi seçən qadınların çoxu uşağına qarşı etdiklərini dərk edəndən sonra uzun illər ciddi psixi və emosional problemlər yaşayır. Abort — bir gün sizə ana deyəcək birinin öldürülməsidir. Hamiləliklə əlaqədar gələcəkdə rastlaşacaq çətinliklərə görə məyus olmağınıza baxmayaraq, problemi həll etmək üçün günahsız varlığı öldürməkdən daha yaxşı yollar var. Ailə qurmaq barədə düşünürsünüz? Uşağın atası ilə evlənmək üçün hamiləliyinizi «qanuniləşdirmək»dən başqa daha tutarlı səbəbləriniz olmalıdır. Əgər aşağıdakı sualların əksəriyyətinə müsbət cavab verə bilsəniz, bəlkə də, bu variantı tərəf müqabilinizlə müzakirə etməyə dəyər. · Siz və uşağınızın atası evlənmək istəyirsinizmi? Hamilə olduğunuzu bilməzdən əvvəl ailə qurmaq fikriniz olubmu? · Siz və uşağınızın atası ər-arvad, ata-ananın məsuliyyətini üzərinizə götürəcək qədər əqli, emosional və mənəvi cəhətdən yetkinsinizmi? · Əgər siz indi evlənsəniz, bu, təhsilinizə və gələcək karyeranıza necə təsir göstərəcək? Uşağınızı maddi cəhətdən təmin edə biləcəksinizmi? · Ailə üzvləriniz və yaxın yetkin dostlarınız nikahınızın həm sizin, həm də uşağınız üçün ən yaxşı çıxış yolu olması ilə razıdırlarmı? · Ailə qurmaq və uşaq böyütmək qərarına gəlsəniz, doğmalarınız və dostlarınız sizə kömək edəcəkmi? Uşağı tək böyütməyi düşünürsünüz? Aşağıdakı suallar uşağınızı təkbaşına böyütmək imkanınızı qiymətləndirməyə kömək edəcək. · Əgər uşağı təkbaşına böyütmək qərarına gəlsəniz, bu, təhsilinizə və gələcək karyeranıza necə təsir göstərəcək? Bəs uşağınıza necə təsir edəcək? · Harada yaşayacaqsınız? Uşağı maddi cəhətdən təmin edə biləcəksinizmi? · Siz məşğələlərdə və ya işdə olarkən körpəyə kim baxacaq? Uşaq bağçasına necə baxırsınız? Bu sizin üçün ideal, məqbul və ya əksinə, tamamilə qəbuledilməz variantdır? · Əgər siz uşağı atasız böyütmək niyyətindəsinizsə, bu rolu qismən öz üzərinə götürə biləcək kimsəni (bu, atanız, böyük qardaşınız və ya başqa bir yetkin imanlı ola bilər) tanıyırsınızmı? · Uşağı tək böyütmək üçün kifayət qədər əqli, emosional və ruhani cəhətdən yetkinsinizmi? Uşağınızın adekvat emosional, fiziki və ruhani inkişafını təmin etmək gücündəsinizmi? · Əgər uşağı təkbaşına böyütmək qərarına gəlsəniz, qohumlarınız və dostlarınız sizə kömək edəcəkmi? Uşağınızı övladlığa verməyi düşünürsünüz? Əgər siz bu yolu seçsəniz, övladınız başqa ailədə böyüyəcək. Bəzi hallarda övladlığa götürmə prosesi açıq şəkildə keçirilir. Siz övladlığa götürən potensial valideynlərlə görüşür və onlarla daim əlaqə saxlayırsınız. Digər hallarda, onlar haqqında heç nə — nə adlarını, nə də yaşayış yerlərini bilirsiniz. Əgər münasib ailəni tapa bilsəniz, bu seçimi edərdinizmi? Aşağıdakı suallara cavab verməyə çalışın. · Bu variantın imtiyazlarından xəbəriniz varmı? Məsələn, üstünlüklərdən biri məktəbi bitirmək, karyera qurmaq imkanı olacaq. Müxtəlif sahələrdə bütün üstün və mənfi — təhsil, maddi, emosional, ruhani cəhətləri nəzərdən keçirin. · Bütün üstünlükləri və mənfi cəhətləri nəzərə alandan sonra, bu seçim digərləri ilə müqayisədə necədir? · Ailəniz və yetkin dostlarınız uşağınızı himayədarlığa verməyin sizin və onun üçün ən yaxşı seçim olduğuna razıdırlarmı? Bu qərarları bir neçə saat və ya gün ərzində vermək məcburiyyətində deyilsiniz. Bu barədə dua edərək düşünün, ailə üzvləri və yaxın dostlarınızla ​​məsləhətləşin, qərarınızın Allaha məqbul olduğunu və uşaq üçün ən yaxşı seçim olacağına əmin olun. Bu proses, adətən, valideynlərinizə hamiləliyiniz barədə məlumat verməklə başlayır. Stefaninin edəcəyi də məhz elə budur. STEFANİNİN HEKAYƏSİ Stefani anasına hər şeyi danışmaq məcburiyyətində olduğunu düşünəndə dəhşətə gəldi. Cenni Stefaniyə xəbərdarlıq etdi ki, valideynləri də onun yaşadığı eyni hissləri — utancaqlıq, qorxu, təqsir, qəzəb hissi yaşaya bilərlər. Onlar hətta hiddətlənə və qızı tərəfindən xəyanətə uğradıqlarını hiss edə bilərlər. — Eynən sənin kimi, hamiləliyinə öyrəşmək və onun nəticələrinə hazırlaşmaq üçün valideynlərinə vaxt lazımdır, — Cenni maşında ona dedi. Amma Stefani yenə də bu xəbərlə anasını yükləmək istəmirdi. Nəhayət, onlar evə çatdılar. Stefaninin anası Kler işlərinin dalınca getməyə hazırlaşırdı. — Ana, Cenni ilə mənim sənə sözümüz var, — Stefani dedi. — Biz beş dəqiqəlik əyləşə bilərik? Qızının ciddi siması və Cenninin gəlişi Kleri bir az narahat etdi. O, söhbət etməyə razılaşdı. Stefani dərindən nəfəs alıb dedi: — Dünən... hamilə olduğumu bildim. — Sən hamiləsən? Stefani, niyə... axı necə?.. — Klerin üzündə çaşqınlıq hiss olunurdu. Stefani qısa şəkildə iyun ayında Brentlə görüşü və hamiləlik testinin nəticələri haqqında danışdı. Ana heyrətlənmiş halda dillənmədən ona qulaq asırdı. — Ana, səni bu qədər incitdiyimə görə məni bağışla, — göz yaşları süzülə-süzülə Stefani davam etdi. — Mən belə olmasını istəmirdim. Ciddi səhvə yol vermişəm. Cenninin köməyi ilə mən günahımı Allaha etiraf etdim və Ondan bağışlanma dilədim. Bilirəm ki, bu sənin üçün də çətin olacaq. Mən səndən də üzr istəyirəm. Kler ağladı. — Əlbəttə, mən səni bağışlayıram, Stefani, — anası dedi. — Çox üzülsəm də, səni bağışlayıram. Ana-bala bir-birilərinə sarılaraq ağlamağa başladılar. Onlar göz yaşlarını siləndə, Cenni dedi: — Kler, biz Stefani ilə birlikdə onun hamiləliyinin həm özünün, həm də sizin üçün təsirləri barədə müzakirə etdik. Lazımi və düzgün qərarları qəbul etmək üçün onun vaxta və dəstəyinizə ehtiyacı var. Məncə, o, fikirlərini sizinlə bölüşsə, yaxşı olar. Cenni Stefaniyə başı ilə işarə etdi. — Ana, istəyirəm biləsən ki, mən abort etməyəcəyəm, — qız qətiyyətlə dedi. — Bu, doğru deyil. — Belə seçim etdiyinə görə sevinirəm, qızım, — Kler dedi. — Uşağa görə üzərinə böyük məsuliyyət düşsə də, bilirəm ki, Allah qərarını bəyənir. Stefani davam etdi: — Mən Brentlə evlənmək fikrində də deyiləm... ən azından indi. Biz bir-birimizi sevmirik və ailə qurmaq üçün hazır deyilik. Məncə, Brent bununla razılaşacaq. Ümid edirəm ki, sən onunla və ailəsi ilə danışmaqda mənə kömək edəcəksən. — Əlbəttə, — Kler onu əmin etdi. — Yaxşı, bəs uşaqla bağlı hansı planların var? Stefani bilirdi ki, onun cavabı həm anasına, həm atasına, həm də digər ailə üzvlərinə çox təsir edəcək. Çünki uşaq təkcə onun övladı deyil, həm də valideynlərinin ilk nəvəsi olacaq. — Hələ bilmirəm, — deyə Stefani cavab verdi. — Ümid edirəm ki, sən də mənimlə birgə bu barədə dua edəcəksən və biz uşağı saxlamaq, yoxsa onu himayədar ailəyə vermək haqqında düşünüb, birlikdə müzakirə edəcəyik. Bilirəm ki, bu, həyatımdakı ən çətin qərar olacaq. Amma hər şeyi götür-qoy edib, doğru addım atmaq istəyirəm. Kler razılaşaraq başını tərpətdi: — Mənə hörmət edib saydığına görə çox sağ ol. Mənim üçün bu, çox vacibdir. Sonra üçü də bu hamiləliyin nəyə gətirib çıxara biləcəyini təxminən bir saata yaxın müzakirə etdilər. Stefani payız semestrində təhsilə başlamaq istədiyini bildirdi. Cenni Klerə və Stefaniyə bu məsələni bazar ertəsi məktəb rəhbərliyi ilə müzakirə etməyi tövsiyə etdi. Sonra bu xəbəri atasına və qardaşına necə çatdıracağı barədə danışdılar. Sonda belə qərara gəldilər ki, onlara zənglə bildirmək kifayət edər. Stefani Brentə də zəng edəcəyini söylədi və anasının həmin vaxt yanında olmasını istədi. Daha sonra təkbaşına uşaq böyütməyin, başqa ailəyə övladlığa verməyin müsbət və mənfi tərəflərini ölçüb-biçdilər. Söhbət Stefaninin təhsili və karyerası ilə bağlı planlarına keçdi. Onlar bu variantların hər ikisinin buna necə təsir edəcəyini müzakirə etdilər. Cenni getməzdən əvvəl dua edərək Allahdan hikmət və rəhbərlik istədi. Ana-bala isə söhbətə davam etdilər. Stefani ötən gün baş verənləri xatırlayaraq, uzun müddət gözünə yuxu getmirdi. Atası, sonra isə qardaşı Co ilə danışması onu daha da ağlatdı. Bu xəbəri eşidən atası çox qəzəblənmişdi. Qardaşının reaksiyası isə təkəbbürlü və laqeyd olmuşdu. Stefani dua edirdi ki, Allah onun üçün vacib olan bu münasibətləri qurmaqda kömək etsin. Stefani həkimə zəng edib özü ilə danışmağı təklif edənə qədər Brent ona inanmamışdı. Oğlan böyük çaşqınlıq içində idi, nə deyəcəyini bilmirdi. Stefani ondan xahiş etdi ki, valideynləri ilə danışsın və bir neçə gündən sonra ona zəng vursun. Yuxuya getməzdən əvvəl Stefani bir daha əllərini qarnına qoydu. O, körpəsinin indi necə göründüyünü və doğulandan sonra necə olacağını təsəvvür etməyə çalışırdı. Görəsən, oğlan olacaq, yoxsa qız? O, daha çox kimə bənzəyəcək — ona, yoxsa Brentə? O, başqa ailədə daha xoşbəxt olacaq, yoxsa nəyin bahasına olursa-olsun, uşağı böyütməyi öz üzərinə götürməlidir? Suallar bir-birinin ardınca beynində dolaşırdı, lakin cavab yox idi. Bütün bunlara baxmayaraq, çətin vəziyyətdə onun tək olmaması ona ümid verirdi. O bilirdi ki, ruhani nəsihətçisi Cenni Şou, ən yaxşı dostu Keyt və anlayışlı anası sayəsində düzgün yoldadır. DÜŞÜNMƏK VAXTI Valideynlərinizə hamiləliyiniz haqqında mümkün qədər tez məlumat verməyiniz, bunun sizə və onlara necə təsir edəcəyini birlikdə müzakirə etməyiniz çox vacibdir. Aşağıda bu söhbətə hazırlaşmağınıza kömək edəcək bəzi məsləhətlər verilib. Söhbət zamanı başqasının sizinlə olmasını istəyib-istəmədiyinizə dair qərar verin. Nəsihətçisi Cenni Şounun iştirakı və ruhlandırması Stefaniyə çox kömək oldu. Ola bilsin ki, valideynlərinizlə danışdığınız vaxt başqasının yanınızda olması sizi daha da ruhlandıracaq. Əgər probleminizi Cenni kimi biri ilə — ruhani nəsihətçi, böyük dostunuz və ya məbədin xidmətçisi ilə bölüşsəniz, onlar valideynlərinizlə danışmaqda sizə kömək etməyə razı olarlar. Danışmaq üçün mümkün qədər tez vaxt təyin edin. Valideynləriniz və ya ruhani nəsihətçinizlə danışmağı çox ertələməyin. İmkan verməyin ki, onlar hamiləliyiniz barədə başqa mənbələrdən öyrənsinlər. Danışmaq üçün münasib vaxt və yer təyin edin ki, sizi heç nə yayındırmasın. Valideynlərinizə belə deyə bilərsiniz: «Sizinlə vacib söhbətim var. Biz nə vaxt və harada oturub söhbət edə bilərik?» Səmimi olun. Birbaşa mətləbə keçin. Söhbət zamanı ya siz, ya da söhbətdə iştirak etməyə razı olan şəxs hamilə olduğunuzu valideynlərinizə (və ya ruhani nəsihətçinizə) birbaşa söyləməlisiniz (söyləməlidir). Üstüörtülü deyil, açıq danışın, məsələnin ətrafında fırlanmayın. Əks halda, hər kəs başınıza gələnləri daha da ağrılı qəbul edəcək. Peşman olduğunuzu bildirin. Siz onların qızı olduğunuz üçün valideynləriniz uzun müddət sizin yaşadıqlarınızı yaşaya bilər. Səhviniz ucbatından onları üzdüyünüzə və yaşanacaq çətinliklərə görə peşmansınızmı? Stefani Kuper kimi onlara peşman olduğunuzu söyləyin. Mümkün seçimlər barədə valideynlərinizlə danışın. Onlara abort, nikah, təkbaşına uşaq böyütmək və ya uşağı başqa ailəyə vermək haqqında fikirlərinizi bildirin. Uşağı tək (yaxud ailə qurarsınızsa, atası ilə birlikdə) böyütməyə və ya başqa ailəyə övladlığa verməyə qərar verərkən, onlardan məsləhət və kömək istəyin. Valideynləriniz xəbəri digər ailə üzvlərinə, uşağın atasına və onun valideynlərinə çatdırmaqda sizə kömək edə bilərlər. Qarşıdakı aylarda ananız və atanızdan nəzakətlə dəstək istəyin. Söhbətinizi dua ilə bitirin. Əgər valideynləriniz məsihçidirsə, onlardan sizinlə birlikdə dua etmələrini xahiş edin. Hamiləlik və doğuşla bağlı problemləri həll edəcəyiniz dövrdə Allahdan rəhbərlik və kömək istəyin. Valideynlərinizin hisslərinə hörmətlə yanaşmaqla və məsləhətlərinə qulaq asmaqla siz uzun müddət onların dəstəyini alacaqsınız. Stefani ilə olduğu kimi, doğmalarınızın tərəfinizi tutduğunu bilmək emosional yükünüzün azalmasına kömək edə bilər. STEFANİNİN HEKAYƏSİ Stefani Cenniyə son xəbəri çatdırmaq üçün onunla birlikdə maşına minənə qədər gözlədi. Kler bu gün işə getməli idi. Ona görə Cenni Stefanini hamiləliyinin altıncı ayında müayinəyə aparmağa razı olmuşdu. Stefani əlini böyümüş qarnına qoyaraq dedi: — Bu qızdır. Bu dəfə şəkil aydın idi. Həkim dedi ki, hər şey qaydasındadır. Uşaq sağlamdır və yaxşı inkişaf edir. — Qız! Nə gözəl, — Cenni sevinclə dedi. — Bəs özün yaxşısanmı? — Mən? Bəli, yaxşıyam. Həkim dedi ki, bir az kökəlmişəm, amma qorxusu yoxdur. — Yox, mən uşağının qız olduğunu biləndə emosional vəziyyətini nəzərdə tuturam, — deyə Cenni təkid etdi. — Qız olması qərarına təsir edəcəkmi? Stefani bir anlıq fikrə getdi: — Əslində, qızım olacağını hiss edirdim. Buna görə çox sevinirəm. Təbii ki, bir tərəfdən onu özüm böyütmək istəyərdim. Amma anamla bu haqda çox danışdıq, dua edib, birlikdə ağladıq. Mən əminəm ki, övladım üçün ən yaxşısı — onu sevən, qayğısına qalan, ata və ana olan ailədə böyüməkdir. Buna görə belə qərara gəldik ki, onu yaxşı himayədar ailəyə verək. — Bəs Brent və onun valideynləri razıdırlarmı? — deyə Cenni soruşdu. — Bəli. Əgər uşağın atası mənim evlənmək istədiyim şəxs olsaydı, hər şey başqa cür olardı. Amma Brentlə evlənmək fikrində deyiləm. Həm də təkbaşına uşaq böyütməyə hazır olsaydım, hər şey başqa cür olardı. Mən isə buna hazır deyiləm. Ailələrimiz razıdırlar ki, uşaq mənim və ya Brentin ona verə biləcəyindən daha yaxşısına layiqdir. Cenni bir dəqiqəlik susdu. — Stefani, sevinirəm ki, uşağın maraqları sənin istəklərindən daha vacibdir. Bu sözlər Stefanini ruhlandırdı. — Təşəkkür edirəm. Amma sən, anam və Keyt kimi insanlar yanımda olmasaydı, mən bu vəziyyətin öhdəsindən gələ bilməzdim. Sizin dəstəyiniz qərar verməkdə mənə çox kömək oldu. Cenni minnətdarlıqla başını tərpətdi. Sonra soruşdu: — Bəs məktəbdə vəziyyət necədir? — Hər şey yaxşıdır. Doğuşa qədər dərsə gedəcəyəm. Uşaq olandan sonra evdə oxuyacağam. Doğuşdan bir neçə həftə sonra isə məktəbə qayıtmalıyam ki, hamı ilə birlikdə təhsilimi başa vura bilim. — Sənə görə çox sevinirəm, Stefani, — Cenni dedi. — Deyəsən, hər şey yaxşı gedir. — Bəli, — Stefani razılaşdı. — Son bir neçə ayda Romalılara məktubun səkkizinci fəslinin iyirmi səkkizinci ayəsi mənim üçün xüsusi məna kəsb edir. Allah başıma gələn ən pis vəziyyəti və onun nəticələrini mənim xeyrimə çevirdi. Cenni gülümsədi: — Bax, bu yaxşı xəbər oldu, Stefani. DÜŞÜNMƏK VAXTI Hamiləlik və onun nəticələri ilə əlaqədar üzləşə biləcəyiniz bütün çətinliklərə baxmayaraq, sizin üçün yaxşı xəbər var. Allahın sizə olan məhəbbəti dəyişməyib. Allahın İsrailə dedikləri sizin haqqınızda da doğrudur: «Səni əbədi bir məhəbbətlə sevdim...» (Yeremya 31:3). Məzmurçunun dedikləri bu gün də doğrudur: «Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!» (Zəbur 107:1). Allah sizi hamilə qalmazdan əvvəl sevdiyi kimi indi də sevir. Allah bu vəziyyətdən sizin xeyrinizə istifadə edəcək. Romalılara məktub (8:28) Stefani üçün ruhlandırıcı mənbə idi. Həmin yer sizin üçün də belə ola bilər: «Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir». Allah sizin probleminizi yaratmayıb. Amma O, məhəbbətli və qüdrətli olduğu üçün hər şeyi sizin, uşağınızın və ailənizin xeyrinə dəyişə bilər (Yaradılış 50:20-yə bax). Zaman yaralarınızı sağaldacaq. Hazırda yaşadığınız kədər və məyusluq sonsuza qədər davam etməyəcək. Vəziyyət nə qədər çətin olursa olsun, hər gün öhdəsindən gəlmək daha asan olacaq. Zəbur kitabının otuzuncu məzmurunun beşinci ayəsində deyilir: «...Kimin bir gecə gözündən yaş tökülərsə, onun üçün sübh tezdən sevinc doğar». Bir gün — bəlkə də bu, elə tez baş verməyəcək, amma gec-tez — ağrınız keçib gedəcək. Təsəlli almaq üçün siz indi duada Allaha müraciət edib, şəfa prosesinə başlaya bilərsiniz. Aşağıdakı sözlər sizə fikirlərinizi və hisslərinizi Ona bildirməyə kömək edəcək: Ya Rəbb, Sənin Kəlamında deyilir ki, Sən sınıq qəlblərə şəfa verər, yaralarını sarıyarsan. Mənim indi bunlara ehtiyacım var. Mən... hiss edirəm. Eləcə də Müqəddəs Kitab deyir ki, Sən çəkdiyimiz hər bir əziyyətdə bizə təsəlli verirsən. Səndən təsəlli istəyirəm... Ya Rəbb, həmçinin Sənin Kəlamın bizi bütün qayğı yükümüzü Sənə ötürməyi səsləyir, çünki bizim qayğımıza qalan Sənsən. Bunu edə biləcəyəmi bilmirəm, amma, həqiqətən cəhd etmək istəyirəm. Mənim o qədər dərdim və problemim var ki! Yükümü Sənə vermək üçün onların hamısını Sənin öhdənə buraxmağıma kömək et. Kömək et ki, Sənə güvənə bilim. Çünki Sən hər şeyi daha yaxşı edirsən. Məni çox sevən və mənim uğrumda ölən İsa Məsihin adı ilə mənə kömək et. Amin. MÜƏLLİFLƏR HAQQINDA Coş Makdauell Amerikada tanınmış vaiz, yazıçı, eləcə də dünyanın müxtəlif yerlərində müjdəçilik və şagirdliklə məşğul olan «Campus Crusade for Christ» beynəlxalq missioner təşkilatının nümayəndəsidir. O, 128 dilə tərcümə edilmiş 150-dən çox kitabın müəllifi və həmmüəllifidir. Coş və həyat yoldaşı Dotti təxminən yarım əsrdir ki, evlidir. Onların dörd övladı və on nəvəsi var. Ed Styuart bir çox məsihçi kitabının müəllifi və həmmüəllifidir. Böyük yazıçılıq təcrübəsinə malik olan Ed Styuart Coş Makdauell ilə birlikdə gənclər üçün bədii ədəbiyyat üzərində çalışmışdır. Sonradan böyüklər üçün də dörd triller-romanı yazmışdır. Ed və həyat yoldaşı Kerolun iki böyük övladı və dörd nəvəsi var.